Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Britaniya funtunun dəyərdən düşməsi manata da təsir edəcək

Ekspertlər milli valyutanın dəyərsizləşməsindən narahatlıqlarını bildirirlər: dünyanın iqtisadi modeli də kəskin dəyişəcək, mövcud maliyyə sistemi çökəcək… 

Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxmasının tərəfdarları 16,7 milyonluq səs baryerini keçərək referendumda qalib gəliblər. Ümumilikdə AB-dən çıxmaq istəyənlər səsvermədə iştirak edənlərin 52, qalmağın tərəfdarları isə 48 faizini təşkil edib. AB referendumunun ehtimal olunan nəticələrinə görə funtun məzənnəsi kəskin şəkildə enib. Səhər saatlarında funtun məzənnəsi 1,3305 dollaradək düşüb, bu isə 1985-ci ildən bəri ən aşağı göstəricidir. Nəticələr daxil olmazdan əvvəl funtun məzənnəsi 1,50 dollar idi. Yerli ekspertlər bildirirlər ki, funtun məzənnəsinin düşməsi ilə dollar digər valyutalar üzərində dəyər qazanacaq.
Ekspert Saleh Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu prosesdən kimsə qazanmayacaq: “Ancaq itkilər olacaq. İngiltərə hazırda ən çox borcu olan ölkədir, 9,51 trilyon xarici borcu var. Bu borc da alınan kreditlər deyil. Britaniya bankları böyük, məşhur banklardır, dövlət kreditləri və  əmanətlərdir. Böyük miqdarda dollarla borc əmələ gəlib. Beynəlxalq maliyyə mütəxəssisləri xəbərdarlıq etmişdilər ki, məlum qərar olarsa, funt sterlinq dərhal düşəcək. Son 30 ildə funt sterlinq böyük krizis yaşayıb. 1992-98-ci illərdə funt sterlinq kəskin şəkildə aşağı düşmüşdü. İndi bundan da aşağı səviyyəyə düşdü. İngiltərədə bir gecənin içərisində daxili qiymətlər 500 milyon dollar artdı. Bu qərar dünyanı silkələdi. İkinci bir tərəfdən, dünyanın gedişinə, maliyyə vəziyyətinə pis təsir göstərir. Bu qərar bütün ölkələrdə təsir etdi, maliyyə bazarlarında ciddi çaxnaşma yaranıb. Aksiyaların, istiqrazların faizi düşüb. Bu, Azərbaycana da müsbət təsir etməyəcək. Çünki Azərbaycan Avropa istiqaməti götürmüş bir ölkədir. Və Avropa ilə, Amerika ilə, Qərblə sıx əlaqəyə görə də orada parçalanmanın Azərbaycanın iqtisadiyyatına, maliyyə vəziyyətinə müsbət təsir göstərəcəyini düşünmürəm. Daha çox mənfi təsir göstərəcək”.
Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, milli valyuta olan manat yenidən sınaq qarşısındadır: “Böyük Britaniyada keçirilən referendum nəticəsində bu ölkənin Avropa Birliyini tərk etməsinə dair təklifin çoxluq tərəfindən dəstəklənməsi dünya bazarlarında yeni təlatümlər yaradıb. Məlum hadisədən sonra dollara nəzərən  funt-sterlinq 7,18 faiz, avro isə 2 faiz bir gündə dəyər itirib, həmin gün Brent markalı xam neftin qiyməti isə 2 dollara qədər və ya 3,83 faiz ucuzlaşıb. Eyni zamanda bu hadisədən sonra fond bazarlarında səhmlərin dəyərində də dəyişikliklər müşahidə olunur. Belə ki, ABŞ iqtisadiyyatında əhəmiyyət kəsb edən Dow Jones Sənaye və Standard and Poor 500 indekslərinin dəyər qazanıb, Asiya iqtisadiyyatına təsiri olan NASDAQ və Nikkei indeksləri isə dəyər itirib. Bu dəyişikliklər Azərbaycan manatının dollara nəzərən məzənnəsinə təzyiqləri də artıracaq. Dünyada dolların mövqeyini möhkəmləndirən bu cür tendensiyalar, o cümlədən Türkiyə və Rusiya kimi inkişaf etməkdə olan ölkələrin milli valyutalarının məzənnəsinə də təsirsiz ötüşməyəcək”.
Ekspert Əkrəm Həsənov isə deyib ki, Avropa Birliyinin dağılması prosesi başlayıb: “Referendumun nəticələrindən asılı olmayaraq bu faktın özü vahid Avropa eksperimentinin uğursuzluğuna dəlalət edir. Əvvəlcə, vahid konstitusiyanı qəbul edə bilmədilər, indi də ən iri dövlətlərdən birinin əhalisi Birliyin əleyhinə oldu. Referendum Birliyin əleyhinə başa çatdı, onun dağılması prosesi dönməz xarakter alacaq. Dünya dəyişir. Yeni geosiyasi reallıqlarla üzləşirik. Ziddiyyətlər, parçalanmalar, çaxnaşmalar artacaq. Dünyanın iqtisadi modeli də kəskin dəyişəcək, mövcud maliyyə sistemi çökəcək. Bütövlükdə qarşıda kəskin qlobal böhran var. Daxili iqtisadi və institusional problemlərimizi də nəzərə alsaq, ölkəmiz üçün yaxın illər çox bədbin görünür. Buna görə də Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması ilə yanaşı real və hərtərəfli islahatlar mütləqdir”.
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, Britaniya referendumunun nəticələri Avropanın, hətta dünyanın siyasi, iqtisadi, ictimai xəritəsini dəyişdirəcək, ciddi təsirləri olacaq: “Hətta “domino” effekti yarada bilər. Avropa Birliyi əvvəl “kömür və metal” birliyi kimi yarandı, Almaniya və Fransanın bir daha müharibə etməyəcəkləri üzərində inşa olundu. İlk yarananda Avropa dəyərlərini önə çıxartdılar, sonra isə hər bir dövlətin təbii maraqları önə çıxmağa başladı. Daha bir səhv addım o idi ki, Şimali Avropa dövlətlərinin inkişaf tempinə və dəyərlər sisteminə uyğun olmayan Cənubi Avropa ölkələrini də tez-tələsik bu birliyə qoşdular, bunun iqtisadi nəticələrini sonunacan hesablaya bilmədilər. Bu gün Yunanıstan, Kipr, İtaliya, İspaniya kimi ölkələrdə olan iqtisadi problemlər həmin səhv hesablamaların nəticəsidir. Avrozonaya daxil olan Cənubi Avropa ölkələri iqtisadi çətinlik zamanı effektiv yol olan öz milli valyutalarının devalvasiya edilməsi yolundan məhrum oldular. Yəni bu gün Yunanıstan Avrozonada olmasa idi, öz keçmiş milli valyutalarını dəyərdən salmaq yolu ilə bir çox problemlərini həll edə bilərdi. Təbii ki, AB Yunanıstana böyük dəstək də verdi, verir də, amma həmin kreditlərin geri dönüşü mümkün görünmür. Bu gün Yunanıstanın xarici və daxili borcu ÜDM-lərinin ikiqatı səviyyəsindədir və bundan sonra 100 il də keçsə, yunanlar bu borcu qaytara bilməyəcəklər. AB borc verməklə həm də öz istehsalçılarına dəstək olurdu ki, yunanlar həmin kreditə, məsələn, Almaniya istehsalı olan avtomobillər alırdılar, dolayısı ilə, həmin vəsait elə Almaniyaya qayıdırdı”.
 
Ekspertin sözlərinə görə, son illər yaranan immiqrant problemi, anti-müsəlman söyləmləri AB ölkələrində yenidən millətçiliyi artırdı. Britaniya referendumunda AB-yə “yox” deyənlərin tamamına yaxını məhz AB-nin immiqrantlarla bağlı siyasətinə görə oldu: “Hələ 10-15 gün dünya iqtisadiyyatı bunu “həzm” etməyə çalışacaq, nə baş verdiyini tam anlayana qədər dünya birjalarında böyük dalğalanmalar olacaq. İyulun əvvəlinə bu panika səngiyəcək, daha soyuq başla vəziyyət dəyərləndiriləcək. İlk olaraq ən böyük zərbə elə Britaniyaya dəyəcək, funt dəyərdən düşəcək. Bu, orta və uzun vədədə Britaniya üçün heç də pis deyil. Londondan böyük şirkətlərin və bankların nümayəndəlikləri kontinental Avropaya köçəcək, Londonun dünyanın maliyyə mərkəzi statusuna ciddi zərbə dəyəcək. Amma Britaniya ilə AB-nin “boşanma” sürəci 5-8 il çəkəcək, yəni iqtisadi əlaqələrə həmən ziyan dəyməyəcək, bu, tədricən baş verəcək. Dünyanın valyuta ulduzu yenidən dollar olacaq, bu da əmtəələrin qiymətinin enməsinə ciddi təsir göstərəcək”.
Prosesin ictimai nəticələrinə gəldikdə isə, ekspert qeyd edib ki, Avropa Birliyi ölkələrində “mərkəzdənqaçma” prosesləri sürətlənəcək: “Avropa öz dəyərlərini unudub daha da millətçi və radikal siyasi qrupların təsiri altına düşəcək. Bu daha böyük təhlükədir, AB ölkələri bunun qarşısına keçə bilməsələr, ciddi paradiqma dəyişikliyi baş verəcək”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Neftin qiyməti “istirahətə” hansı səviyyədə getdi?

%d bloqqer bunu bəyənir: