Advertisements
24 saat

Beynəlxalq Enerji Agentliyi: Neft ucuzlaşacaq


Beynəlxalq Enerji Agentliyi bildirib ki, neft bazarında təklifin tələbi üstələməsi gələn il də davam edəcək və neftin qiyməti daha 2 faiz ucuzlaşacaq

Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyi (BEA) bildirib ki, neft bazarında təklifin tələbi üstələməsi gələn il də davam edəcək. Bu, neftin qiymətini daha 2 faiz endirəcək.

Agentliyin məlumatında neftə tələbatın özəlliklə Asiyada proqnozlaşdırıldığından daha yavaş artdığı deyilir.

«Bazarda bunun əksi baş verir»

Son iki ildə dünya bazarında neftin kəskin ucuzlaşması neft toxluğu ilə bağlıdır. Başqa sözlə, dünyada istifadə edilə biləcəyindən daha çox neft çıxarılıb. Bu neft toxluğu, ən azı, gələn ilin birinci yarısında da sürəcək. BEA bunu açıqlamaqla, əslində, bir ay əvvəlki proqnozunu geri götürmüş olur.

«Neft qiymətlərinin indiki səviyyəsini nəzərə alsaq, təklifin azalmasını, tələbinsə xeyli artmasını gözləmək olardı. Ancaq belə görünür ki, hazırda bunun əksi baş verir»,BEA-nın son aylıq hesabatında belə deyilir.

Sözügedən hesabatda əvvəllər bazarın aparıcı qüvvələri olan Hindistan və Çin kimi ölkələrdə neftə tələbatın azaldığı vurğulanır.

Avqustda rekord hasilat olub

Bununla yanaşı, iri neft istehsalçıları qiymətlərin kəskin enməsinə və sərmayələrin azalmasına məhəl qoymur və durmadan neft çıxarırlar. Dünyanın ən zəngin ölkələrində anbarlarda toplanmış neft ehtiyatı əvvəllər görünməyən səviyyədədir.

OPEC ölkələri avqustda bazara hər gün 33,2 milyon barrel xam neft çıxarıblar. Bu isə, demək olar, ən yüksək göstəricidir.

Nefti daha yüksək maya dəyəri ilə hasil edən istehsalçıları bazardan çıxaran OPEC öz payını qorumağa çalışıb.

OPEC üzvləri Əlcəzairdə toplaşacaq

Ancaq ucuzlaşma hamıya ziyan vurur. OPEC üzvləri ilə Rusiya qiymətləri xilas etmək üçün hasilatı azaltmaq barədə aylarla danışıq aparsalar da, elə bir nəticəyə gələ bilməyiblər.

OPEC üzvləri sentyabrın sonunda Əlcəzairdə mühüm görüş keçirəcəklər. Bu tədbir öncəsində Səudiyyə Ərəbistanı və İran istehsalı artırıblar. OPEC-in görüşündə yenə hasilatın dondurulması məsələsi dartışılacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: