Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
bayram-memmedov

Bayram Məmmədov: ”Bura teatrdır, quruluşçu rejissor da İlham Əliyev”

Vəkilin qaldırdığı vəsatətlərin heç biri təmin edilməyib

Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim Eynulla Vəliyev B.Məmmədovdan işə baxan hakimlər heyətinə etirazı olub-olmadığını soruşub. B. Məmmədov isə deyib ki, hakimlərin yerində kimin oturmasının onun üçün heç bir fərqi yoxdur: “”Mənim etirazım bu cür dövlətçilik sisteminə və prezidentədir. Sizin yerinizdə kimin oturmasının mənim üçün heç bir fərqi yoxdur. Onsuz da bura mənim üçün tamaşa zalıdır – Musiqili Komediya Teatrı. Quruluşçu rejissor da İlham Əliyevdir”.

Hakim E.Vəliyev isə onun sözünü kəsərək məhkəmə qaydalarına əməl etməyi tələb edib. B.Məmmədov isə hakimə “Mən azad insanam, sözümü deyirəm. Belədirsə, verin 12 ili çıxım gedim” – deyib.

Hakim isə ona “özün bilərsən, çıxıb getmək istəyirsən, gedərsən…” cavabını verib.

Daha sonra iclasda çıxış edən Bayram Məmmədovun vəkili Elçin Sadıqov onun barəsində cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, bir sıra sənədlərin sübutlar siyahısından çıxarılması, həmçinin müəyyən qurumlara sorğu göndərilib iş üçün əhəmiyyətli sübutların alınması barədə vəsatətlər verib.

Vəkil bildirib ki, Bayram Məmmədovun əməlində cinayət tərkibi yoxdur və bunu işdə olan sənədlər sübut edir: “Bayram Məmmədov işgəncə altında etirafedici ifadə verməyə məcbur edilib. Onun narkotik satması ittihamı üzrə bu ifadədən başqa heç bir sübut yoxdur. Biz istintaq zamanı narkotikin üzərindən barmaq izlərinin götürülməsi barədə vəsatət qaldırdıq, amma təmin olunmadı. Əgər götürülsəydi, məlum olardı ki, üzərindən və evindən tapıldığı iddia olunan narkotikin Bayrama heç bir aidiyyəti yoxdu. Ona görə də cinayət işinə xitam verilməlidir. Bundan əlavə, Bayram həbs olunarkən ona dövlət hesabına təyin olunmuş vəkil Hilal Bağırovun həmin gün vəkil kimi çıxdığı işlərin siyahısının alınması üçün Vəkillər Kollegiyasına sorğu göndərilməlidir. Bu işdə hal şahidi olan şəxslərin bir sıra başqa narkotik işlərində də eyni statusla iştirak etməsi, onların Bakı Şəhər Baş Polis İdarəsinin qeyri-rəsmi əməkdaşları olması barədə dəqiq məlumata malikik. Həmin cinayət işləri barədə informasiya alınması üçün Bakı Ağır Cinayətlər, Sabunçu və Suraxanı rayon məhkəmələrinə də sorğu verilməsini xahiş edirik”.

Vəkilin vəsatətlərinə münasibət bildirən dövlət ittihamçısı Ramin Nağdəliyev isə vəsatətlərin təmin olunmamasını istəyib. Məhkəmə vəsatətləri təmin etməyib. Hakim qərarını əsaslandırarkən bildirib ki, Elçin Sadıqov vəsatətlərin bir neçəsində özünü Bayram Məmmədovun yox, Qiyas İbrahimovun vəkili kimi təqdim edib. Ona görə də həmin vəsatətlər təmin oluna bilməz. Hakim bildirib ki, vəkil E. Sadıqov həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətini əsaslandırmayıb, vəkil sirri ilə bağlı qanunun tələbinə hörmətlə yanaşdıqlarına görə, Bayram tutulan gün ona dövlət hesabına təyin olunmuş müdafiəçi ilə bağlı isə sorğu göndərə bilməzlər.

İclasda işin məhkəmə baxışına verilməsi haqqında qərar qəbul edilib. Məhkəmənin baxış iclası noyabrın 11-nə təyin edilib.

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin heykəlinə yazılan şüardan sonra həbs ediliblər. Onlara qarşı narkotik vasitə saxlama maddəsi ilə ittiham elan edilib. Q. İbrahimov məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Q. İbrahimov və B. Məmmədov özlərini təqsirli bilmirlər. Onlar işgəncə altında ifadə verdiklərini, narkotik ittihamının saxta olduğunu, heykəli yazdıqlarına görə şərlənərək həbs olunduqlarını bildirirlər.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Dəmirtaş həbsdən mesaj göndərdi – “Zülm günləri bitəcək”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: