Britaniya mətbuatı: Türkiyə və türkdilli cihadçıların yolları ayrılır

“The İndependent” qəzetində Kim Sengupta özünün dediyi kimi Türkiyəni bürümüş terrorun nəzərdən qaçan tərəfinə diqqət yetirib.

Jurnalist yazır ki, son vaxtlar Mərkəzi Asiyanın çöllərindən və Qafqaz dağlarından qaynaqlanan terror qanlı cihad dünyasına öz töhfəsini verir.

Türkiyədən alınan son xəbərlərdə deyilir ki, İstanbulun Reina gecə klubunda qətliam törətmiş şəxsin etnik uyğur olduğu güman edilir.

Məqalədə qeyd olunur ki, son illərdə özünü İslam Dövləti adlandıran qrupun sıralarında döyüşən Mərkəzi Asiya cihadçılarının sayı və qüdrəti artmaqda davam edib.

Hazırda bu bölgədən 4 min nəfərin Suriya münaqişəsində iştirak etdiyi güman edilir.

Etnik gürcü-çeçen olan Əbu Ömər əş-Şişani ABŞ-ın hava zərbəsi ilə öldürülənədək İŞİD-in ən uğurlu komadanlarından biri idi.

Sengupta yazır ki, Vladimir Putin özünün Suriya münaqişəsinə hərbi müdaxiləsini, həm də cihadçıların sırasında çox sayda Rusiya vətəndaşının olması ilə izah etmişdi.

Məqalədə deyilir ki, çeçen separatçılar Rusiyada bir sıra hay-küylü terror aktları törədiblər və Moskvanı dəfələrlə yeni hücumların olacağı ilə hədələyiblər.

Bu arada həm də Kreml Türkiyə ərazisində məxfi olaraq onlarca çeçeni, özbək və taciki qətlə yetirməkdə ittiham olunub.

Sengupta yazır ki, Mərkəzi Asiya diasporasının Türkiyədə bu qədər böyüməsinə səbəb prezident Erdoğanın siyasəti olub. O Türkiyəni Osmanlı sultanlarının varisi və özünü isə türkdilli xalqların lideri kimi təqdim etməyə çalışırdı.

Məqalədə deyilir ki, türkdilli respublikalardan Türkiyəyə pənah gətirənlərin əksəriyyəti öz hökumətlərindən qaçan mühafizəkar islamçılar olub.

Sonradan bu adamların bir çoxu ailələri ilə birlikdə Türkiyə sərhədini aşaraq cihada qoşulmaq üçün Suriyaya keçib.

Bu cihadçıların arasında olan azyaşlı uşaqları İŞİD bəzən “xilafətin küçükləri” adlandırırdı.

Onlardan bəzilərinin 8 yaşı olduğu, bəzən isə baş kəsərək edam icra etdikləri xəbərləri yayılırdı.

Məqalədə deyilir ki, bu qədər keçmiş sovet adamının Türkiyədə sığınacaq tapması və onlardan bəzilərinin Kreml tərəfindən gizli qətlə yetirilməsinə dair iddialar uzun müddət Ankara-Moskva münasibətlərini korlayırdı, lakin indi, deyəsən iki ölkə arasında yaxınlaşma bu məsələyə münasibəti dəyişdirib.

“The İndependent” yazır ki, əvvəllər Erdoğan hökuməti uyğurların Türkiyədə Çinə qarşı keçirdikləri etiraz nümayişlərini dəstəkləyirdi.

Lakin çinli qonaqların sayının artması və Çin restoranlarına hücumlardan sonra uyğur etirazları qadağan edilib.

Üstəlik özünün ağır iqtisadi durumunda Türkiyə turist sənayesinin reputasiyasına vurulan zərbələrə dözmək niyyətində deyildir.

İki il bundan əvvəl Çin höküməti bildirmişdi ki, Şərqi Türküstan Hərəkatından olan 400 nəfər Suriya münaqişəsində cihadçıların sıralarında döyüşür. Uyğurlar Çinin Sinzyan əyalətini “Şərqi Türküstan” adlandırırlar.

“The İndependent” yazır ki, Suriyaya yollanan cihad səfərbərlərinin marşrutu Qırğızıstandan və Türkiyədən keçirdi.

Xəbər verilir ki, Çindən Qırğızıstana gələn uyğurların sayı son vaxtlarda 4 dəfə artıb. Qırğızıstan hökuməti Çinin Bişkekdəki səfirliyinə də uyğurların basqın etdiklərini iddia etmişdi.

“The İndependent” yazır ki, məhz uyğurların cihada fəal qoşulması Çini münaqişələrə qarışmamaq siyasətini dəyişməyə vadar edib.

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Mərkəzi Kəşfiyyat İdarəsi Putinin 160 milyard dollarlıq sərvətinin sirlərini niyə açmır? –Təhlil

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: