Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədov məndən 300 manat pul istəyir” – ŞİKAYƏT

Saytımızın elektron ünvanına Cəlilabad rayonu Ocaqlı kənd sakini Gülzar Xəlilova tərəfindən yazılmış şikayət məktubu daxil olub. 24saat.org saytı olaraq həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:Yazıb sizə bildirirəm ki, yaşadığım ev 2003-cü ildə tikilib. Uzun illərdir müraciət etsəm də, sağyac qoyulmayıb. Məndən sayğacın qoyulması üçün külli miqdarda pul istəyirlər. Ərim respublikanın dövlət orqanlarına şikayət məktubları yazdıqdan sonra Azərişıq ASC-dən məktub gəlib. Azərişıq ASC-nin texniki direktoru Z.M.Quliyev həmin məktubda yazır:

“Azərişıq ASC bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş və enerji təchizatı müəssisəsi ilə elektrik enerjisi istehlakçıları arasında hüquqi münasibətləri tənzimləyən “Elektrik Enerjisindən İstifadə Qaydaları”na görə texniki şərtin verilməsinə və abonent kodunun açılmasına görə ödəniş tələb olunmur. “Qaydalar”ın 7.9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir”.

Yəni ki, sayğacların quraşdırılması pulsuzdur. Çox gözəl! Bura kimi başa düşdük. Lakin… Azərişıq ASC-nin texniki direktoru Z.M.Quliyev həzrətləri məktubun ardında bunu da yazır, xahiş edirəm diqqət yetirin:

“Sifarişçinin rəsmi müraciəti əsasında hazırlanmış texniki şərtə əsasən onun elektrik qurğularının mövcud 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqillərindən ibarət elektrik verilişi xəttinə qoşulması, layihə-smeta sənədlərinin hazırlanması, elektrik quraşdırma işlərinin görülməsi, lazım olan dayaqlardan, naqillərdən, xətt armaturlarından, maşın-mexanizmlərdən istifadə edilməsi üçün tərtib olunmuş smetada nəzərdə tutulan dəyəri sifarişçi ödədikdən sonra “Azərişıq” ASC tərəfindən yerinə yetirilir”.

Əvvəl yazıb ki, pulsuzdur, sonra yazıb ki, yox, pulludur. Bunu necə başa düşək? Siz məni başa salın görək, bu ölkədə sayğacların quraşdırılması əvvəl-axır pulludur, ya pulsuz? Mən belə başa düşdüm ki, dövlət qanuna görə pulsuzdur, amma kimlərsə bu dövlət qanununu ayaq altına atıb tapdalayaraq pul yığırlar.
Bu məktubu necə başa düşək? Bu məktub hansı dildə yazılmışdır? Bizi ələ salıblar, ya özlərini? Dövlət orqanlarından xahiş edirəm ki, bu məktubu Azərbaycan dilinə tərcümə etsinlər. Əvvəlcə yazılıb ki, dövlət qanununa əsasən pulsuzdur, altında yazılıb ki, vətəndaş sayğaca görə pul ödəməlidir! Deməli belə çıxır ki, Nazirlər Kabinetinin qərarları Azərişıq ASC-nin vecinə də deyil. Mən bu məktub başa düşmədiyimdən məcburam onu xarici ölkə səfirliklərinə göndərəm ki, bəlkə hansı dildə yazıldığını müəyyən etsinlər və normal Azərbaycan dilinə çevirsinlər.
Cəlilabad rayon İşıq İdarəsi evimə işıq sayğacının qoyulması üçün İşçi layihəsi tərtib edib. Layihədə kabellərdən, dəmir-dümürdən tutmuş quraşdırılma xərcinə kimi 210 manat 43 qəpik pul hesablanıb və həmin xərc mənim boynuma qolulub. Hələ İşçi layihəsinə müəmmalı “Azər-Türk Bank”ın ödəniş rekvizitləri də tikilib, sayğacın 80 manata yaxın pulunu həmin bankdakı müəmmalı hesaba köçürməliyəm. Beləliklə, əhalinin acından öldüyü, yeməyə çörək tapmadığı, bank sələmi içində can verdiyi ölkədə vətəndaş sayğacın qoyulması üçün 300 manat pul verməlidir! Nə az, nə çox!
Bu İşçi layihələrini niyə bu formada qondarııblar və bu qədər avadanlıq əlavə ediblər? Mənim evimlə işıq stolbasının arası cəmi 6 metrdir. Lakin kabelləşmə getmədiyindən stolbada adi aliminium məftillərdir. Cəmi 6 metr kabel lazımdır. Bizə sayğac qoyulması üçün nə maşın mexanizmi, nə də stolba lazım deyildir. Bu qədər artıq-artuq şeyi layihə smetasına niyə yazıb doldurublar, baş açmaq olmur. Bura bir montyor, iki ədəd də ayağa geyilən kokti lazımdır ki, montyor stolbaya çıxıb məftili bağlasın. Vəssalam. Amma Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədov bizi beləcə ələ salır. Bizə göndərilmiş layihə və smeta kompüterdə yazılıb, nə peçatı var, nə də ki kiminsə qolu, imzası. Ərim bizə göndərilmiş həmin layihə və smetanı götürüb Aydın Məmmədovun qəbuluna gedib. Aydın Məmmədov deyir ki, əsas puldur, peçat boş şeydir, çıxart o 300 manatı yerindəcə ver bizə, evinə elə səhəri gün sayğac qoyum. Ərim etirazını bildirdikdə isə deyir ki, get kimə yazırsan yaz, məni bura nazir qoyub, heç kimi hərləmirəm. Biz kasıb adamıq, boğazımızdan kəsib Aydın Məmmədova həmin o 300 manatı hardan verməliyik?
Xahiş edirəm ki, Azərbaycan hökuməti evlərə sayğac qoyulmasına görə pul alınmasını qadağan etsin. Əhalinin ağır durumu nəzərə alınsın. Bu cür ağçılıq olmaz. Nazirlər Kabinetinin qərarını Aydın Məmmədova göstəririk, deyir ki, o qərarın mənə dəxli yoxdur, 300 manatı verməsəniz, sayğac qoyulmayacaq. Bu adam dövlətin qanunları belə saymır, dövlətin qərarını ayaq altına atıb tapdalayır. Xahiş edirəm ki, bu məsələlərə hüquqi qiymət verilsin.

Gülzar Xəlilova
Cəlilabad rayonu Ocaqlı kənd sakini

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Binaların standartlara cavab verməməsinin məsuliyyəti kimin üzərindədir?

%d bloqqer bunu bəyənir: