Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
cahangirhaciyev4rf3-1

Cahangir Hacıyev siyasi məhbus elan edilə bilərmi?

Novella Cəfəroğlu: “Bu adam sırf yeyinti məsələsinə görə həbsdədir, xalqın pullarını talayıb”;

Mirvari Qəhrəmanlı: “Onun məhkəməsinin bu şəkildə aparılması klanlararası mübarizənin təzahürüdür”
Oktyabrın 12-də Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb. C.Hacıyev rəhbərlik etdiyi bankın 400 milyon manatını mənimsəməkdə ittiham edilirdi.
Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva qərarı sifarişli adlandıraraq məhkəmə hökmündən apelyasiya şikayəti verəcəyini bildirib. Cahangir Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir neçə maddə üzrə ittiham olunurdu. Ötən ilin mart ayında vəzifəsini tərk edən Cahangir Hacıyev 2016-cı ilin dekabrında həbs olunub. C.Hacıyevin barəsindəki hökmü yaxınlarının “sifariş” hesab etməsinin ardından onun qarşıdakı 3-5 il ərzində azad ediləcəyi haqda məlumatlar da yayılıb. 15 il ölkənin ən böyük bankına rəhbərlik etmiş C.Hacıyevin siyasi məhbus elan edilərək azad ediləcəyini də söyləyənlər var.
Hüquq müdafiəçiləri Cahangir Hacıyevin yaxın illərdə siyasi motivlərlə həbs edilmiş biri kimi azadlığa buraxılacağı haqda məlumatları bölüşmürlər.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, Cahangir Hacıyevin siyasi məhbus hesab olunması mümkün deyil:
“Cahangir Hacıyev millətin pullarını talayıb və buna görə həbs olunub. Onu hansı əsasla siyasi məhbus hesab edə bilərlər? Bu adam sırf yeyinti məsələsinə görə həbsdədir. Onu digərləri ilə qarışdırmaq olmaz. Məsələn, deyə bilərlər ki, Əli İnsanovun da işində yeyinti məsələsi vardı. Amma onun işində situasiya fərqli idi. Əli İnsanova ilkin olaraq hakimiyyəti zorla ələ keçirmə ittihamı vermişdilər, sonradan isə iqtisadi sahədə cinayətkarlıqla əlaqəli ittihamlar da əlavə edilmişdi. Cahangir Hacıyev isə şəbəkə şəklində, bir çox adamlarla əlbir olmaqla Beynəlxalq Bankı talayıb. Hesab edirəm ki, bu gün onunla birgə həbsdə olmalı çox şəxslər var”.
N.Cəfəroğlu deyib ki, C.Hacıyevin barəsində ittihamedici hökmün çıxarılmasını düzgün sayır. Amma bununla belə, məhkəmənin ümumilikdə düzgün aparılmadığını, əsassız olaraq C.Hacıyevin vəkillərinin vəsatətlərini təmin etmədiyini qeyd edib: “Cahangir Hacıyevin məhkəməsində adını çəkdikləri məmurları bir-bir çağırıb dindirməli, onun oğurluqlarına göz yumanları da qandallamalı idilər. Məhkəmə hökmü ədalətə əsaslanıb çıxarılmalı idi. Özünü isə istənilən halda tutmalıydılar. Bankın pullarını taladığına görə həbsə göndərilməli idi”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da Cahangir Hacıyevin siyasi məhbus adı verilməklə azad ediləcəyi haqda məlumatları bölüşmür: “Cəmiyyətə konkret olaraq siyasi məhbus və vicdan məhbusu kriteriyaları haqda bilgi verilməlidir. Cahangir Hacıyevin siyasi məhbus elan edilməsi absurd ola bilər. Siyasi məhbus o şəxsdir ki, həbsində siyasi motivlər olsun. Cahangir Hacıyevin həbsində belə motivlər yoxdur. Onun həbsində siyasi çalarlar da yoxdur. Bəlkə gələcəkdə elə bir məsələ, fakt ortaya çıxara bilərlər ki, onun siyasi məhbus olması təsdiqlənər”.
M.Qəhrəmanlıya görə, C.Hacıyevin və başqalarının işi üzrə məhkəmənin qeyri-obyektiv aparılmasını siyasi sifarişin nəticəsi olması haqda fikirləri də bölüşmür. Bildirir ki, C.Hacıyevin işi üzrə məhkəmənin bu şəkildə aparılması klanlararası mübarizənin təzahürüdür: “Onu həbs edib digərilərinin kənarda saxlanılması da klanlararası mübarizənin təzahürüdür. Bu gün Eldar Mahmudovu niyə həbs etmirlər? Onun işdən qovulmasından, komandasının həbsindən 1 il keçdi. Çünki Eldar Mahmudovun həbsi zəncirin digər halqalarının da ortaya çıxması deməkdir. Bu isə araşdıranlar üçün yaxşı nəticə verməz. Bu qədər cinayətlə Eldar Mahmudovun kənarda qalması o deməkdir ki, zəncirin halqaları çox uzaqlara uzanır”.
M.Qəhrəmanlı Cahangir Hacıyevin 3-5 ilə azad edilə biləcəyini də istisna etmir: “Bura Azərbaycandır. Hakimiyyətdəkilərə lazım olsa, onu Ali Məhkəmənin, Apelyasiya Məhkəməsinin bir qərarı ilə açıb buraxa bilərlər. Sanki heç həbs etməyiblər. Ölkədən çıxarılan milyardların isə böyük hissəsi geri qayıtmayacaq. Cahangir Hacıyevin həbsdə olması, azadlığa buraxılması də heç nəyi dəyişmir”.

Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum olunub.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

İlham Əliyev: “Qarabağ muxtar respublika ola bilər”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: