Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Bizə hədə-qorxu gəldi” –Hökməlidə baş verən dəhşətli cinayətin təfərrüatı – İLK DƏFƏ

Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Fəqani Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Fəqani Şükürov 31 oktyabr 2014-cü il tarixdə, saat 23 radələrində özünün idarə etdiyi Mübariz Qəribova “VAZ 21214” markalı avtomaşınla İsmixan Soltanovun Hökməli qəsəbəsindəki mebel sexinin yaxınlığına gəlib.
Fəqani Şükürov özü ilə gətirdiyi ov silahını da özü ilə götürərək avtomobildən düşüb. O, əvvəllər tanımadığı, aralarında hər hansı ədavətin olmadığı Aşağı Güzdək qəsəbəsinin sakinləri Orxan Məmmədov, Rauf Rəşidov, İlkin Şirəliyev, Elnur Şahverdiyev və Kamal Qurbanovdan nəyə görə dayandıqları yerə yığışdıqlarını soruşub.
Fəqani heç bir səbəb olmadan onların ünvanına nalayiq sözlər işlədib və ictimai qaydanı pozub. O, silahlı həmin şəxsləri hədələyib. Həmin vaxt “VAZ 2107” markalı avtomaşının içərisində əvvəllər tanımadığı, ona qarşı hər hansı qıcıqlandırıcı hərəkət belə etməyən Aşağı Güzdək qəsəbəsinin sakinləri Xəqani Səfərəliyevin, Vaqif Əmikişiyevin və Vasif Atamoğlanovun əyləşdiklərini görüb.
Qətl
O, həmin şəxslərin hər üçünü öldürmək qərarına gəlib. Bu niyyətlə Fəqani tüfəngi avtomobilin sükanı arxasında oturan Xəqani Səfərəliyevə tərəf tuşlayıb və tətiyi çəksə də, atəş açılmayıb. Bundan istifadə edən Xəqani Səfərəliyev həyatını xilas etmək üçün avtomobili idarə edərək hadisə yerindən uzaqlaşıb.
Fəqani niyyətini başa çatdırmaq üçün hərəkətdə olan avtomobildə olan Xəqani Səfərəliyevə, Vaqif Əmikişiyevə və Vasif Atamoğlanova iki dəfə ardıcıl atəş açıb. Həmin atəşlər zamanı atılan mərmilər-qırmalar hədəfdən yayınaraq onlara dəyməyib.
Bununla kifayətlənməyən Fəqani Şükürov havaya bir dəfə atəş açıb və sonra əlindəki tüfəngin lüləsini hadisə yerində qalan Rauf Rəşidovun sinəsinə dayayıb.
Daha sonra Fəqani həmin tüfəngi Orxan Məmmədova tuşlayıb və onu öldürməklə hədələyib. Həmin vaxt hadisə yerində olan Kamal Qurbanovun onun əməllərinə son qoymaq məqsədilə “gəl, normal söhbət edək” deyib.
Bundan əsəbləşən Fəqani Kamal Qurbanovu öldürmək qərarına gəlib və bu məqsədlə əlindəki tüfəngin lüləsini Kamal Qurbanovun çağ çiyin nahiyəsinə tərəf tuşlayaraq atəş açıb. Açılan atəş nəticəsində Kamal Qurbanov ölüb.
5 maddəli cinayət işi və 18 il cəza
Nəticədə atılan mərmilərin ətrafa yayılma xassəsinə görə Kamal Qurbanovun yanında dayanan İlkin Şirəliyev və Elnur Şahverdiyevin həyat və sağlamlığı üçün də təhlükə yaradıb.
Fəqani Şükürov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqani Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fəqani Şükürov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib
Həmçinin Baş Prokurorluqda Fəqani Şükürovun cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi prosesdə araşdırılıb.
“Söyüş söyməmələrini dedim”
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Fəqani Şükürov bildirib ki, noyabrın 1-də, gecə saat 01 radələrində evdə televizorda türk kanallarına baxıb: “Bu zaman qardaşlarının yoldaşları, anam və uşaqlar isə həyətdə söhbət edirdilər. Həyətə çıxanda darvazanın çöl tərəfində bir neçə nəfərin mübahisə edərək, bir-birlərini təhqir edib, güldükləri üçün hərəkətlərindən sərxoş olduqları bildim. Həmin şəxslərə söyüş söyməmələrini, həyətdə qadınların olduğunu dedim. Bu vaxt əvvəllər heç vaxt görmədiyim 5-6 nəfər oğlan məni təhqir etdi, içəri girməyimi dedi”.
“Əlimdə tüfəng küçəyə çıxdım”
Təqsirləndirilən şəxsin sözlərinə görə, söyüşləri qəbul etmədiyindən əsəbiləşib və yatdığı otağa keçib: “Divarda olan ov tüfəngini götürərək evdə olan cəmi bir ədəd qırma dolu patronu tüfəngin patronluğuna qoydum və əlimdə tüfəng küçəyə çıxdım. Onlara dağılmalarını dedim. Həmin adamlardan biri əlimdəki tüfəngindən tutdu və tüfəngi məndən almaq istədi. Mən isə tüfəngi vermədikdə, bu vaxt istəmədən tüfəngdən atəş açıldı. Birinci həmin adamı vurduğumu bilməmişəm. Güllə yarası alan şəxs bir az qaçandan sonra həyət darvazasından təxminən 30-40 metr aralıda yerə yıxıldı. Ora qaçanda həmin şəxsin çiynindən qırma yarası aldığını gördüm. Evə qayıdaraq həyətdəki “Niva” markalı avtomobillə yaralı şəxsi xəstəxanaya apardım. Yaralını xəstəxanada qapıda dayanan sanitar işçilərinə təhvil verdim”.
“Zərərçəkmiş şəxsi öldürmək istəməmişəm”
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Höküməliyə qayıdıb: “Tüfəngi və sənədini götürərək əvvəldən tanıdığım polis əməkdaşı Mübariz Əliyevə zəng etdim. Hadisə barədə ona məlumat verdim. Sonra maşınımı həyətə qoydum və əmim Şükür Şükürov və keçmiş icra nümayəndəsi Yavərlə birlikdə Abşeron rayon Polis İdarəsinə getdim. Polis idarəsinin qapıda məni gözləyən Mübarizlə birlikdə içəri girdim. Silahı və sənədini növbətçi hissəyə təhvil verdim”.
Fəqani Şükürov bildirib ki, zərərçəkmiş şəxsi öldürmək istəməyib: “Zərərçəkmiş şəxs və onun yanında olan 4-5 nəfər adam mənim evimin qarşısında söyüş söydükləri üçün onlara xəbərdarlıq etsəm də, söyüş söyməkdə davam ediblər. Buna görə də evdən tüfəngi götürərək havaya atəş açmışam və söyüş söyən şəxsləri qorxutmaq istəmişəm. Ancaq Kamal məndən tüfəngi almaq istədiyindən aramızda dartışma olub və istəmədən tüfəngdən cəmi bir dəfə atəş açılıb. Hadisə zamanı Kamal sol gözümdən məni bir dəfə yumruqla vurub. Sadəcə olaraq həmin şəxsləri intizama dəvət etmişəm. Nəticədə də həm döyülmüşəm, həm söyülmüşəm”.
“Oğlumun öldürüldüyünü eşitdim”
Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Rafiq Qurbanovun sözlərinə görə, mərhum Kamal onun oğlu olub:” Kamal kənddə 2 ay idi ki, bərbər işləməyə başlayıb. Oktyabrın 31-də, saat 22 radələrində saçımı qırxdırmaq üçün Kamalın yanına gedəndə dükanın bağlı olduğunu gördüm və onunla yanaşı işləyən Ruhindən Kamalın harada olduğunu soruşdum. Ruhin Kamalın uşaqlarla Müşviqabada çay içməyə getdiklərini dedi. Kamalın telefonuna nə qədər zəng etsəm də, telefona zəng çatmadı. Kamalın telefonu xarab olduğundan tez-tez söndüyündən yenə telefonunun söndüyünü fikirləşdim. Noyabrın 1-də, səhər saat 08 radələrində Kamalın telefonuna zəng etdim. Telefona polis əməkdaşı cavab verdi və məni Abşeron rayon Polis İdarəsinə dəvət etdi. Abşeron rayon Polis İdarəsinə gedəndə Kamalın Hökməlidə öldürüldüyünü eşitdim. Kənddə gəzən söz-söhbətə görə hadisə zamanı Kamalla birlikdə dostları İlkin, Orxan, Elnur, Xəqani, Vaqif və “Məsi” də olub. “Məsi”nin dəqiq adını bilmirəm. Cavan oğlumu heç bir səbəb olmadan öldürən Fəqani Şükürovun cəzalandırılmasını istəyirəm”.
“Gəlməyimizə etiraz etmədi”
Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Orxan Məmmədov bildirib ki, mərhum Kamal onun dostu olub: “Fəqani Şükürovu hadisədən sonra tanımışam. Oktyabrın 31-də, saat 21 radələrində Vaqif, Xəqani, Elnur, İlkin, Məsi kimi çağırdığımız Rauf və Vasiflə görüşdük. Birlikdə Aşağı Güzdəkdə Ruhinin kafesinə getdik. Ruhinin kafedə olmamasına baxmayaraq anası yemək bişirmişdi. Dükandan iki yarım litrlik araq alaraq həmin yeməklə içdik. Yemək yeyəndə Xəqani dedi ki, günorta Kamal onun yanında əvvəldən tanıdıqları Hökməli qəsəbəsindəki dostu İsmixanla telefonla danışandan sonra xaş yemək üçün ora gedib. Yemək yeyəndən sonra İsmixana zəng etdim və ora gəlmək istədiyimizi dedim. O da gəlməyimizə etiraz etmədiyi üçün Vaqifin əmisinin avtomobili ilə Hökməliyə İsmixanın mebel sexinin yerləşdiyi evinə getdik. İçəri keçəndə orada İsmixan, Kamal və iki nəfər də tanımadığımız oğlanlar var idi. Həmin iki nəfər biz içəri keçəndə getdilər. İsmixanla Kamal isə artıq yeməklərini yeyib qurtarmışdılar. İşıq söndüyündən içərini qazın işığı işıqlandırmışdı. Təxminən bir saat sonra Elnur həyətə siqaret çəkməyə çıxdı. Elnurun gec gəldiyini gördüm və onun yanına getdim. Mən gedəndə Elnur İsmixanın qardaşı Rəşadla söhbət edirdi”.
“Bizə hədə-qorxu gəldi”
Orxan Məmmədovun sözlərinə görə, təxminən 2-3 dəqiqə sonra Niva” markalı, nömrəsini xatırlamadığı maşın gəlib, maşının içərisində ən azı üç nəfər olub: “Qaranlıq olduğundan onları dəqiq görə bilməmişəm. Lakin maşından üç nəfər oğlanın düşdüyünü gördüm. Onlardan tanımadığım biri kobud formada niyə bura gəldiyimizi soruşdu. Biz də İsmixangilə qonaq gəldiyimizi dedik. Sonra daha bir “Niva” markalı maşın gəldi. Nivalardan biri nömrəsiz olub. Ancaq hansının birinci, hansının sonra gəldiyini dəqiq xatırlamıram. İkinci gələn maşında bir nəfər olan sonradan adını bildiyim Fəqani maşından düşərək yanımıza gəldi və bizə hədə-qorxu gəldi ki, bura niyə gəlmisiz, sizi qıraram”.
Orxan Məmmədov ifadəsində göstərib ki, onlar davaya gəlmədiklərini və bura qonaq gəldiklərini bildiriblər: “Fəqani maşından düşəndə əlində tüfəng də olub. O, silahı bir metrdən Xəqaninin sifətinə tutaraq tətiyi çəksə də, atəş açılmadı. Sonra Fəqani silahı yerə əyərək silahı qurdalayanda Xəqanigil sürətlə maşını sürərək orada qaçdılar. Fəqani əlindəki silahdan iki dəfə maşına tərəf atəş açsa da, vura bilmədi. Sonra da bir dəfə havaya atəş açdı. Fəqani dedi ki, yoldaşlıq etdiyiniz adamı tanıyın, qoydu sizi qaçdı, hamınızı qıracam”.
“Məni zibilə salmayın”
Orxan Məmmədovun sözlərinə görə, bundan sonra Fəqani silahı Raufun sinəsinə dayayıb: Amma atəş açmayıb, sonra silahı mənim üstümə tutdu. Amma mənə də atəş açmadı. Daha sonra Fəqani silahı mərhum Kamalın üstünə tutdu. Kamal ona dedi ki, normal söhbət etsinlər. Ancaq Fəqani onu vuracağını deyərək, silahı Kamalın çiyninə dirədi vəziyyətdə bir dəfə atəş açdı. Kamal yerə yıxılanda orada olan birinci maşınla gələn üç nəfər maşına mindilər və oradan uzaqlaşdılar”.
Orxan Məmmədov qeyd edib ki, Kamalı birinci İlkin yerdən götürüb və onu xəstəxanaya aparmaq üçün maşın axtarıblar: “Kamalı xəstəxanaya aparmaq üçün maşın axtaranda yoldan keçən “Tofaş” markalı avtomobilə Kamalı qoymaq istədik. Avtomobilin sürücüsü “məni zibilə salmayın” deyərək oradan uzaqlaşdı. Sonra Fəqani dedi ki, Kamalı onun maşınına qoysunlar. İlkinlə köməkləşərək Kamalı Fəqaninin maşınının qoyduq. İlkin də maşına minmək istəyəndə Fəqani maşını sürdü və İlkin yerə yıxıldı. Biz hamımız Qobu yoluna tərəf getdik. Sonra Xəqaniyə zəng edərək Kamalın vurulduğunu dedik. Xəqani bizi Qobu yolundan götürərək 1 nömrəli kliniki tibbi mərkəzə getdik. Fikirləşdik ki, Fəqani Kamalı ancaq ora apara bilər. Ora gedəndə qapıda dayanan mühafizəçi bir nəfər yaralının xəstəxanaya gətirildiyini dedi”. Təxminən 15-20 dəqiqədən sonra Kamalın öldüyünü dedilər”.
Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti, həm də prokurorluğun protesti təmin edilməyib.
Aydın Məmmədov

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Bələdiyyə binasındakı bankomatdan 5 min manat oğurlandı

%d bloqqer bunu bəyənir: