Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
rr-170

Cəbhədə gərgin gecənin pərdəarxası: Qarabağda müharibə hər an alovlana bilər

Dünən axşam saatlarında Qarabağ cəbhəsinin şimal-şərq hissəsində Ermənistan ordusunun fəallaşmaq cəhdinin qarşısı alınıb. A24.Az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı yaydığı açıqlamada düşmən tərəfin təmas xəttində yeni təxribata əl atdığı, lakin xeyli itki verərək, geri çəkildiyi bildirilib.

Ermənistan mənbələri də ötən gün cəbhədə gərginliyin yarandığını, iriçaplı silahların tətbiqi ilə atəşkəs rejiminin pozulması, o cümlədən, bir erməni əsgərinin ölümü haqda informasiya yayıblar. Cəbhədə dünən baş vermiş insidentin ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərindən həmən sonra yaşanması işğalçı Ermənistanın danışıqlar prosesinə münasibətini növbəti dəfə ortaya qoyub. İşğalçı ölkənin təxribatlara ara vermədiyi belə bir şəraitdə isə münaqişənin dinc yolla həlli imkanlarının artıq tam olaraq tükəndiyi açıq görünür.

Qarabağ cəbhəsində dünən yaşanmış gərginliyin səbəbini, eyni zamanda, bu insidentin genişmiqyaslı müharibəyə çevrilmək ehtimalını A24.Az-a dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, mövcud situasiyada bütün mümkün variantlara hazır olmalıyıq: “Cəbhədə dünən baş vermiş insidentin detallarına toxunmadan bildirim ki, toqquşma kifayət qədər ciddi olub, hər iki tərəfdən itkilər var. Düşmənin cəbhədə fəallaşmağa cəhd göstərməsinin təbii ki, səbəbləri var. Bu, ilk növbədə Ermənistanın yeni müdafiə naziri Viqen Sərkisyanın və düşmən ölkənin Baş Qərargahının yeni rəisi Movses Akopyanın özlərini “təsdiqetmə” istəyindən irəli gəlir. Onlar erməni cəmiyyətinə özlərinin “işqabiliyyətli” olduqlarını göstərmək istəyirlər.

Cəbhədə son gərginliyin ATƏT-in Minsk qrupunun bivec həmsədrlərinin regiona səfəri ilə üst-üstə düşməsi də təsadüfi deyil. Minsk qrupu bu səfərin nəticələrinə həsr olunmuş bəyanatlarında erməni separatçılarının maraqlarına uyğun ifadə işlədiblər: “Dağlıq Qarabağın de-fakto hakimiyyəti”. Vasitəçilər indiyə kimi belə söz demirdilər. Onlar indi “Dağlıq Qarabağın de-fakto hakimiyyəti” deyirlərsə, sabah Dağlıq Qarabağın “de-yure hakimiyyəti” ifadəsini də işlədəcəklər.

Bildiyiniz kimi, Fransa da ABŞ və Rusiyadan nümunə götürərək, Minsk qrupundakı həmsədrini dəyişib. Bu isə o deməkdir ki, yeni həmsədr də münaqişənin nizamlanma prosesinin gedişi ilə tanış olmaq üçün “vaxt istəyəcək”. Yəni həmsədrlər 2017-ci ilin ilk rübünə qədər münaqişənin həlli istiqamətində ciddi addım atmayacaqlar. Cəbhədə ötən gün baş vermiş insident də bir daha göstərdi ki, Qarabağda müharibə hər an alovlana bilər. Təbii ki, Azərbaycanın siyasi və hərbi rəhbərliyi yaranmış şəraitdə nə etmək lazım olduğunu bilir və bu barədə geniş danışmağa ehtiyac yoxdur”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

MTN polkovniki İlqar Əliyevin intiharı ilə bağlı YENİ XƏBƏR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: