Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cəmil Həsənli: Əliyev Azərbaycanın hüquq sistemini karikaturaya döndərib

”Bu gün dünyanın harasında korrupsiya qalmaqalı varsa, Azərbaycanın adı oradan çıxır”

Prezident İlham Əliyevin son bir ayda müxtəlif tədbirlərdə etdiyi çıxışlar müzakirə predmetinə çevrilib. Meydan TV-nin dövlət başçısının mesajlarının hansı siyasi vəziyyətdən qaynaqlandığı və perspektivdə nələrə səbəb olacağı haqda suallarını Milli Şuranın sədri, professor Cəmil Həsənli cavablandırdı.

Cəmil müəllim, İlham Əliyev yenə sərbəst toplaşma azadlığının olduğunu və heç kimin döyülmədiyini, söyülmədiyini deyib. Bu fikirlər beynəlxalq təşkilatlara mesajdır, yoxsa daxili auditoriya üçündür?

– Mənə elə gəlir ki, hər ikisi üçün nəzərdə tutulub. Üç gün əvvəl biz Azərbaycanda respublika quruluşunun yaranmasının 98-ci ildönümünü qeyd etdik. Cümhuriyyətimizin 100 yaşının tamam olmasına iki ildən də az vaxt qalır. Amma heç Sovet dövründə Azərbaycanda respublika ideyası bu qədər gözdən salınmamışdı. Cənab İlham Əliyev Azərbaycanın respublika quruluşunu, respublika ənənələrini gözdən saldı, indi real həyatda Azərbaycan konstitusiyasında təsbit olunmuş respublika quruluşundan çox az şey qalır. Bircə seçki sisteminin hansı vəziyyətə salınmasına diqqət yetirmək kifayətdir. ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun rəsmi rəyinə görə, 2008-ci ilin prezident seçkilərində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olub. 2015-ci ilin parlament seçkiləri haqqında, ümumiyyətlə, danışmağa dəyməz. Əgər yadınızdadırsa, seçkidən 22 gün əvvəl mən seçiləcək adamların siyahısını dərc etmişdim. 125 nəfərdən 121 nəfəri doğru çıxdı. Bunu biz hakimiyyətin içindən sızan, yerli rəhbərliklərə seçkidən çox-çox əvvəl verilən tapşırıqlar əsasında hazırlamışdıq. Daha bunun nəyi seçki oldu? Bu, o deməkdir ki, İlham Əliyevin başında dayandığı ölkədə Azərbaycan xalqı seçki hüququndan məhrum edilib, konstitusiya üzrə öz hakimiyyətini formalaşdırmaq haqqından kənarlaşdırılıb, xalqın seçki haqqı mənimsənilib. Əminliklə deyim ki, heç sonuncu İran şahı dövründə xalq bu qədər seçim haqqından məhrum edilməmişdi. Məhəmməd Rza şah nəzakətlə bir neçə nəfəri Məclisdə görmək istədiyini eyham vururdu, İlham Əliyev kimi bütün deputatların siyahısını seçkidən əvvəl müəyyənləşdirmirdi. Əliyevin Azərbaycanda heç kimin döyülməməsi barədə fikirlərinə necə inanmaq olar ki, polis idarələrində insanların vəhşicəsinə döyülərək öldürülməsi adi hal alıb? Bir müddət əvvəl Sumqayit şəhərindəki 4-cü polisi bölməsində şəhər sakini Rəşad Mehdiyevi döyərək öldürüblər. Ağır işgəncədən sonra Rəşad xəstəxanada keçinib. Əgər xatırlayırsınızsa, təxminən iki ay əvvəl Sumqayıt Polis İdarəsinin 1-ci polis bölməsində Rəşad Abbasov adlı bir şəxsə saatlarla ağır işğəncələr vermişdilər. Polis idarəsinə səhvən gətirilən Rəşadın dediyinə görə, bölmə rəisi bildirib ki, əgər cinayəti boynuna almasa, onu idarədə döyərək öldürəcəklər. Bundan daha əvvəl Mingəçevir şəhər Polis İdarəsində analoji hadisə baş vermişdi. Aprelin 19-da isə Bakının mərkəzində, Səbail rayonunda polis əməkdaşları valyuta mübadiləsi məntəqəsinin rəhbəri Ağarza Vəliyevi döyərək ölüdürmüşdülər. Cənab İlham Əliyev “Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür” ifadəsini işlədirsə, o zaman o, daxili işlər naziri Ramil Usubovun ölkədə hansı istibdad rejimi yaratdığından ya xəbərsizdir, ya da yalnız son iki ayda polis idarələrində döyülərək öldürülən, şikəst edilən Azərbaycan vətəndaşlarından məlumatsızdır. Əliyev Azərbaycanın hüquq sistemini, xüsusilə məhkəmə sistemini karikaturaya döndərib. Bu gün narkotika ittihamı Azərbaycan hüquq sistemində milli maddə kimi təfsir olunur. İlham Əliyev üçün millilik, bu “milli maddənin” mənəvi hüdudlarından o qədər də geniş deyildir. O, istədiyi adamı tutur, istədiyi adamı həbs etdirir, hətta istədiyi vaxt ağır cinayətlə, vətənə xəyanət ittihamı ilə həbs etdirdiyi adamları beynəlxalq təzyiqlər altında buraxa bilir. Bunu bir respublika prezidenti edə bilməz, bunu yalnız padşahlıq iddiasında olan avtoritar bir diktator edə bilər. Hələ 2008-ci ildə millət vəkili olanda demişəm ki, biz tədricən Şimali Koreya modelinə doğru gedirik…

Ancaq Şimali Koreya fenomeni ciddi hadisədir, Avropa Şurasının üzvü olan Azərbaycanda bu mümkündürmü?

– Təəssüf ki, Azərbaycan Avropa Şurasına üzv olandan sonra tədricən demokratik institutların sıradan çıxarıldığını görürük. Baxın, 2001-ci ilə qədər formalaşan azad və müstəqil mətbuatdan nə qalıb? Bu gün biz azad jurnalistləri barmaqla saya bilərik. QHT sektoru hansı vəziyyətdədir? Bu sektorun nümayəndələrinin bəziləri həbs edildi, qalanlarının bank hesablarına həbs qoyuldu, digərləri isə ölkəni tərk etmək zorunda qaldı. Yaxud 15 il əvvəl Azərbaycanda partiyaların gənclər təşkilatları və ayrıca gənclər təşkilatlarını xatırlayaq. Ötən müddətdə televiziyaların “beyinləri yumaq” və hakimiyyətin zora əsaslanan siyasəti onların sıralarını müəyyən qədər seyrəldə bildi. Son hadisəni xatırlayaq, vətənpərvər gənclər heykəlin postamentinə nəsə yazdıqlarına görə vəhşicəsinə işgəncələrə məruz qoyulub, döyülüb, təhqir ediliblər. Heykəldən üzr istəməyə məcbur ediliblər. Bu, Şimali Koreyaya doğru iri addımlarla irəliləmək deyilmi? BMT-nin Özbaşına Saxlanma üzrə İşçi Qrupu üzvləri Kürdəxanıda Heydər Əliyevin heykəlinin postamentini yazdıqdan sonra narkotik ittihamı ilə həbs edilmiş Bayram Məmmədov və Qiyasəddin İbrahimovla görüşüblər. Onlar keçirdikləri mətbuat konfransında işgəncə faktını təsdiqləyiblər. Atasının heykəllərini bütün ölkə böyü yapdırmaqla cənab İlham Əliyev 1918-ci ildə cümhuriyyət qurmuş bir milləti bütpərəstlik dövrünə qaytarmaq istəyir. Görünür, bu adamlar XXI əsrdə yaşadıqların fərqində deyillər. Bu gün saxta ittihamla 3 ildən artıqdır həbsdə olan İlqar Məmmədovun həbsdə saxlanması, İlkin Rüstəmzadənin gülünc ittihamla cəza yerində qalması, əlaçı tələbə olan Elvin Abdullayevin narkotika ittihamı ilə tutulması, Seymur Həzinin gülünc bir böhtanla şərlənməsi, Qarabağ qazısı Asif Yusiflinin heç bir təqsiri olmadan nahaq cəzaya məhkum edilməsi, Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı üçün tragikomik maddə icad edilməsi, yenə həmin partiya sədrinin müşaviri Məmməd İbrahimin məhz müxalif partiya funksioneri oldğu üçün cəza evinə göndərilməsi cənab İlham Əliyevin ölkədə yeritdiyi siyasətin acı mənzərəsini ortaya qoyur. Bütün bunların fonunda İlham Əliyevin demoktratiyadan, insan haqlarından, toplaşma azadlığından danışması sadəcə olaraq ironiya təzahürüdür.

Prezidentin son bir aydakı çıxışları ziddiyyət təşkil edir. Məsələn, 9 mayda bəyanat verir ki, biz böhrandan şərəflə çıxdıq, Respublika Günü ilə bağlı tədbirdə bildirib ki, milli iqtisadiyyat hələ ki, tənəzzülə uğrayır. İyunun 1-də keçirilən neft-qaz sərgisində isə “biz böhrandan çıxırıq və çıxacağıq” deyə bildirdi. 20 gündə nədən belə bir-birinə zidd açıqlamalar verilir?

– Doğrudan da, sual doğurur, vətəndaş prezident tərəfindən bəyan edilən bir-birinə zidd olan bu fikirlərin hansına inansın? İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan korrupsiya bataqlığına çevrilib. Bu gün dünyanın harasında korrupsiya qalmaqalı varsa, Azərbaycanın adı oradan çıxır. Bu mühiti yaradan İlham Əliyevdir, onun yarıtmaz siyasətidir. Ölkə əhalisinin az qala 30-40 faizi etibarlı müayinə və müalicə üçün hər il İranın mərkəzi və sərhədyanı şəhərlərinə gedir. Cənab Əliyev isə deyir ki, mənə verilən məlumata görə, əhalinin 91 faizi tam sağlamdır. SOCAR-ın 6 milyard borcu var, amma neft erası arxada qalan baş neft idarəsi 40 mərtəbəli ofis inşa edir. Ölkədə böhrana görə 100 minlərlə iş yeri bağlanır. Amma bütün rayonlar üzrə polisə yüzlərlə yeni işçiləri qəbul edilir. Minlərlə gəncdən yeni “üzəduranlar” dəstəsi hazırlayırlar. 20 ilə yaxın bir dövrdə özəlləşmədən vur-tut 660 milyon manata yaxın büdcəyə vəsait gəlib, amma tək Avropa oyunlarına bundan 8-10 dəfə vəsait xərclənib. Ölkənin bir sıra kəndlərində şagirdlər vaqon siniflərdə dərs keçir, ölkənin vəsaitləri Avropada Müqəddəs Petka Kilsəsinin təmirinə xərclənir. Manatın iki dəfə kəskin devalvasiyası və üzən məzənnəyə keçməsi insanların pul gəlirlərini kəskin şəkildə azaltdı. Ümumi daxili məhsul yarıbayarı aşağı düşdü, içində olduğumuz ilin büdcəsi ötən illə müqayisədə yarıdan da çox azalıb. Qiymətlər durmadan artır. Ölkənin bank sektoru, sənaye ağır böhran içindədir, kənd təsərrüfatı iflas edib. Bunun məsuliyyəti kimin üzərindədir? İlham Əliyev adam tutmaqla yox, bu işlərlə məşğul olsaydı, ölkə yəqin ki, indiki acınacaqlı duruma düşməzdi.

Prezidentin 27 maydakı çıxışında diqqət çəkən məqam “Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm” fikriydi. Hansı amillər İlham Əliyevi bu cümləni deməyə vadar edib?

– Vaxtilə heç Məhəmməd Rza şah belə islam inanclı dindarlara, möminlərə, ilahiyyat alimlərinə qarşı bu qədər qəddarlıq göstərmirdi. Bu gün Azərbaycanda inanclı insanların amansız təqibi, işgəncələrə məruz qalması adi hal alıb. Rüsvaçılıqla ifşa olunmuş keçmiş MTN “Bandotdeldə” törədilən möcüzələrə həsəd apara bilər. Və bütün bunlardan sonra Azərbaycan hakimiyyəti dünyadan ona hörmətlə yanaşmağı umur. Özünü dünyanın hədəfinə gətirən elə İlham Əliyev özüdür və bu məsələdə onun dünyadan inciməsi, kimisə günahlandırması obyektiv görünmür. Leyla Yunusu, Xədicə İsmayılı, İlqar Məmmədovu, Tofiq Yaqublunu, Asif Yusiflini, Seymur Həzini, Fuad Qəhrəmanlını, çox istedadlı tarixçi tələbə Elvin Abdullayevi, Azərbaycan gənclərinin ən parlaq nümayəndəsi olan İlkin Rüstəmzadəni və onlarla digər vicdanlı, namuslu adamları tutduran bir rəhbər əlbəttə ki, dünyanın hədəfində olmalıdır. Ərazisi işğal altında olan bir ölkənin hakim elitası korrupsiyaya qurşanıbsa, əlbəttə, həmin ölkənin başçısı hədəfdə olmalıdır. Bir prezident ölkənin gəlirli sahəsini öz ailə üzvlərinə, qohum əqrəbasına verirsə, niyə o, XXI əsrdə hədəfdə olmamalıdır? Dünya Azərbaycan hakimiyyətindən öz xalqına hörmətlə yanaşmağı təmənna edir. Bu olmadıqca, İlham Əliyevin hədəfdə olması da labüddür.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Vaqif Hacıbəyli: “Etibar Məmmədov danışmasa yaxşıdı”

%d bloqqer bunu bəyənir: