Loading...
Loading...

“Cəmiyyətin gözünü qorxutmağa çalışırlar”

“Hakimiyyət həbsləri həyata keçirməklə ictimai diqqəti referendumdan yayındırmağa çalışır”.

Bunu REAL (Respublikaçı Alternativ) Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı son günlər siyasi fəalların həbs edilməsini Arqument.Az-a şərh edərkən deyib.
Azər Qasımlı
Onun sözlərinə görə, REAL-a və digər siyasi təşkilatlara təzyiqlər də bu müstəvidədir: “Hakimiyyət çox sakit şəkildə referendum keçirmək istəyir. Yəqin referendumdan sonra da növbədənkənar prezident seçkiləri keçirib İlham Əliyevin 7 il prezident seçilməsini təmin edəcəklər. Bu baxımdan həbslər həm qorxu yaratmağa, həm də diqqəti referendumdan yayındırmaq, ictimai müzakirə olmadan seçkinin baş tutmasını reallaşdırmağa hesablanıb. Hakimiyyətin hazırda REAL-a təzyiqləri də məhz bu müstəvidədir. Çünki həbs olunan REAl-çılar Respublikaçı Alternativ Təşəbbüs Qrupunun 200 nəfərdən ibarət olan üzvlərindəndir və hətta Toğrul İsmayılov bizim səlahiyyətli nümayəndəmizdir. Gənclər REAL-ın yenicə çapdan çıxan təşviqat materiallarını (flayerləri) mətbəədən götürərəkən mülki geyimli şəxslər tərəfindən saxlanılıblar. 100 min flayerlərimiz isə yenidən müsadirə edilərək götürülüb. Görünən odur ki, hakimiyyət tələsir, çünki heç bir ictimai müzakirə olmadan özləri tələsik Konstitusiyada dəyişikliklər barədə qərar verdilər. İndi də bunu sakit şəkildə həyata keçirmək istəyirlər”.
Yadigar Sadıqov: “Siyasi fəallığı söndürməyə çalışırlar”
Yadigar Sadıqovdan 28 May tədbiri ilə bağlı qalmaqala açıqlama
Yadigar Sadıqov
Müsavat başqanının müavini Yadigar Sadıqov isə hesab edir ki, hakimiyyət seçkiöncəsi cəmiyyətdə qorxu yaratmaq istəyir: “Belə görünür ki, referendum və sonra ehtimal olunan növbədənkənar seçkiləröncəsi siyasi fəallığın artması perspektivi hakimiyyəti narahat edir. O səbəbdən də həbslərlə cəmiyyətin gözünü qorxutmağa, siyasi fəallığı söndürməyə çalışırlar”.
Ülvi Həsənli: “Bu metodlar çıxış yolu ola bilməz”
N!DA-nın daha bir namizədi qeydiyyata alınmadı
Ülvi Həsənli
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli isə son günlər həyata keçirilən həbsləri ölkəni yaxın gələcəkdə gözləyən ağır iqtisadi böhranla əlaqələndirib: “Qarşıda ölkəni daha ağır bir sosial-iqtisadi böhran gözləyir. Hökumət bunu bizdən də yaxşı bilir. Ona görə siyasi fəalları həbs etməkdə davam edirlər ki, gərgin böhran dövründə olacaq problemlərin qarşısını alsınlar. Amma başa düşmürlər ki, müxalifəti məhv etməklə, yaxud həbsxanalara doldurmaq o problemləri həll edə bilməyəcək. Bu metodlar çıxış yolu ola bilməz. Pul çox olan dövrlərdə ağıllı görünə bilərdi, amma böhran dövrü üçün ən ağılsız yoldu. Görünür, hakimiyyət elan etdiyi kimi repressiyalardan əl çəkməyib, əksinə şiddətləndirməyə başlayıb. Amma onsuz da tam sıxılmış vəziyyətdə olan müxalifəti bundan da artıq sıxmaq mümkün olmayacaq. Bu həbslərdə məqsəd həm də narazılıqların artdığı bir dövrdə müxalif təşkilatlara qoşulan insanları qorxutmaqdır”.
Qeyd edək ki, avqustun 12-si gecə saatlarında REAL Hərəkatının icra katibi Natiq Cəfərli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Ona Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və Nəsimi Rayon Məhkəməsi barəsində 4 ay həbs-qətimkan tədbiri seçib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin Xətai şöbəsinin fəalı Məsud Rzalı isə bir neçə gün öncə 30 gün inzibati həbs cəzası alıb. Həmçinin NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman 12 avqust tarixində mülki geyimlilər tərəfindən saxlanılaraq, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.
Ötən gün isə məlum olub ki, Nərimanov rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsinə ilə Elgiz Qəhrəman haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ötən gün axşam saatlarında isə REAL (Respublikaçı Alternativ) hərəkatının üzvləri Elşən Qasımov və Toğrul İsmayılov kimliyi bəlli olmayan mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bu gün Səbael Rayon Məhkəməsi Toğrul İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisə tabe olmamaq) 7 sutka inzibati həbs qərarı çıxarıb.
Müxalifət – Müsavat, AXCP və REAL Hərəkatı bəyanat verərək həbsləri siyasi sifariş hesab edib.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Həbsdəki MTN generalı kassasiya şikayəti verir

Loading...
%d bloqqer bunu bəyənir: