Loading...
Loading...

Basqı rejimləri hansısa problemi həll edə bilərmi?

Elnur As

[email protected]

Azərbaycanda adamlara çox sadə həqiqətləri anlatmaq üçün uzun zaman və nəhəng enerji sərf etməlisən. O məsələlər ki, dünyanın yetərincə böyük bir hissəsində artıq çoxdan həllini tapıb (və elə ona görə də dünyanın həmin coğrafiyası siyasi, elmi, texnoloji, iqtisadi, mədəni-kulturoloji səviyyəsinə görə xeyli irəlidədir!), həmin məsələlər bizdə hələ də mübahisə mövzusudur. Biz yetərincə böyük çoxluğun insan təkaümülünə şübhə etdiyi ölkədə yaşayırıq! Təsəvvür edirsinizmi, bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycanı çağdaş, modern, mədəni dünyanın bir parçasına çevirmək üçün düşündüyümüzdən də artıq gücə və vaxta ehtiyacımız olacaq.

Əgər bu ölkədə adı “Elmlər Akademiyası” olan qurumun “elmi işçi” vəzifəsi daşıyan əməkdaşı yerin fırlandığına şübhə edir, bu məsələdə başında beyin yerinə peyin gəzdirən hansısa ərəb müftisinin verdiyi fətvaya uyur, ona qahmar çıxırsa, düşdüyümüz durumun ağırlığını təsəvvür etmək çətin deyil.

Hər şey bir yana, 21-ci əsrdə “Monarxiya, yoxsa respublika?” davası gedir bu ölkədə, bundan böyük fəlakət, bundan dəhşətli zülm ola bilərmi?!

Bəli, əslində bu məsələlər Azərbaycan toplumunda ən azı 50 il əvvəl müzakirə olunub bitməli, onlara nöqtə qoyulmalı idi, belədə indi bizim üzərində baş sındırdığımız suallar da hansısa gəlişmiş ölkə insanının gözü ilə baxdıqda axmaqcasına görünməzdi. Əgər Azərbaycan son 80-90 ildə doğru yolla getsəydi, əminəm, biz indi tamamilə də olmasa, hər halda böyük ölçüdə nə cinçıxaranlarla uğraşırdıq, nə ələmuçuranlarla, nə mələyin uçma sürətini hesablayanlarla, nə yerin fırlandığına şübhə edənlərlə!

Deyəcəksiniz ki, əslində Sovet hakimiyyəti illərində belə məsələlər xeyli dərəcədə arxa plana keçmişdi. Razı deyiləm! Problemin xalça altına süpürülməsi hələ onun həlli deyildi. Insanların cibinə zorla allahsızlar bileti qoymaq da hələ toplumu xürafat bataqlığından çıxarmaq anlamına gəlmirdi. Bəli, o illərdə insanlara kütləvi yazıb-oxumaq öyrədirdilər, ən ucqar kəndlərdə belə məktəb vardı, kitabxana vardı, mədəniyyət klubları vardı. Hər kəsə pulsuz təhsil imkanı yaradılmışdı.

Amma Sovet cəmiyyəti qapalı olduğundan, insanlara geniş hüquqlar və azadlıqlar tanınmadığından, onlara ən müxtəlif məsələlərdə seçim fürsətləri verilmədiyindən kütləvi şüur səviyyəsində nəhəng dəyişiklik yaratmırdı. Hamı hərf tanıyır və oxuya bilirdi. Hə, nə olsun! Ürəyi istədiyini necə, oxuya bilirdimi? Hamı qələm tuta və yaza bilirdi. Hə, nə olsun! Bəs ürəyindən keçənləri necə yaza bilirdimi? Məsələnin məğzi bundadır. Və elə ona görə də Sovetlər Birliyinin süqutu ilə 70 il boyunca israrla pərdələnən, yoxmuş kimi göstərilən, xalça altında gizlədilən problemlər yenidən ortaya çıxdı, özü də daha çılpaqlığı ilə!

Bunun üzərinə bir də Sovetdənqalma idarəçilik nomenklaturasını (fərqli olan heç nəyi sevməyən, hamıdan qeyd-şərtsiz tabeçilik tələb edən, diqtəçi, basqıçı, oğru  nomenklatura!) gəlin, bax belədə indi düşdüyümüz durumun hər mənada (siyasi, iqtisadi, mənəvi!) niyə bu qədər əzablı, dözülməz olduğunu daha yaxşı anlayacaqsınız.

Şübhə etmirəm ki, əgər 1918-ci ildə qurulan Xalq Cümhuriyyətinin elan etdiyi dəyərlərlə, ideallarla yolumuza davam etsəydik, həyatın bütün sahələrində qazanclarımız indikindən qat-qat ağır olardı.

Ən azı 21-ci əsr Azərbaycanında monarxiya ilə respublika quruluşu arasında seçim etmək məcburiyyəti qarşısında qalmazdıq.

Ən azı bu ölkədə, modern elmə, bilgiyə inananlarla ərəb miflərinə, bədəvi nağıllarına uyanların sayı arasında nisbət bu qədər böyük olmazdı.

Sovet təcrübəsi fiasko ilə assosiasiya olunur. Çünki adamları qorxudaraq, onların gözünü qıraraq, onlara diqtə edərək, onlar üzərində basqı yaradaraq heç bir problemin kökündən və həmişəlik həllinə nail olmaq mümkün deyil.

Bir ölkə yalnız demokratik dəyərlər sayəsində həqiqi yüksəlişə, dayanıqlı inkişafa nail ola bilər. Biz Xalq Cümhuriyyətinin devrilməsi və Sovet hakimiyyətinin qurulması ilə məhz bu imkanı itirdik.

Itirdik və indi hansı bəlalalarla baş-başa qaldığımızı hamılıqla görürük.(azadliq.info)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Gedin, Əli Kərimlidən üzr istəyin

Loading...
%d bloqqer bunu bəyənir: