Britaniya mətbuatı: “Nə qədər ki, Eurovision-da Azərbaycan var, Britaniya da olacaq…”

“The Daily Mail” qəzeti yazır ki, Britaniyanın baş naziri David Cameron Eurovision pərəstişkarlarını toxtatmaq üçün xüsusi bəyanat verib.

O deyib ki, Britaniyanın Avropa İttifaqından çıxması ilə Britaniya Eurovision Mahnı Müsabiqəsindəki iştirakını dayandırmayacaq.

Baş nazirə Britaniyanın Avropa İttifaqından çıxmaması üçün eşitdiyi “ən axmaq arqument” barədə sual verilmişdi.

Baş nazir deyib ki, Britaniyanın Avropa İttifaqından çıxması ilə Eurovision-dan da çıxacağı barədə iddialar cəfəngdir.

“Arqumentlərdən biri də budur ki, biz Eurovision Mahnı Yarışından çıxa bilərik. Bu çox kədərli bir iş olardı. Amma düşünəndə ki, İsrail və Azərbaycan və ya Avropaya yaxın hər hansı ölkə, hətta Avstraliya bu müsabiqədə iştirak edə bilirsə, biz də rahatlıqla onlara qatıla bilərik” – deyib David Cameron millət vəkillərinə.

“The Daily Mail” yazır ki, baş nazirin bəyanatından az əvvəl Britaniyanın sosial mediasında ölkənin Eurovision yarışına buraxılmayacağına dair isterika yaşanırdı.

Bəziləri yazırdılar ki, Britaniya iyunda keçiriləcək referendumda Avropa İttifaqından çıxmağa səs versə, onda mahnı müsabiqəsinə də buraxılmayacaq.

“The Daily Mail” yazır ki, baş nazirin də dediyi kimi, hətta Avstraliyanın da iştirak etdiyi Avropa yarışından Britaniyanı heç kim məhrum edə bilməz”.

Image copyrightAFP  Britaniyanın baş naziri David Cameron

Eurovision ittifaqdan qədimdir

İş o yerə çatıb ki, Birləşmiş Krallıq Eurovision pərəstişkarlar klubunun prezidenti Alasdair Rendall da ayrıca bəyanatla musiqisevərləri sakitləşdirməyə çalışıb.

“Yox bizə bu yarışı heç kim qadağan edə bilməz, – deyib cənab Rendall, – Eurovision yarışında iştirak etmək üçün bütün ölkələr Avropa Yayın İttifaqının üzvü olmalıdırlar. AYİ Avropa İttifaqından asılı qurum deyildir və Avropadan kənarda olan bəzi ölkələr də onun üzvüdürlər. Məsələn İsrail kimi…”

O əlavə edib ki, Britaniya Eurovision Mahnı Yarışına 1957-ci ildə, Avropa İttifaqının üzvü olandan 16 il əvvəl qatılıb.

61-ci Eurovision yarışı gələn ay Stokholmda keçiriləcək. Ötənilki yarışın qalibi İsveçi təmsil edən Mans Zelmerlow olub.

Qaçqın mövzusu

Builki yarışın leytmotivi son 12 ayda Yaxın Şərqdəki evlərini tərk edərək Avropaya axışmış bir milyondan artıq qaçqının problemi olacaq.

Lakin İsveç Avropa İttifaqında qaçqınlara ən xoş üz göstərən bir ölkə kimi tanınsa da, Stokholm son vaxtlarda daxili siyasi gərginlik və hökumətin tənqidi ilə əlaqədar sərhədlərini bağlamağa və qaçqınları deport etməyə başlayıb.

“The Daily Mail” yazır ki, bu siyasət davam edərsə, İsveçdən ümumilikdə 80 min qaçqının deportasiya ediləcəyi gözlənilir.

Zelmerlow ölkənin qapılarını qaçqınların üzünə bağlamış hökumətin tənqidinə çağırıb.

Qəzet yazır ki, Britaniya builki yarışda rok dueti Jake və Joe ilə təmsil olunacaq.

Image copyrightReuters
Bu il Eurovision yarışı İsveçdə keçiriləcək

Dostluqda ət “əsas məsələdir”

“The Daily Mail” yazır ki, sözü gedən parlament sessiyasında cənab Cameron Avropa İttifaqında üzvlüyə dair referendumla bağlı daha ciddi məsələlərə də toxunub. O millət vəkillərini ölkənin Avropa İttifaqında qalması üçün çalışmağa çağırıb.

“Amerika Birləşmiş Ştataları ilə ən dost münasibətlərimizə baxmayaraq, biz istehsal etdiyimiz mal ətini Amerikaya sata bilmirik. Yaxşı münasibətlərdə olmaq hələ azdır. Gərək həm də möhkəm ticarət münasibətlərində olasan” – deyib baş nazir.

Səudiyyə İranla çəkişsə, neft 30 dollara düşəcək

“The Daily Telegraph” qəzetində Jillian Ambrose yazır ki, neft qiymətlərinin bir günün içərisində aşağı-yuxarı oynaması artıq adi hal alıb.

Son birja satışında səhər neft qiymətləri 2 faiz ensə də, axşam çağı yenidən 2016-cı il üçün ən yüksək həddinə dırmanıb.

Buna iki xəbər səbəb olub. Küveytdə neftçilərin tətilinin nəhayət dayanması barədə xəbər neftin qiymətini salıb, lakin günün ikinci yarısında ABŞ-da neft təchizatına dair son hesabatın gəlməsi ilə qiymətlərin yüksəlməsi bir olub.

Beləliklə, neftin qiyməti səhər 43 dollara düşüb, axşam 45 dollara qalxıb.

“Axşam bazarı”

Neft qiymətlərinin “axşam bazarında” dirçəlməsinə səbəb olmuş ABŞ enerji hesabatında deyilirdi ki, Amerika neft anbarlarının dolması gözlənildiyindən daha az həcmdə olub.

Image copyrightbbc
Neft qiymətlərinin aşağı-yuxarı oynaması artıq adi hal alıb.

“The Telegraph” yazır ki, neft qiymətlərinin təlatümü ötən həftə OPEC və qeyri-OPEC üzvləri Qətərdə keçirilən görüşdə hasilatın dondurulması barədə razılığa gələ bilməyəndən sonra başlanıb.

Həmin iclasın ertəsi günü neft qiymətləri az qala 40 dollardan aşağı enmişdi, lakin üç gün sürən Küveyt tətili qiyməti nəinki bundan aşağı düşməyə qoymadı, hətta bir az qaldırdı da.

Lakin Saxo Bankın neft təhlilçisi Ole Hansen “The Telegraph” qəzetinə deyib ki, Küveytin hasilatı tətildən əvvəlki səviyyəyə qaldırmağa çalışdığı bir vaxtda diqqəti yenidən qiymət dəyişmələrinin başqa göstəricilərinə yönəltmək lazımdır.

Dohanın səsi sonra çıxacaq

Xanım Hansen xəbərdarlıq edib ki, ötən həftəsonu Dohada iflasa uğramış iclasın təsirləri hələ tam üzə çıxmayıb.

Onun sözlərinə görə, əslində, bu görüşdə razılığa gəlinməməsi qarşıdan gələn aylarda hasilatın gözlənildiyindən daha çox artmasına yol aça bilər. Bu isə neft qiymətlərini yenidən üzüaşağı dartmaq iqtidarında olan faktordur.

Təhlilçi deyir ki, Səudiyyə Ərəbistanının siyasi hakimiyyət strukturundakı dəyişiklik neftin qiymətlərinə siyasi təsir göstərə bilər.

Əgər Səudiyyə hasilat silahını İranın əleyhinə çevirib neft çıxarılmasını artırarsa, bir barrelin 30 dollara düşəcəyi istisna olunmamalıdır.

Bura öz növbəsində İranın da neft hasilatını artırmağa çalışmasını, Liviyadakı siyasi vəziyyətin yaxşılaşacağı ehtimalını əlavə etmək lazımdır.

Xanım Hansen deyib ki, Liviyanın bazara qayıtması günə əlavə olaraq 1, 6 milyon barrel neft deməkdir.

Saxo Bank inanır ki, Brent markasından olan neftin qiyməti yay aylarında 35-45 dollar arasında ləngər vurmaqda davam edəcək.

Bundan sonra qiymətlərin 50 dollara yüksəlməsini də gözləmək olar.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Arda Turanın 4 İyunda evlənəcəyi deyilir – Foto

%d bloqqer bunu bəyənir: