BŞDYPİ-nin Yasir Qurbanovu – NAZİRDƏN BELƏ ÇƏKİNMƏYƏN ADAM

dypVə ya idarədə mühüm post sahibi olan sözügedən şəxs şirinlik istəyən işçilərini qurtarmaq üçün xanım sürücünü 15 gün sonra necə «avtoxuliqan» çıxardı?

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşlarının törətdiyi qanunsuzluqlar artıq nə hədd bilir, nə də hüdud. Əgər əvvəllər DYP əməkdaşları qanunları tapdayarkən maksimum dərəcədə ehtiyatlı davranırdılarsa, indi bütün işləri elə hamının gözü qarşısında, heç kimdən çəkinmədən həyata keçirirlər.

JAM.AZ xəbər verir ki, BŞDYPİ əməkdaşlarının bu qədər rahat və çəkinmədən hərəkət etmələrinin səbəbi isə aydındır. Onların arxalarında rəisləri dayanıb. Həmin rəislər onların istənilən qeyri-qanuni hərəkətlərini ört-basdır edirlər. Hətta lazım gələrsə, hüququ pozulmuş vətəndaşların özlərini belə günahkar çıxarmağı da bacarırlar. Məsələn, DYPİ-nin mühüm postlarından birinə rəislik edən Yasir Qurbanov kimi.

JAM.AZ-a müraciət edən Vəfa Aşurova müəllimədir və bir müddətdir «Mazda» markalı avtomobil idarə edir. Bütün sənədləri qaydasında olmaqla yanaşı, həm də nümunəvi sürücülərdən biri sayılır. Onun başına gələnlər isə BŞDYPİ-də hansı qanunsuzluqların cərəyan etdiyini açıq şəkildə deməyə imkan verir.

Vəfa Aşurova bildirir ki, o, martın 15-də idarə etdiyi 90 VJ 076 dövlət nömrə nişanlı avtomobili ilə «Qələbə» dairəsindən Həsən Bəy Zərdabi küçəsinə dönərkən DYP əməkdaşları tərəfindən saxlanılıb. 99 YP 367 dövlət nömrə nişanlı DYP maşınının ekipaj üzvləri əvvəlcə xanımı sınağa çəkməyə çalışıblar. Polis əməkdaşı Əliyev Mehman Əlizadə oğlu özünü təqdim etsə də, yaxasında döş nişanı olmayıb. «Mən saxlanılmağımın səbəbini soruşdum. Mehman Əliyev əvvəlcə heç nə demədi. Sonra isə bildirdi ki, guya, mən sağdan gələn maşina yol verməmişəm. Halbuki belə bir şey olmayıb. Polis əməkdaşından yol-hərəkət qaydalarını pozduğumu təsdiq edən videogörüntüləri tələb etsəm də, onlar mənə heç bir qayda pozuntusu göstərə bilmədilər».

İşin qəribə tərəfi odur ki, bort-kompyüterdə maşının kimə məxsus olması, hazırda kim tərəfindən idarə edildiyi DYP əməkdaşları tərəfindən müəyyən edilsə də, Mehman Əliyev israrla xanım sürücüdən sənədlərini tələb etməyə başlayıb. Vəfa Aşurova da sənədlərinin yerində olduğunu, heç bir qayda pozuntusu etmədiyini əsas gətirərək onları DYP əməkdaşına təqdim etməkdən imtina edib. «Bu zaman Mehman Əliyev 99 YP 367 nömrə nişanlı maşının ekipaj üzvlərini çağırdı. Ekipaj üzvləri gəlib baxdılar və təsdiqlədilər ki, həqiqətən də heç bir qanun pozuntusu etməmişəm. Ona görə də, protokol tərtib etməyərək, çıxıb getdilər».

Və mərəkə bundan sonra başlayıb. JAM.AZ-a danışan xanım sürücü qeyd edir ki, mübahisəli durum aradan qalxdıqdan sonra o, avtomobili ilə Həsən Bəy Zərdabi küçəsiylə hərəkətinə davam edib. Lakin bir neçə dəqiqədən sonra 99 YP 367 nömrə nişanlı DYP maşını ona yenidən «saxla» əmri verib. «Maşından düşüb mənə yaxınlaşdılar. Yenə, hansı qaydanı pozduğumu soruşdum. Dinmədilər və gülə-gülə dedilər ki, bəs, bu gün çərşənbə bayramıdır, onlar da işdədirlər. Ona görə də, bayramlıq verməyimi istədilər».

Vəfa Aşurova qeyd edir ki, «bayramlıq» söhbətini eşidəndən sonra bərk əsəbləşib və əvvəlcə 102 Xidmətinə zəng vurub. Oradan xanım sürücüyə bildiriblər ki, 902 Xidməti ilə əlaqə saxlasın. «902 Xidmətindən mənə BŞDYPİ-dən telefon nömrəsi verdilər və onunla əlaqə saxlamağımı istədilər. Mənimlə telefonda mayor Abbasov danışdı, vəziyyəti ona izah etdim, bildirdi ki, heç bir qayda pozuntusu halı yoxdur və yoluma davam edə bilərəm. Bu dəfə də protokol tərtib etməyib, çıxıb getdilər».

Hadisənin üzərindən 15 gün keçdikdən sonra, yəni 30 mart 2016-cı il tarixində BŞDYPİ-dən Vəfa Aşurovaya telefon zəngi gəlir. JAM.AZ xəbər verir ki, xanım Aşurovaya telefon açan şəxs isə sözügedən idarənin mühüm postlarından birini tutan Yasir Qurbanov olub. Qurbanov şikayətçi düşmüş sürücünü BŞDYPİ-yə dəvət edir. «BŞDYPİ-yə gedib, Yasir Qurbanovla görüşdüm. Düşünürdüm ki, şikayətimə normal bir cavab veriləcək. Lakin üzləşdiyim mənzərə, eşitdiyim təhdid və böhtandan şoka düşdüm. Yasir Qurbanov söhbət zamanı dedi ki, guya, mən avtoxuliqanlıq etmişəm və bu səbəbdən də DYP əməkdaşları raport yazıblar. Atılan böhtan azmış kimi, ardından da dedi ki, bəs, 102 və ya 902 Xidmətlərinə etdiyim şikayətlərin heç bir əhəmiyyəti yoxdur. Və bundan sonra kimə istəyirəmsə, şikayət edə bilərəm. Çünki ona kimsə bir şey edə bilməz. Ondan avtoxuliqanlıq etdiyimə dair hər hansı bir görüntü tələb etdikdə isə qapını göstərdi».

Vəfa Aşurova bildirib ki, üzləşdiyi haqsızlıqdan və ona atılan böhtandan dolayı DİN rəhbəri, general Ramil Usubova müraciət edib. O, cənab nazirdən xahiş edib ki, məsələnin araşdırmasını şəxsən nəzarətinə götürsün və bu işdə qanunsuzluq etmiş DYP əməkdaşlarını cəzalandırsın.

Bəs, qanun nə deyir? JAM.AZ xəbər verir ki, mövcud qanunvericiliyə əsasən BŞDYPİ-nin rəsmilərinin hərəkət qanunsuzdur. Birincisi, ona görə ki, həqiqətən də xanım sürücü avtozuliqanlıq etmişdisə, niyə həmin gündən axtarış verilməyib? İkincisi, köməkçi dəstə gəldiyi halda, maşın niyə cərimə meydançasına aparılmayıb? Üçüncüsü və işin ən maraqlı tərəfi, hadisə 15 martda oldub. Həmin gün raport yazılıbsa, martın 19-na qədər olan iş günləri ərzində baş vermiş hadisə ilə bağlı niyə heç bir tədbir görülməyib? Niyə məhz 15 gündən sonra Yasir Qurbanov «avtoxuliqanlıq» məsələsini ortaya atıb?

Hər halda bu sualları BŞDYPİ-nin rəsmiləri cavab verməlidirlər. Ümid edək ki, onlar açıqlama verib, mövcud vəziyyətə aydınlıq gətirəcəklər.

24saat.org
Loading...

Mehman Hüseynov AZADLIQDA! – FOTOLAR

Sonrakı Yazı »

“Akula”nın, Eldar Mahmudovun və oğlunun daha bir dəhşətli cinayət əməli – ARAŞDIRMA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: