Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Beynəlxalq Bank büdcənin borc yükünü artırır

Bu ilin iyul aynın 1-nə olan tarixə beynəlxalq maliyyə qirimları və kredit təşkilatları ilə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 7,6 mlrd. dollar ekvivalentində olub.

Layihəyə görə, 2017-ci ildə daxili dövlət borcu üzrə 61 163 400 manat ödəniş nəzərdə tutulub. Bundan 40 158 416 manat faiz, 21 004 984 manat da əsas borc üzrə ödənişlərdir. Xarici dövlət borcu üzrə ödənişlər 1 707 636 323 manat həcmində proqnozlaşdırlıb. Bu məbləğin 369 397,315 manatı faiz, 1 338 239 008 manatı isə əsas borc üzrə ödənişlərə proqnozlaşdırılır.

Bu il üçün imzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 20 faizini təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 782,6 dollar olub. Ölkəyə cəlb edilmiş kreditlərin 39,2 faizini sabit dərəcə ilə olan kreditlər, 60,8 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Imzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 53,2 faizi 10 ilə qədər. 41,2 faizi 10 ildən 20 ilə qədər, 5,6 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Gələn ilin dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 1768,8 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2016-cı illə müqayisədə 63 mln. manat və ya 0,4 faiz azdır. Bu il dövlətin daxili və xarici borclarının ödənilməsi ilə bağlı xərclər 1 775,1 mln. manat nəzərdə tutulub. Xarici dövlət borcunun ümumi daxili məhsulda olan nisbətinin artması ilk növbədə ÜDM-in dollarla ifadəsində mütənasib şəkildə azalması, xarici borcun isə xarici valyutada ifadə olunmaqla sabit qalması ilə izah olunur. Bir sıra iri dövlət şirkətlərinin xaricdən götürdükləri borclara xidmət etmək iqtidarında olmamaları, həmçinin nəzarət paketi dövlətə məxsus Beynəlxalq Bankın sağlamlaşdırılması tədbirlərinin davam etdirilməsi dövlət büdcəsi üzrə əlavə borc yükü və öhdəliklərinin yaranmasını istisna etmir. Digər tərəfdən, transmilli layihələrin maliyyələşdirilməsində Azərbaycanın iştirakı ölkənin xarici borclanmaya getməsini labüd edir. Gələn il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 1 mlrd. manat, xarici dövlət borclanmasının yuxarı həddi 500 mln manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 10 mlrd. manat məbləğində proqnozlaşdırılıb.

2016-cı ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1 249 735,2 min manat həcmində proqnozlaşdırılmışdı. Sonradan dəyişikliklərdə məbləğ 1 775 097 min manata yüksəldilib. Artım əsasən xarici borc üzrə olub, 948 670,5 min manatdan 1 474 032,4 min manata çatıdırlıb. Daxili dövlət borcu üzrə ödənişlər isə 301 064,6 min manat qalıb. 2016-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə dövlət borcuna və öhdəliklərə xidmət edilməsi ilə bağlı xərclər 0,36% azalıb. O cümlədən, daxili dövlət borcu üzrə ödənişlər 4,9 dəfə azaldılıb, xarici dövlət borcu üzrə ödənişlər isə 15,9% artırılıb. Xatırladaq ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,600 mlrd. manat həcmində nəzərdə tutulub.

Ekspert Nemət Əliyev hökumətin borclanmaya getmək planından narahatlığını ifadə edib: “Hökumət gələn il dövlət zəmanəti ilə 10 milyard manat və ya 6 milyard dollar borca girməyə hazırlaşır. İzahatı da belə verilib ki, “transmilli layihələrin həyata keçirilməsinin maliyyələşdirilməsində Azərbaycanın iştirakı ölkənin xarici borclanmaya getməsini labüd edib”. Ekspert növbəti ilin büdcə layihəsində bir sıra iri dövlət şirkətlərinin xaricdən götürdükləri borclara xidmət etmək iqtidarında olmamaları barədə yazılanlara istinadən qeyd edib ki, belə vəziyyət dövət büdcəsinin borc yükünü və öhdəliyini artırır. N.Əliyev: “Deməli, SOCAR, AZAL, Azərbaycan Dəmir Yolları, Xəzər Dəniz Gəmiçiliyi və digər iri dövlət şirkətlərinin dövlət zəmanəti ilə xarici ölkələrdən cəlb etdikləri borclar nəticə etibarı ilə xalqın cibindən ödənəcək”. Onun sözlərinə görə növbəti il birbaşa dövlətin adından xaricdən 500 milyon manat ekvivalentində, daxildən 1 milyard manat məbləğində borc vəsaiti cəlb etmək planlaşdırılıb. Öhdəsindən gələ bilsələr, ölkəmizin borcu gələn il 11,5 milyard manat və ya 7 milyard dollar artacaq.

Bu gün bir sıra ölkələrin xarici borcları da açıqlanıb. Məlum olur ki, Amerikanın xarici borcu 17,438 mlrd. dollar olub. Almaniyanınkı 5,318 mlrd., İngiltərənin 8,638 mlrd., Fransanın 5,256 mlrd., Avro Zonada xarici borc 13,592 mlrd. dollar təşkil edib. Hollandiyanın 4,437, Lüksemburqun 2,88, Yaponiyanın 2,834, İtaliyanın 2,305, İspaniyanın 1,919, İrlandiyanın 1,852, İsveçrənin 1,593, Kanadanın 1,504, Avstraliyanın 1,348 mlrd. dollar borcu var. Rusiyanın borcu 556, Türkiyəninki 393, Qazaxıstanınkı 154, Ukraynanınkı 126, Gürcüstanın 13, Ermənistanın da borcu 9 mlrd. dollar təşkil edir.

Bizimyol.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bu torpaqlarda ev tikənlərin aqibəti necə olacaq?

%d bloqqer bunu bəyənir: