Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Burada min ilin sirri yatır: Bobogil türbəsi

Talış zonasının ən tanınmış dini-tarixi memarlıq abidəsi olan Bobogil türbəsinin xarici ölkələrdən belə, ziyarətçiləri olur

Azərbaycan tarixi və memarlıq abidələri ilə zəngin bir ölkədir. Respublikanın müxtəlif ərazilərində bu qəbildən olan abidələr qorunub saxlanır. Əhalisinin mütləq əksəriyyəti müsəlman olan ölkəmizdə dini-tarixi abidələrin sayı da az deyil.

Respublikanın Talış zonasında ən tanınmış dini-tarixi memarlıq abidəsi — Lənkəran-Lerik yolunun 40-cı km-də, Lerikin Bobogil kəndi ərazisində yerləşən türbədir. Bu türbədə, vaxtilə İranın Gilan vilayətindən Astaranın indiki Əsxənəkəran (o vaxtkı adı Asnaqaran — Dəmirçilər) kəndinə köçərək, burada məskunlaşan Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani dəfn olunub.

Əhalisinin mütləq əksəriyyəti müsəlman olan ölkəmizdə dini-tarixi abidələrin sayı az deyil

Kəndin yaşlı sakinlərinin dediklərinə əsasən, Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani XI əsrdə yaşayıb, dövrünün sərkərdəsi və din alimi olub. Digər bir fərziyyəyə əsasən isə, pirdə dəfn olunan şəxs VII İmam Museyi Kazımın nəvəsidir. O, İranın Gilan vilayətindən köçüb. Şah tərəfindən həmin vilayətdən qovulduqdan sonra burada məskunlaşıb və vəfat edəndən sonra elə burada da dəfn edilib.

Lakin Lerikin yaşlı sakinlərinin əksəriyyəti birinci ehtimalın üzərində dayanırlar — burada dəfn olunan şəxsin Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani olduğunu deyirlər. Əmir Şahsevər bu ərazidə baş verən böyük vuruşmada həlak olub və elə buradaca kənd sakinləri tərəfindən dəfn olunub. Gilani kənd sakinlərinin, eləcə də ətraf yaşayış məntəqələrində yaşayanların hamısının böyük hörmətini qazanan bir şəxs olub. O, İmam Museyi Kazım nəslindən olub və buralarda İslam dinini həm təbliğ, həm də tədris edib. Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani dəfn olunduqdan sonra burda İslamı tədris etdiyinə və yerli camaatı müdafiə edərkən həlak olduğuna görə, zaman-zaman kənd əhalisi onun qəbrini böyük ehtiramla ziyarət edib. İllər keçdikcə də bura böyük Pirə çevrilib. Bobogil kəndinin adı da türbədə dəfn olunan Əmir Şahsevərlə bağlıdır. Belə ki, Bobogil toponiminin mənası “Gilanlı Baba” kimi izah edilir. Lakin ehtimallara əsasən, burada XII-XV əsrlərdə böyük tikinti kompleksi olub. Bunlar, əsasən xatirə-türbələrindən ibarət olmaqla digər tarixi abidələrə xas olan bütün keyfiyyətləri özlərində birləşdirib.

ox təəssüf ki, zaman ötdükcə bu kompleks dağılıb, yalnız izləri qalıb. Orta əsrlərin yadigarı olan bu müqəddəs məkan xeyriyyəçi İslam Kərimovun təşəbbüsü ilə Usta Hacı Ağamirzə tərəfindən 1998-99-cu illərdə tikilərək bərpa edilib. Bərpa edildikdən sonra dəstəmazxana, ziyarətçilər üçün istirahət yeri, qurban kəsimləri üçün yer düzəldilib və bulaqlardan su xətti çəkilib.

Bu türbəyə Lerikdən, ətraf rayonlardan və ölkənin digər bölgələrindən, hətta Rusiyadan ziyarətçilər gəlirlər. Ziyarətgaha həm gəlib ziyarət edirlər, həm də namaz qılırlar. Burada namaz qılanların çoxu yol üstündə olanlar olur ki, namaz vaxtını ötürməməkdən ötrü müqəddəs ziyarətgahda ibadətlərini həyata keçirirlər. Türbə ən çox, Hicri-qəməri tarixlə Məhərrəm ayında, xüsusən də aşura gecəsi ziyarət olunur.

Məlumat üçün bildirək ki, Bobogil türbəsi XV əsrə aid olan qəbristanlıqda inşa olunub və ərazinin unikallığı ondan ibarətdir ki, buralar sıx şumşad meşəsi ilə əhatə olunub. Bu meşələr də yalnız Talış bölgəsində olur.

Bundan əlavə, qəbristanlıqda müxtəlif formalı qədimi qəbir daşları da var. Ən maraqlısı da budur ki, yerli camaatın bildirdiyinə əsasən, şumşad meşələri yalnız müqəddəs qəbirlər, ziyarətgahlar olan ərazidə bitir.

Sputnik.az

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Pulsuz dərsliklərə də tamah saldılar

%d bloqqer bunu bəyənir: