Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bu qədər də olmaz!

Elnur As

elnurastanbeyli@gmail.com

Öncə gəlin dünən informasiya portallarında “Azərbaycanlı deputat Yesentukiyə 35 milyonluq xərc çəkdi” başlıqlı xəbərə birlikdə göz ataq: “Yesentukidə Azərbaycandan yatırılan sərmayə hesabına tikilən yeni ”Istoçnik” sanatoriyası açılıb. 400 nəfərlik sanatoriya layihəsi Azərbaycan Respublikasının sərmayə proqramı kampaniyası çərçivəsində həyata keçirilib. Azərbaycan bu layihəyə 1,5 milyard rubl (35 milyon manat – red.) sərmayə qoyub. Açılış mərasimində Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-Bül oğlu, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və layihəyə sərmayə yatıran tanınmış iş adamı Əsabil Qasımov iştirak edib.

Layihənin sərmayəçisi Əsabil Qasımov həm də Milli Məclisin deputatıdır”.

Indi isə bir neçə ay əvvələ qayıdaq. Daha doğrusu, ötən ilin dekabrında həmin bu Əsabil Qasımov mətbuata açıqlama verib demişdi ki, “mənim bir obyektimi tapa bilsəniz, sizə bağışlayacağam”.

Bəli, adam yeri gələndə inadla biznesinin olduğunu inkar edir, yeri gələndə isə təntənəli obyekt açır, sərmayəçi olduğunu gizlətmir.

Komikdirmi? Deyil. Ölkədə bütün qanunlar kimi, məmurlara, deputatlara biznes fəaliyyətini yasaqlayan qanun da kağız parçasına çevrilib.

Yuxarıdakı faktı da ancaq ona görə yazmaq istədim, bunların hətta nəfəslərinin belə, yalanla gedib-gəldiyinə şübhəsi olanlar papaqlarını qarşılarına qoyub fikirləşsinlər.

Təzəlikcə başqa bir yaptokrat deputat – Siyavuş Novruzovun 2003-cü ildə, prezident seçki-şousundan sonrakı xalq etirazları zamanı həbs edilən bir partiya sədri ilə “atışmasını” oxudum. Novruzovdan sitat: “2003-ci ildən sonra insanlar arasına çıxmamalıydı. O, bir şillə, iki təpikdən sonra televiziyaya çıxıb, silahdaşlarının üzünə durub onların həbsinə səbəbkar olan kəsdir”.

Halbuki, həmin məşum günlərdə, elə ondan sonra da yapçılar bir-birlərinin ağızlarına tüpürübmüş kimi, etirazçılara qarşı hər hansı repressiya, işgəncə faktını inadla inkar edirdilər. Bax, bunlar bu qədər asanlıqla yalan danışa, sonra o yalanı özləri bilərəkdən-bilməyərəkdən boyunlarına ala, lap sonra da heç nə olmamış kimi, yalanın ayıb, utancverici bir yanı yoxmuş kimi, həyatlarına davam edə bilərlər.

Yeri gəlmişkən, 2003-ün tarixə xalq, millət adına qızıl, rejim adına isə kirli hərflərlə yazılan həmin günlərində baş verənlərlə bağlı hələlik özlərinin etiraf etdikləri “bir şillə, iki təpik”dir, yaxın, çox yaxın gələcəkdə o hadisələr zamanı saxta seçkilərə etiraz edənlərə qarşı hansı vəhşi, qeyri-insani münasibət sərgiləndiyinin daha iyrənc örnəklərinin ortaya qoyulacağına şübhəniz olmasın.

Hələ siz bu açıqlamaya baxın, siz allah: “Rüşvət haqda kimsə nəsə deyə bilər. Ancaq Azərbaycanda səhiyyə dövlət hesabınadır. ”Rüşvət”, “korrupsiya” sözü bizim ölkə səhiyyəsinə uyğun gəlmir” – Bunu kim deyib? Səhiyyə Nazirliyinin Elmi Pediatriya Institutunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev! Bişmiş toyuq oxusa, gülməkdən uğunar. Rüşvət, korrupsiya sözü Azərbaycan səhiyyəsinə uyğun gəlmirmiş! Bəs necə, bəs necə! Inanmayana lənət! Şəkk gətirənin gözü çıxsın! Azərbaycan səhiyyəsi hara, rüşvət, korrupsiya hara?! Azərbaycanlıların leksikonuna son illərdə daxil olan “ağ xalatlı cəlladlar”, “həkim terroru” kimi ifadələr də əslində Norveç, ya da Almaniya səhiyyəsini nəzərdə tutaraq deyilib.

Vallah, bu qədər yalan olmaz olmaz! Billah da olmaz, tillah da olmaz. And olsun uca Şirvinin ruhuna, artıq bunların belə qızıl-qırmızı yalanları qarşısında deməyə söz tapmıram, nə deyəcəyimi, nə yazacağımı bilmirəm. Odur ki, məni məzur tutun, yazını burada kəsməli oluram, zəhmət olmasa, onu özünüz, həm də kefiniz istəyən kimi tamamlayın.

azadliq.info

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Aynur Elgünəşin ölkədən çıxışına qadağa götürülmədi

%d bloqqer bunu bəyənir: