Loading...
Loading...

Böyrəyini satan Azərbaycan

Azərbaycanda ötən 23 ildə, xüsusilə də son illərdə o qədər skandal, dəhşətli, qorxunc xəbərlər duyduq ki, artıq insanlarımız üçün heç nə heyrət yaratmır. Hərçənd ki, yaxın günlərdə yayılan bir şəkil insanlığın ölkəmizdə gəldiyi son nöqtədən xəbər verir.

“Böyrəyimi satıram” deyirdi insanımız. Allah verdiyi canı kəsib satmaq?! Bunu küçədə bir anonsla elan etmək və qarşılığında 40-50 və ya 70 min dollar istəmək. Bir evin qiyməti belə deyil bu!

Dünyada bir böyrək üçün milyonlarını tökən insanlar varkən, bizim insanımız bunu kəsib satmağa çalışır. Əslində bunu edən həmvətənimi əsla qınamaram, kim bilir hansı məcburiyyətlər onu bu həddə gətirib?

Bu ölkədə kreditini qaytara bilmədiyi üçün, qızına cehiz, uşağına xərclik verə bilmədiyi üçün, ya da sadəcə evinə çörək apara bilmədiyi üçün, ailə üzvünü müalicə etdirə bilmədiyi üçün insanlar intihar edirsə, böyrəyini satan həmvətənimin də illah ki, özünə görə bir səbəbi vardır.

Məsələ sadəcə pulsuzluqda deyil, insanların belə seçimlər etməsinə sistemin yaratdığı ictimai əhval zəmin yaradır. Bu, ümidsizlik! Bu, çarəsizlik! Insanların özünü, öz bədənini bu qədər ucuzlaşdıran bir mentalitet. Insanları bezikdirən, iyrəndirən, boğan şərait. Gündəlik həyatda ardıcıl narazılıq, ədalətsizlik, aqressiya və utanc. Dövlət idarələrinin bir təzyiq aparatı kimi işləməsi də ki, ən betər. Bunlardır insanlarımızı belə radikal çarə yollarına sövq edən.

Insanlığı belə küncə dirəyən amil təkcə kasıblıq deyil.

Afrikada kasıblıq haqda bir reportajı izləyirdim. Yerlilərdən biri deyirdi: “Kasıblığı belə şişirtmək olmaz. Mən əslində özümü dünyanın ən zəngin adamı sayıram. Baxın qollarıma, ayaqlarıma, gözlərimə, sağlamlığıma, hansı birini milyarda dəyişərəm? Heç birini. Deməli, onlar milyarddan daha dəyərlidir. Yəni mən çox böyük bir sərvətə sahibəm…”

Fransada, insani demokratiyanın həqiqi beşiyində bir hadisə baş vermişdi. 1991-ci ildə, hüquq tarixinə “liliput atma” dosyesi olaraq düşən bu hadisə, Morsang-sur-Orge adlı bir kiçik şəhərdə olmuşdu. “Fun Production” adlı bir diskoda insanlar qanuni işçi olan liliputu qucaqdan qucağa atmaqla əylənirdilər. Şəhərin meri təcili qərarla buna qadağa qoyur və bütün məhkəmə pillələrinə qalxır. Hüquqi presedenti olmayan bu hadisədə, hüquqi mənbə də yox idi. Liliput maaş alırdı və bütün təhlükəsizlik tədbiri də nəzərdə tutulmuşdu ki, ona ziyan gəlməsin. Öz istəyilə və əylənərək pul qazanırdı. Ancaq bütün hüquq sistemi və Dövlət Şurası qadağanı təsdiqlədi. Çünki insancıl demokratiyada bir prinsip vardır ki, bu, Fransa hüquq sistemində sarsılmaz qaydalardan sayılır: “Insan bədəni və ləyaqəti ticarətin predmeti ola bilməz”. Hətta çörək qazanmaq üçün, ya da öz istəyilə də olsa. Yəni insancıl dövlət insanı özündən belə qoruyur.

Bir başqa hadisəylə Isveçrədə üzləşdim. Ictimai nəqliyatda qarşılaşdığım bir idmançı hər həftə Isveçrəyə gedirdi. Orada bəlli firmalar rinq təşkil edib, döyüşdürüb, mərcə pul qoydurur, qazanır və qazandırırdı. Idmançı mənə dedi ki, “bu Fransada qadağandır deyə buraya gəlirəm”. Niyəsini isə bilmirdi… Yenə eyni prinsip: insancıl hüquq sistemində insan həyatı, bədəni idmana sərf oluna bilərsə də, pula, kommersiyaya mövzu ola bilməzdi…

Yeri gəlmişkən, fühuş, yəni qadın bədəninin istismarı ilə bağlı nümunə də bu fəlsəfə ilə tənzimlənir. Bəzi demokratiyalarda leqal olan, dövlətin nəzarətində və etibarlı işləyən “qırmızı evlər” (söhbət əxlaqsızlıq yuvasından gedir) Ingiltərədə və Fransada qadağandır. Gətirilən izah eynidir: insan bədəni və əxlaqı bir obyekt açıb orada satışa qoyula bilməz. Insan bədəni üzərindən pul qazanıla bilməz. Özləri demişkən, insan bədən ticarətdən kənardır… Isveçdə, Norveçdə, Islandiyada hətta fühuş, yəni qadının özünü satması ilə bağlı bir qanun vardır. Küçə qadını ilə ünsiyyətdə olan adam cərimə ödəyir. Prinsip odur ki, insan bədəni pulla alına bilən sayılmamalıdır. Bu səhvə düşən adam cərimələnməlidir. Heç kim təsəvvür etməməlidir ki, “mən pulla bir bədəni alıb istismar edə bilərəm”.

Bütün bu nümunələr ondan ötəridir ki, bir ölkədə dövlət nəinki insanın özünün bədənini, Allahın verdiyi canı bölüb satacaq səbəbləri ortadan qaldırır, bunu etmək ağla gəlmir, hətta bunu istəyən adamın özünü özündən də qoruyur.

Bu gün Azərbaycanda insanımız öz böyrəyini satacaq hala gəlibsə, bu, birinci insanlıq fəlakətidir. Üstəlik, satan varsa, alan da vardır, deməkdir. Insan bədəninin pulla alına biləcəyini düşünən də vardır, deməkdir. Bu, həm də buna şərait vardır, deməkdir. Təşviq edən, vasitəçilik edən, bundan bəhrələnən də vardır, deməkdir.

Insancıl demokratiyanı qurub, insanlığa düşmən kəsilən bu şəraitə dayan demək üçün gecikdik. Bu səviyyələrə çatdıq. Hamımıza keçmiş olsun.

azadliq.info

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ağdaş polisi “kabus” dolaşan kəndi nəzarətə götürdü

%d bloqqer bunu bəyənir: