Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

”Böhran imtahanı”ndan kəsilən Mərkəzi Bank

Mərkəzi Bankın imtahandan kəsildiyini göstərən əsas fakt bu qurumun bank sektorunu qara qutuya çevirməsi oldu

Hələ böhrandan öncə ictimai rəydə belə rəy hakim idi ki, Azərbaycan hökumətinin iqtisadi qanadı içərisində Mərkəzi Bank öz peşəkarlığı ilə seçilir.
Amma Mərkəzi Bank “böhran imtahanı”ndan yağlı bir “2” aldı. Təkcə ona görə yox ki, manat bir ildə 2 dəfə dəyərsizləşən milli valyuta kimi dünya kubokunu başı üzərinə qaldırdı. Və ya yalnız o səbəbdən yox ki, 20 ildə Mərkəzi Bank bank sektorunun, kredit bazarının, valyuta bazarının tənzimi ilə bağlı daha effektiv nəzarət mexanizmlərini qura bilmədi, dayanıqlı iqtisadi inkişafı təmin edəcək monetar siyasət formalaşdırmaqda bütün resurslarını xərcləmədi. Zatən manat daha çox “resurs lənəti”nin, “holland xəstləyi”nin qurbanıdı. Ölkədə rəqabət qabiliyyətli real sektor yaradılmayıbsa, ən əsası azad iqtisadi sistem qurmaq üçün siyasi iradə yoxdursa, sərbəst və rəqabətə dayalı iqtisadi münasibətlər sistemini hərəkətə gətirən institutlar formalaşdırılmayıbsa, ölkədən kapitalın sürətlə qaçdığı və ixrac gəlirlərinin nəhəng həcmdə itirilməsi nəticəsində tədiyyə balansında böyük həcmli kəsrin yarandığı şəraitdə Mərkəzi Bankın “sehrli çubuq”la manatı qoruyacağını iqtisadi təhlilçilər ciddi qəbul etməzlər.

Mərkəzi Bankın imtahandan kəsildiyini göstərən əsas fakt bu qurumun bank sektorunu qara qutuya çevirməsi oldu. Son ilyarımda Bankın hesabatlılığı heç vaxt olmadığı qədər ən aşağı həddədək pisləşib. Bankların maliyyə fəaliyyətinin nəticələri, ilk növbədə, onların gəlir və xərcləri, bank aktivlərinin və passivlərinin strukturu, bankların valyuta mövqeyi barədə artıq 1 ildir məlumat açıqlanmır.

Real sektorun monitorinqinin nəticələrinə dair hesabat tam həcmdə saytda yerləşdirilimir. Amma, məsələn, istənilən şəxs Qazaxıstan Mərkəzi Bankının saytında rüblük hesabatlarla tanış ola bilir. Real sektorun monitorinqinə dair hesabatın ictimailəşdirilməsi fövqəladə dərəcədə vacibdir. Bu hesabat vasitəsilə iqtisadiyyatda gedən prosesləri dəqiq görmək, proqnoz etmək mümkündür. Bu hesabatı görmək və istifadə etmək vətəndaş cəmiyyətinin və medianın, elmi mərkəzlərin haqqıdır. Məhz həmin hesabatda müxtəlif sektorlar üzrə müəssisələrin maliyyə-iqtisadi durumu və onların işgüzar fəallığı, məhsullara tələbatın səviyyəsi, bank sektorunun real sektora təsiri ilə bağlı real mənzərəni görmək olar. Ölkənin beynəlxalq investisiya mövqeyilə bağlı məlumatları açıqlamır. Bu məlumatlar açıqlanarsa, təkcə hökumətin deyil, özəl sektorun, təsərrüfathesablı dövlət sektorunun, bank sektorunun dünyaya olan borcları, dünyanın isə bizə olan borcları, qarşılıqlı invesitisiya öhdəlikləri ictimailəşər. Bu hesabatı da görmək və istifadə etmək vətəndaş cəmiyyətinin və medianın, elmi mərkəzlərin haqqıdır.

Bank sektorunda likvidliyi təmin etmək üçün SVOP əməliyyatları çərçivəsində kommersiya bankları vəsaitlə təmin edilir. Mərkəzi Bankın açıq bülletenlərində bu əməliyyatların həcmi və dövriliyi ilə bağlı məlumatları görmək mümkün deyil.

Hökumət zəmanəti ilə Mərkəzi Bank təkcə dövlət sektoruna deyil, özəl sektora da kredit dəstəyi verir. Amma bu dəstəkdən hansı subyektlərin yararlandığını, öz növbəsində yekunda iqtisadiyyatın bu dəstəkdən nə qazandığını da qara qutuda saxlayırlar.

Maliyyə sabitliyinə dair hesabat sonuncu dəfə 2015-ci ilin ilk rübündə açıqlanıb. Bank sektorunda konsentrasiyanın izlənməsi baxımından bu hesabat olduqca vacibdir.
Dünyaya diqqətlə baxmaqda fayda var, böhrana qarşı ən davamlı, yüksək immuniteti olan ölkələr açıq və şəffaf idarəetmə standartları olan ölkələrdir. Hökumət qapandıqca, böhran iqtisadiyyatı daha sürətlə qapayır. İndi müasir dünyada hökumət idarəçiliyndə qapanmaq çökməyin, batmağın sinonimidir…

mənbə: http://rovsanaghayev.blogspot.com/2016/05/bohran-drslrindn-2-alan-mrkzi-bank.html?m=1

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyə ordusu keçmiş nüfuzunu geri qaytarır

%d bloqqer bunu bəyənir: