Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cəbhəçi gəncə polisdə işgəncə verilib? Vəkillə görüşə niyə mane olurlar?

AXCP-nin iyulun 20-dən həbsdə olan gənc fəalı Ruslan Qarayevin vəkili ilə görüşünə hələ də imkan verilmir. Bu barədə gənc fəalın vəkili Əsabəli Mustafayev məlumat verib.

“Azadlıq”ın gənc fəalın həbsi ilə bağlı sualına cavab olaraq, vəkil bildirib ki, iyulun 22-də olduğu kimi, bu gün də səhər saatlarından etibarən Sumqayıt Şəhər Polis Şöbəsinə gələrək, müvəkkili ilə görüşmək istəyib. Lakin ona yenə də imkan verilməyib: “Mənə deyirlər ki, müvəqqəti saxlama təcridxanasının rəisi burda yoxdu. Mən bilirəm ki, bu, bəhanədi, sadəcə, görüşməyə imkan verməmək üçün belə deyirlər”.

Müdafiəçi şübhələnir ki, Ruslan Qarayevin gizlədilməsi onun üzərində işgəncə izlərinin movcudluğu ilə bağlı ola bilər. Bundan başqa, əgər gənc fəalın barəsində, deyildiyi kimi, 20 sutkalıq inzibati həbs qərarı çıxarılıbsa, vəkil həmin qərarla tanış olub, Ruslanla danışıb, apellyasiya şikayəti verə bilər. Lakin göründüyü kimi, buna da da imkan yaradılmır.

Əsabəli Mustafayev iyulun 22-də olduğu kimi, bu gün də DİN-in “102” xidmətinə şikayət edib.

“Oradan mənə bildirdilər ki, araşdırma aparıb cavab deyəcəklər. Bir qədər sonra dedilər ki, “biz Sumqayıt polisilə əlaqə saxlamışıq, onlar bildirirlər ki, vəkilin sənədləri qaydasında olmadığına görə görüşə bilməyib”. Qətiyyən həqiqətə uyğun deyil. Mən bütün lazımi sənədləri təqdim eləmişəm. Mən Ombudsman Aparatının “Qaynar Xətt”inə də şikayət etdim. Onlara isə bildirilib ki, rəis yoxdur, ona görə görüş baş tutmayıb. Ombudsmanın nümayəndələrini əmin ediblər ki, Ruslanın üzərində heç bir işgəncə izi yoxdur. Əgər doğrudan da yoxdursa, onu niyə gizlədirlər?”, – deyə Əsabəli Mustafayev bildirib.

Xatırladaq ki, Ruslan Qarayev iyulun 20-dən yoxa çıxıb, 21-də onun Sumqayıt Şəhər Polis Şöbəsində saxlandığı məlum olub. Ertəsi gün ona 20 sutka inzibati həbs cəzası verildiyi haqda məlumat yayılıb.

Yaxınları gənc fəalın həbsindən bir gün əvvəl “facebook” səhifəsində mərhum prezident Heydər Əliyevin heykəli qarşısında çəkdirdiyi fotosunu paylaşdığını və status yazdığını bildirir, həbsin səbəbini də bununla əlaqələndirir.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Referendumun tarixini prezident açıqlayacaq

%d bloqqer bunu bəyənir: