Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
cemil-hesenli-itv5-300x225

Cəmil Həsənli Eynulla Fətullayevi məhv etdi

“O şəxsi mən elmi oğurluq üstündə tutmuşam, qarşımda hönkür-hönkür ağlayıb”.

Dostlar! Eynulla Fətullayevin bizim həbsimizə çağırışlar etdiyi “manifestindən” sonra bir yazı yazmalı oldum. Görünür yazı hədəfə dəydiyindən Fətullayef fətir yemiş tutuquşu kimi susmaq bilmir. Yenidən bir cızma qara edib, başlayıb ki, nə bilim Bunun belə yazmışdı, Bulqakov belə demişdi, Lev Davidoviçin permanent inqilab nəzəriyyəsi belə gəldi, belə getdi və sair.

Və guya biz “The New York Times”i oxumadığımızdan, “Spiegel”i vərəqləmədiyimizdən, “Le Figaro”nu açıb baxmadığımızdan dünyadan xəbərsiz qalmışıq və bütün bunlara baxdığı üçün Eynulla əməlli başlı inkişaf edib. Halbuki, mən ilk dəfə 1979-1980-cı illərdə Moskvada o zamankı Lenin kitabxanasının xüsusi fondunda, SSRİ İctimai Elmlər üzrə Tədqiqat Mərkəzində bu nəşrlərlə tanış olanda Eynulla hələ əmzikdən ayrılmamışdı. O, yazır: “Barmaqları “nakolkalı” bu miskin tarixçi məni Əli Kərimlinin həbsinə çağırmaqda ittiham etdi.” Əvvəla sən hansı hüquqa, mənəvi haqqa söykənərək Əli Kərimlinin həbsinə çağırış edirsən. Hansı günahın sahibidir, Əli Kərimli? Ötən yazımızda xatırlatdıq bəlkə ölkədə hökm sürən, millətin iliyinə işləyən hüdudsuz korrupsiya və monopoliyanı Əli Kərimli yaradıb?

Digər tərəfdən Gültəkin Hacıbəyli, Gözəl Bayramlı hansı günahın sahibləridir ki, sən onların həbsinə çağırış edirsən. Bu həmin Gültəkin Hacıbəylidir ki, bu gün sənə tapşırıq və təlimat verən Fuad Ələsgərov Gültəkin xanıma Ramiz Mehdiyevin tapşırığını çatdırdı ki, Eynullanın əleyhinə prezident aparatında hazırlanmış yazının aşağısında Avropa Şurasında nümayəndə heyətinin üzvü kimi onun imzası getməlidir. Orada göstərilirdi ki, Eynulla peşə fəaliyyətinə, azad sözə görə deyil, konkret cinayət əməlinə görə həbs edilib. Amma Gültəkin xanım bundan imtina etməyə özündə güc tapa bildi. O yazını imzalayan tapıldı, həmin imzaya görə deputat mandatı da aldı. Eynullanın həbsinə çağırış etdiyi Gültəkin xanım isə bu addımı atmağa özünə icazə vermədi. Bu cəsarətli imtina Gültəkinin mənəvi ucalığı idi, vətəndaşlıq mövqeyinə görə azyaşlı uşaq anası olan bir azərbaycanlı xanımın həbsinə çağırış isə şübhəsiz ki, ən yüngül ifadə etsək Eynullanın miskinliyidir. Yeri gəlmişkən burada “nakolkalı” məsələsində də aydınlıq gətirmək istərdim. Mənim barmaqlarımda “nakolka” var. Şübhəsiz ki, bu yaxşı şey deyil. Amma, axı bu “nakolka” Eynullanın alnında, təpəsində yazılıb və özü də öz xətti ilə bunu alnına həkk edib, həm də əbədi həkk edib.

Eynulla bununla kifayətlənmir, mənim elmi nailiyyətlərimi də şübhə altına almağa cəhd göstərir və yazır: “Cəmil Həsənli-ay istedadsız və heç nəyə yaramayan tarixçi-yazıçı, darıxdırıcı kanselyariyaçı-arxiv arayışlarının məcmusunun müəllifi, mən bunu çoxdan başa düşmüşəm”. Mənim haqqımda bu sözləri kim deyir, kim yazır, dostlar? O şəxs ki, onu mən elmi oğurluq üstündə tutmuşam, qarşımda hönkür-hönkür ağlayıb. Bu hoqqabaz Nərimanov haqqında bir kitabça yazmışdı. Kitaba baxanda gördüm plagiat, yəni oğurluqdur. Tarix institutunda şöbə müdiri Nigar xanımla danışdıq, bunu çağırdıq, atası ilə gəldi. Köçürdüyü, yəni oğurladığı yerləri bir-bir qoyduq qarşısına, söz tapa bilmədi, hönkür-hönkür ağladı, səhv etmişəm, qələt eləmişəm…dedi. Bax, həmin vaxt Eynullanın yanaqlarından süzülən göz yaşlarının hər biri mubah ildə yetişən Bığır narının giləsindən böyük idi. İndi görün ölçü hissi nə qədər itib ki, elmdə qələm təcrübəsinə oğurluqla başlayan birisi mənim əsərlərim haqqında bu sözləri deyir. Yaxşı deyək ki, Azərbaycanda hər cür cəfəngiyatı çap etdirmək olar, axı “The New York Times”i oxuyan, “Spiegel”i vərəqləyən, “Le Figaro”nu açıb baxan birisi bilməli idi ki, mənim əsərlərimi ABŞ-ın məşhur “Rowman and Littlefield Publishers, INC”, “Lexington Books”, Britaniyanın “Routledge, Taylor & Francis Group” kimi dünyaca məşhur nəşriyyatları Harvard, New York, London, Toronto, Oxford, Plymouth UK, Lanham, Boulder kimi elm mərkəzlərində nəşr edib. Halbuki, sənin xidmət etdiyin hökumətin tabeçiliyində olan institut və universitetlərin hamısının bir yerdə tək tarix yox, bütün humanitar sahə üzrə bu səviyyəyə yaxınlaşan bir göstəricisi yoxdur.

Daha sonra həbsdə olanda bizim və beynəlxalq təşkilatların ona verdiyi dəstəyi bu nankor belə təqdim edir: “Sən demə, əgər Qərbin dəstəyi olmasaymış mən həbsxanadan çıxası deyildim. Bəli, doğrudan da 2007-ci ildə məni MTN rəhbəri Eldar Mahmudov, onun müavini Hilal Əsədov və kriminal qruplaşmanın rəhbəri Akif Çovdarov həbs etdilər… Həsənlinin məntiqinə görə, mən həyatımın sonuna qədər bu təşkilatlara borclu olmalıyam və onların xidmətində dayanmalıyam?!” , Birincisi, sən həbsdə olduğun illərdə həmişə demisən ki, səni İlham Əliyev həbs etdirib. Nə oldu, indi bunlar yadından çıxdı? Hətta, mənim iştirak etdiyim məhkəmə prosesində sən başına gətirilənləri danışıb dedin ki, bunları bağışlamaq olar? “Mən bunu İlham Əliyevə bağışlamayacağam.” Mən bir dəfə Milli Məclisdə bu “vicdan” məhbusun müdafiə edəndə hakimiyyətin ən yuxarı təbəqəsinə aid olan yaşlı adamlardan biri mənə yaxınlaşıb dedi ki, “Cəmil müəllim, sən nahaq özünü yorursan, Eynulla bizim adam olub, qaydaları pozub, cəzasını çəkir, çıxıb yenə bizim adam olacaq”. Sən demə, o, düz deyirmiş, biz sadəlövh olmuşuq. Axı, Eldar Mahmudovun nazirliyi ən gizli səs yazılarını sənin qəzetin vasitəsi ilə verirdi, necə oldu ki, səni tutmalı oldu. Eldar Mahmudov öz istəyi ilə adam tutmurdu, kimi deyirdilər onu da tuturdu. Səni də elə tutmuşdu. Qərbə gəldikdə, əgər Qərbin bu işlərdə rolu yox idisə, onda həbsdən çıxandan sonra niyə xüsusi təkliflə mənim yanıma gəlmişdin? Bəlkə yadından çıxıb? Əgər çıxıbsa, qoy xatırladım.

Sənin zənginlə “Pizza Hut”da görüşdük. Dedin İlham Əliyev diktatordur, heç vaxt Fərhadla Rafiqi belə buraxmayacaq və təklif etdin ki, Avropada sənə bir ofis açsınlar, sən orada oturub onların lobbiçiliyini edəsən, bir keçmiş “vicdan” məhbusu kimi bütün Qərbi ayağa qaldırasan. İndi nə oldu, Qərb artıq o Qərb deyil? Ya hökumət səni sındırandan sonra ilk əməliyyatını məndən başlamaq istəyirdin? Mən də dedim ki, bu söhbətləri sən onların özləri ilə elə, mən belə işlərə baxmıram. Söhbət həbsdən çıxandan sonra ömür boyu Qərbə xidmət etməkdən getmir, söhbət ondan gedir ki, sən keçmiş “vicdan” məhbusu adından istifadə edib Azərbaycan hakimiyyətinin Qərbə qarşı çirkli, natəmiz oyunlarının icraçısına çevrildin. Sən Qərb ölkələrində xüsusi etnik, mühacir, qaçqın qrupların ayrı-ayrı sərsəri nümayəndələrini şirnikləşdirib onlardan yerləşdikləri ölkələrin əleyhinə etirazlar, çıxışlar almalı idin. Etdin də, bir-iki cındır lent çəkdin. Amma Almaniyada bu işə cəlb etmək istədiyin vicdanlı azərbaycanlılar sənin toruna düşmədilər. Hansısa bir Avropa fonddan qrant aldığını onlara demişdin, sonra o fond açıqlama verdi ki, sən adlı adama qrant verməyib.

Bu natəmiz iş üçün pulu Azərbaycandakı ağalarından almışdın. Elə görüş zamanı da sənə Bakıdan zəng olundu, kənara çəkilsən də hər şeyin üstü açıldı. Hə, sənə Bakıdan zəng olanda, o gənclər də mənə zəng etmişdilər, dedim ki, uzaq olsunlar səndən. Sağ olsunlar, oldular da! Amma bütün dünya gördü ki, sənin qara yaxdığın Almaniya bir milyon müsəlman qaçqının sosial ehtiyacların qarşılamaq üçün 19 milyard avro həcmində büdcə qəbul etdi, halbuki, xidmət etdiyin Azərbaycan hakimiyyətinin 10 milyonluq xalq üçün 2017-ci ilə toplam büdcəsi 8 milyard avrodur. Hələ mən onu demirəm ki, İsaxan Aşurovla sonuncu görüşümüzdə, birgə Vaşinqtona uçanda bunun ləyaqətsiz hərəkətləri barədə necə hiddətlə danışırdı. Deyiləsi çox söz var. Qoy bu sonraya qalsın. Çünki hakimiyyətin əlində nişangahı pozulmuş Tula silahına çevrilən bu “navodçik” hələ çox əməllərdən çıxacaq.

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin facebook hesbından götürülüb

azadliq.info

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Hakimlərin maaşı artırılsın!” – Parlamentdə təklif

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: