Loading...
Loading...

Cahangir Hacıyev məhkəmə qarşısında…

Beynəlxalq Bank işi üzrə məhkəmə prosesi başladı; təqsirləndirilən 8 nəfərdən biri həm də qanunsuz silah saxlamaqda ittiham olunur

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin sədri Cahangir Hacıyevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.

Amma bu işdə Cahangir Hacıyev yeganə təqsirləndirilən deyil. Onunla yanaşı, daha yeddi nəfər də məhkəmə qarşısına çıxarılıb. Bunlar müxtəlif vaxtlarda Beynəlxalq Bankın Mərkəz filialının direktoru olmuş Anar Sultanov, Yusif Ələkbərov, həmin filialın müdiri olmuş Ilqar Abdullayev, bankın Nəqliyyat filialının keçmiş direktoru Kənan Orucov, AFB Bankın Müşahidə Şurasının sədri Məmməd Cahangirov, “Inter Security”nin keçmiş rəhbəri Ibrahim Hüseynov və Fındıq Emalı Müəssisəsinin direktoru Azad Cavadov da var.

Təqsirləndirilən şəxslərin dördü – Cahangir Hacıyev, Ilqar Abdullayev, Yusif Ələkbərov və Ibrahim Hüseynov həbsdədir. Digərlərinin barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Dünən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Bu zaman məlum olub ki, Ibrahim Hüseynovun vəkili məhkəmədə iştirak etmir.

Hakim bildirib ki, vəkillə əlaqə saxlayaraq, ona məhkəmənin vaxtı barədə məlumat veriblər. Amma müdafiəçi rayonda olduğunu, bu səbəbdən prosesdə iştirak edə bilməyəcəyini deyib. Ona görə də məhkəmə Ibrahim Hüseynovun müdafiəsi üçün ona dövlət hesabına vəkil dəvət edib.

Lakin Ibrahim Hüseynov öz vəkili olduğunu, yaxınlarının onunla müqavilə bağladığını deyib, dövlət hesabına müdafiəçidən imtina edib.

Belə olan halda, təqsirləndirilən şəxslərdən biri vəkilsiz qaldığından məsələ müzakirəyə çıxarılıb. Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov bu vəziyyətdə məhkəmənin davam etdirilməsinə etiraz edib.

“Bu kompleks işdir. Məsələn, bizim hazırlıq iclasında bir sıra vəsatətlərimiz olacaq. Həmin vəsatətlərdə elə məsələlər var ki, digər təqsirləndirilənlər üçün də həyati əhəmiyyət kəsb edir. Ona görə təqsirləndirilən şəxsin müdafiəçisi olmadan prosesin davam etdirilməsini doğru saymıram. Hazırlıq iclası təxirə salınmalıdır”, – deyə Aqil Layıcov bildirib.

Bu məsələdə vəkillər arasında yekdil fikir olmayıb. Müdafiəçilərin bir qismi prosesin təxirə salınmasını istəsə də, digərləri bu vəziyyətdə davam etdirilməsində problem görməyib.

Amma dövlət ittihamçısı Fərid Nağıyev də hazırlıq iclasının bu vəziyyətdə davam etdirilməsini məqbul saymayıb: “Hesab edirəm ki, qısa müddətə – yaxın günlərə təxirə salına bilər. Çünki şəxs dövlət hesabına vəkildən də imtina etdi. Əgər növbəti iclasda da müqavilə bağladığı vəkil gəlməsə, o halda, bu məsələ müzakirə olunub qərar verilə bilər”.

Hakimlər kollegiyası da hazırlıq iclasının təxirə salınması barədə qərar qəbul edib. Proses avqustun 17-nə qədər təxirə salınıb.

Xatırladaq ki, Cahangir Hacıyev ötən ilin dekabrında həbs olunub. Ona və digər 7 nəfərə qarşı CM-nin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslərdən birinə qarşı ittihamlar sırasında qanunsuz silah saxlama da var.

Aytən

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycanda daha bir tarixi tapıntı

Loading...
%d bloqqer bunu bəyənir: