Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cahangir Hacıyev və digər 7 nəfərin məhkəmə istintaqı başa çatdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev etiraz edib.
O, məhkəmə iclaslarının sürətli şəkildə və həftədə üç dəfə keçirildiyini deyib: “Biz buna görə hüquqlarını müdafiə etdiyimiz şəxslə məsləhətləşə bilmirik”.
Hakim bütün vəsatətlərə iş materialları tədqiq olunduqdan sonra baxılacağını deyib.
Daha sonra cinayət işində olan sənədlərin tədqiqi davam etdirilib.
C.Hacıyev bankın sənədlərinin məhkəməyə gətirilməsini istəyib. O, həmin sənədlərdə bütün kredit şərtlərinin göstərildiyini bildirib:
“Beynəlxalq Bankda kreditlərin verilməsi əmrlə deyil, İdarə Heyətinin qərarı ilə rəsmiləşdirilib. Həmin qərarlar isə verilən zaman sənəddə katibin adı yazılır. Orada mənim adım yazılmayıb”.
Vəkil A.Layicovun digər vəsatəti Dünyamin Xəlilov və Xəqani Bəşirov adlı şəxslərin məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı olub. O, bankdan ayrılan kreditlərin şəxsi məqsədlərə deyil, layihələrə xərcləndiyini deyib:
“Bu barədə məlumatı Dünyamin Xəlilov da təsdiqləyə bilər. Xarici layihələrə isə Xəqani Bəşirov rəhbərlik edib. Ona görə də bu adamların işin obyektiv araşdırılması üçün məhkəmədə ifadə vermələrini istəyirik”.
Günün ikinci yarısında davam etdirilən prosesdə vəsatətlərin təmin oulnmadığı elan edilib. Daha sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar verilib. Prokuror çıxış üçün vaxt istəyib.
Proses sentyabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
C.Hacıyev və digər 7 şəxsin – Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Milli Şura üzvləri polisə çağırılır

%d bloqqer bunu bəyənir: