Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
62617

“Bolkart, Albali kreditlə… məzar daşları al”

Azərbaycanda bu xidmətin çatdırılması və quraşdırma pulsuzdur…

Yanlış anlamadınız. “Bakıda məzar daşları qiyməti, yeni məzar daşları 2015 elanları, ucuz qiymətə məzar daşları satılır, icarəyə verilir, Kapitalkart, Bolkart, Albali kreditlə məzar daşları al” yazılmış elan ucuztap.az saytında, səhifənin lap altında yerləşdirilib.

Məzar daşlarına bank faizi

Bizimyol.info araşdırma zamanı həmin saytda məzar daşlarının müxtəlif bank kartları vasitəsilə hətta kreditə verildiyinə rast gəlib. Elan 8 ay əvvəldən verilib və bugünə qədər də qüvvədədir. Məzar daşlarının bank kartları ilə satılması bir tərəfə, icarə verilməyinin mexanizmi müəmmalıdır. Ucuztap.az, tap.az saytlarında iki eyni elandakı qiymətlərə nəzər salaq. Məzar daşlarının qiymətinin 300-800 manat arasında dəyişdiyi yazılır. Qiymətlər belə dəyişir: 1-ci şəkildəki məzar daşı 300 manat, 2-ci 400 manat, 3-cü 450 manat, 4-cü 550 manat, 5-ci 550 manat, 6-cı 570 manat, 7-ci 600 manat, 8-ci 720 manat, 9 və 10-cu şəkillərdəki məzar daşlarının qiyməti isə 800 manat göstərilir. Xəzər rayonu Binə qəsəbəsində hazırlanan daşların çatdırılma və quraşdırılması qiymətlərə daxilmiş. Amma orada bank faizinin qiymətə əlavə olunub-olunmadığı qeyd edilməyib. Hər halda bunlar konkret olduğuna görə, məzar daşlarının “banka girmədən” olan qiymətlərinin olma ehtimalı yüksəkdir. Başqa bir elanda qiymət 100 manat yazılsa da içində bu qiymətə daş təklif olunmur, “razılaşma yolu” ilə yazılır. Amma hər növdə məzar daşının olduğu qeyd edilir və hətta şəkillərin daş üzərində vurulmasından başqa bütlərin də hazırlandığı vurğulanır. Yəqin söhbət rəhmətə gedənlərin heykəlindən gedir.

Araşdırmalara görə Bakıda mənzil qiymətinə də məzar daşları hazırlanır – təxminən 40-50 min manata qədər. Gömrük statistikasına əsasən bu ilin 8 ayında ölkəyə 33 046.22 min dollarlıq daş, gips, sement, asbest, slyuda və analoji materialdan məmulatlar idxal edilib. Keçən ilin analoji dövründə bu rəqəm 62 347.97 min dollar təşkil edib. Ixracda belə materialların həcmi olduqca azdır. Statistik məlumatlara görə 2010-cu ildə ölkəyə 61 972.4 min dollar, 2011-ci ildə 90 123.9 min dollar, 2012-ci ildə 110 623.9 min dollar, 2013-cü ildə 80 944.8 min dollar, 2014-cü ildə 62 224.8 min dollar və keçən il 87 714.6 min dollarlıq belə materiallar gətirilib. Statistikada ayrıca göstərilmədiyindən bunların hansının araşdırmanın predmeti olduğunu söyləmək çətindir.

Həkimlər xəstəliklərin, məzar daşı ustası isə sifarişlərin artdığını deyir

Son vaxtlar həkimlər ölkədə xəstəliklərin artdığını deyir. Əlbəttə, bunu onlara müraciət edənlərin sayı ilə söyləyə bilirlər. Misal üçün, bu yaxınlarda uşaq poliklinikasında həkim dedi ki, son zamanlar allergik bronxial-astma xəstəliyi ilə onlara müraciət edənlərin sayı durmadan artır. Hepatoloqlar da onlara üz tutan xəstələrin xeyli çoxaldığını deyirlər. Eləcə də digər xəstəliklərin statistikası artır. Bu gün azadlıq.org yazır ki, məzar daşı hazırlayan usta da onlara sifarişlərin artdığını deyib. Bu da həkimlərin söylədiklərinin məntiqi nəticəsi. Amma baxmayaraq ki, ölənlərin sayı artır, məzar daşı düzəldənlərin isə qazancı getdikcə azalır. Çünki, insanlar çox vaxt sifarişləri nisyə ödənişlə verirlər.

Bahalı daşlar Ukrayna, Hindistan, Çin, İtaliya, İrandan idxal edilir

Xezerxeber paytaxda və bölgələrdə hazırlanan baş və sinə daşlarının qiymətlərini araşdırıb. Bəlli olub ki, sadə məzar daşını 300-400 manata, mərmərlə olanları isə 1000-1500 manata hazırlayırlar. Sadə qəbir daşları əsasən Qazax, Daşkəsən və digər rayonlardan gətirilir. Ustalar deyir ki, Qaradağda bir neçə cür daş çıxır ki, onlardan da Gülbax və Şaxqaya daha keyfiyyətli olur. Mərmərlər isə, əsasən Ukrayna, Hindistan və Çindən gətirilir. Qəbir daşlarının qiymətinə gəldikdə isə bu, ölçüdən və üzərində aparılan işlərdən aslı olaraq dəyişir. Mərmər daş xaricdən gətirildiyi üçün digərlərinə nisbətən baha qiymətə satılır. Daşlara yazı işi isə pulsuz görülür. Bölgələrdə məzar daşı təxminən 25-30 faiz daha ucuz qiymətə başa gəlir. Məsələn, Tovuzda sadə daşlardan hazırlanan baş və sinə daşları 250-300 manata satılır. Cəlilabadda ağ lay daşından hazırlanan baş daşının qiyməti 500 manatdır. Mərəmərdən olan baş daşılarının qiyməti isə 1000 manatdan yuxarıdır. Baş daşıları arasında ən bahalısı Qranit hesab olunur. Qranitdən olan standart baş daşının qiyməti 1500 manat təşkil edir. Əgər qəbrin sinə daşı da eyni materialdan hazırlanırsa onda qiymət iki dəfəyə kimi qalxır – 3000 manat. Baş daşı üzərinə çəkilən rəngli şəkilin qiyməti isə ayrılıqda müştəriyə 150 manata deyilir.

Qiymət artımı səbəbindən sağlığında özünə qəbir daşı sifariş edənlər var

Başqa bir usta deyir ki, Azərbaycanda qəbir daşlarının ən ucuzu 150 manata, ən bahalı isə 7 min manata başa gəlir. Ölkədə qranit yataqları olsa da, onlardan istifadə edilmir. Bu məqsədlə Hindistan, Ukrayna və Çindən bahalı daşlar idxal edilir. Qiyməti də ölkəyə görə müəyyən edilir. Ən bahalı daşlar Ukraynadan gətirilənlərdir. İrandan, İtaliya kimi ölkələrdən, hətta Afrikadan da daş idxal edilir. Daşların çəkisi 200 kiloqramdan 1 tona kimi olur. İlk əvvəl daş yonulur, üzlük vurulur, rəssam işini bitirir, sonda yazılar yazılır. Adi məzar daşlarının qiyməti 150-300 manatdan başlayır, qara mərmərdən hazırlanan baş daşları isə 800 manatdan start götürüb 5-7 min manatadək yüksələ bilir. Keyfiyyətinə, sıxlığına, gözəlliyinə, rənginə görə fərqlənir. Ən bahalı daş qırmızı daşdır. Başdaşının hansı mərmərdən hazırlanması da qiymətə təsir edir. Qiymətlərə daşın üzərinə çəkilən şəkil, yazı və daşın quraşdırılması da daxildir. Şəkil və əl işləri isə qiymətə təsir edən əsas amildir. Sadə və ağ-qara şəkillə ərsəyə gələn daşla, işləməli və rəngli şəkilli daşlar arasında 150-200 manat fərq olur. Əvvəllər daha çox iri daşlar sifariş verilsə də, hazırda tələbat kiçik daşlaradır. İndi qara mərmərdən xeyli ucuz olan adi ağ daşlara da üstünlük verilir. Hətta qiymət artımını nəzərə alıb, sağlığında özünə qəbir daşı sifariş edənlər də var. Çatdırılma və quraşdırma pulsuzdur. Ev əşyalarında olduğu kimi.

Bizimyol.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Günün qoroskopu: qərarları vaxtında və sürətlə qəbul edin

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: