Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Binəqədidə yanan bina ilə bağlı şok iddia: ölənlərin sayı gizlədilir?

2015-ci ilin may ayının 19-da Binəqədi rayonunun ərazisində baş verən dəhşətli yanğından 1 ildən çox vaxt ötüb. Lakin baş verən hadisə ilə bağlı səsləndirilən iddialara hər gün biri əlavə olunur. Əvvəlcə onu qeyd edək ki, rəsmi rəqəmlərdə 15 nəfərin ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələndiyi deyilən hadisəyə görə həbs olunanların cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

Məhkəmə proseslərində sensasion sayıla biləcək iddialar səsləndirilir. Bunlar arasında yanğının bilərək törədilməsi, hadisəyə görə günahsız şəxslərin həbs edilməsi, Binəqədi Rayon İcra Hakimiyyətinin binaları penoplastla üzləyən şirkətə 22 milyon manat ödəməməsi, vəkillərin ittiham aktında göstərilənlərlə bağlı səsləndirdikləri fikirlər və s. var.
Qeyd etdiyimiz kimi, baş verən hadisəyə görə həbs olunanların məhkəmə prosesində bina sakinləri də zərərçəkən qismində iştirak edir.
Sonuncu məhkəmə prosesindən sonra zərərçəkənlərin bir neçəsi musavat.com-un əməkdaşının suallarını cavablandırıb. Sakinlər yanğından sonra onlara verilən vədlərin tutulmadığını, onlara dəyən ziyanın ödənilmədiyini, bu günə qədər müraciət etdikləri dövlət qurumlarından cavab verilmədiyini deyiblər. Sakinlər söhbət zamanı dəhşətli yanğın zamanı açıqlanan rəsmi ölü sayının da şübhəli olduğunu iddia ediblər.
Sakinlər deyir ki, onlara yalnız prezidentin göstərişi ilə birdəfəlik yardım olaraq 20 min manat ödənilib. Bundan əlavə isə yalnız evlərdə mebellər quraşdırılıb. Onlara məişət əşyaları veriləcəyi deyilsə də, bu günə qədər həmin vədə əməl olunmur.
Sakinlərdən Səbinə Manafova məhkəmə başladıqdan sonra ittiham aktı ilə tanış olduqlarını deyir. Onun sözlərinə görə, ittiham aktında yazılanların əksəriyyəti həqiqəti əks etdirmir: “İttiham aktı ilə tanış olanda gördük ki, yazılanların çoxu yalandır. Çox savadsız şəkildə yazılıb. İşə ciddi yanaşılmayıb. Məsələn, mənim anamın adı Elviradır, ancaq Safura yazıblar. Mənə dəymiş ziyan 100 min manata yaxındır. Lakin indi ittiham aktında 47 720 manat yazılıb. Qonşuda da eyni məbləğdir. Deyirlər ki, siz belə demisiniz, yazılanları da imzalamısınız. Müstəntiq deyir ki, ekspertlər analiz aparıb və belə nəticəyə gəlinib. Soruşuram ki, hansı ekspert analiz edib? Kim aparıb bu araşdırmanı? Müstəntiq ekspertin kim olduğunu bilmir”.
Bina sakinləri deyirlər ki, onlara soyuducu, kondisioner, televizor və digər məişət əşyaları veriləcəyini şəxsən Bakı Şəhər İcra Hakimiyyətinin başçsı Hacıbala Abutalıbov şəxsən söyləyib. 
“Bizi nümunə olaraq hazırlanmış evə apardılar. Hər şey hazır idi. Xalça, mebel, bütün əşyalar, hətta çəkələk belə veriləcəyini deyirdilər. Dedilər ki, təkcə çörək alıb evə girəcəksiniz. Biz evə köçəndə sadəcə təmir edilmişdi. Bir də mebel var idi. Başqa heç nə yox idi”- deyə sakinlər qeyd edir.
Onlara vəd edilən əşyaların verilmədiyini görən sakinlər yenidən Nazirlər Kabinetinə və BŞİH-ə müraciət ediblər.
Bina sakinlərindən Afət Əliyeva deyir ki, müraciətlərinə cavab olaraq onalara yeni vədlər verilib: “Növbəti dəfə bizə dedilər ki, evə köçün, komissiya gəlib baxacaq, nə lazımdırsa veriləcək. Ancaq komissiya gəlmədi. Biz özümüz yenidən müraciət etdik. Bu dəfə də dedilər ki, əşyalarınızı özünüz alın, qəbzlərini saxlayın. Biz ödəyəcəyik. Beləcə, bizi bu günə qədər aldatdılar”.
Sakinlər evlərinə dəymiş ziyanın məbləğini, yanmış əşyalarının siyahısını araşdırma aparan komissiyaya təqdim etdiklərini deyirlər. Ancaq ittiham aktında məsələ tamamilə fərqli göstərilib.
“İttiham aktında ümumi olaraq dəymiş ziyan göstərilib. Ancaq nə yanıb, hansı əşyalarımız məhv olub göstərilmir. Yazılan məbləğ isə nəyə əsaslanır, bilinmir. Evlər tamamilə yanıb, ekspertlər necə sübut edir ki, bizə bu qədər ziyan dəyib? Biz evimizdə yanan əşyalarımızın nə olduğunu bir-bir sübut edə bilərik”- deyə sakinlər narazılığını bildirir.
Qarşılaşdıqları çətinliklərlə bağlı dəfələrlə Nazirlər Kabinetinə üz tutan sakinlər baş nazirin müavini Abid Şərifovla heç vaxt görüşə bilməyiblər. Sakinlər artıq şikayətlərinə heç bir dövlət qurumunda baxılmadığını deyirlər.
Sonda yanğında ölən və xəsarət alanların sayı ilə bağlı sakinlər olduqca maraqlı iddia səsləndiriblər. Onların dediyinə görə, yanğın baş verən binanın 22 mənzilində kirayədə yaşayanlar olub. Ancaq ölən və xəsarət alanlar arasında onlardan bir nəfərinin belə adı yoxdur. Rəsmi məlumatlarda göstərilən şəxslərin hamısı daimi qeydiyyatı həmin binada olanlardır.
“Qonşular bir-birini tanıyır. Binada kimlərin yaşadığını bilirik. Başa düşürük ki, rəsmi şəkildə bu azaldılıb. Yenə də Allah onlara rəhmət eləsin. Bizim binada yaşayanların çoxu kirayədə yaşayırdı. Necə oldu ki, bina sakinlərindən 16 nəfər öldü, kirayədə yaşayanlardan bir nəfər də ölmədi? Ölən və yaralananlar arasında kirayədə yaşayan sakinlərdən heç birinin də adı yox idi. Biz, əlbəttə, onların ölməsini, xəsarət almasını istəmirik. Ancaq bu inandırıcı deyil. Açıqlanmasa da insanlar arasında belə məlumatlar sızır”- deyə bina sakini Afət Əliyeva deyir və digərləri də bunu təsdiqləyir. (musavat.com)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Hakimiyyət həmkarlar ittifaqını “kuklaya döndərib””

%d bloqqer bunu bəyənir: