Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Baş Prokurorluq şadlıq evi tikdirib?

Ölkə ərazisindəki boş torpaq sahələri çoxdan tutulub. İndi mübarizənin növbəti mərhələsi – özgə əmlakını ələ keçirmək başlayıb. Özü də hüquq müstəvəsində – səlahiyyətli dövlət orqanlarının qərarları, bir-biri ilə razılaşdırmaları və bütün bunların məhkəmələrdə müdafiəsi ilə.

Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 20 a ünvanında yerləşən 10 sot torpaq sahəsi üstündə başlanan mülki mübahisənin məhkəmə çözümündə maraqlı faktlar ortaya çıxıb. Həmin ərazidə özbaşına olaraq şadlıq evi tikmiş şəxs torpağın qanuni sahiblərini mülkiyyət hüququndan məhrum etmək üçün Ədliyyə Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Baş Prokurorluğun gücündən (onların verdiyi qərarlardan, rəylərdən və digər “daşdan keçən” sənədlərdən) istifadə edib. Sadə vətəndaşların mülkiyyətini əllərindən alıb onları bir deputatın qaynanasına vermək üçün Azərbaycan hakimiyyətində təmsil olunan şəxslər, dövlət orqanlarını da gülünc vəziyyətdə qoyub.

Bakı şəhərində yaşayan Xəzəngül Xəlil qızı Məmmədova 2007-ci ildə alğı-satqı yolu ilə Binəqədi bələdiyyəsindən 1000 kv.m. torpaq sahəsi alıb. Bu barədə müvafiq qərar, müqavilə, alğı-satqı aktı var. Vətəndaş bildirir ki, torpağın dəyərini və hər ilə görə vergini ödəyib. Bir gün görüb ki, mülkiyyətində olan sahədə başqa şəxslər tikinti işi aparır. Ona və yaxınlarına izah olunub ki, sənədləri qatlayıb bir kənara qoysunlar, bu işi gördürən mötəbər adamdır.

Amma vətəndaş bununla barışmayıb və məhkəməyə üz tutub. Binəqədi Rayon Məhkəməsi 1 may 2014-cü ildə xanım Xəzəngül Məmmədovanın iddiasını təmin edib, onun torpağında inşa olunan tikilinin sökülməsi və iddiaçıya qarşı maneçilyin aradan qaldırılması barədə qətnamə qəbul edib. Bunun ardınca qarşı tərəfin nümayəndəsi kimi ortaya deputat Adil Əliyev çıxıb. Kikboksinq Federasiyasında baş tutan söhbətdə deputat bildirib ki, tikilməkdə olan obyekt qaynanasının adına sənədləşdirilsə də, onun faktiki sahibi “çox böyük adam”dır. O, həmin şəxsin adından mülkiyyətçiyə 150 min manat pul təklif edib. Amma tərəflər razılığa gələ bilməyiblər.

Xəzəngül xanım bildirir ki, bunun ardınca tikilib başa çatdırılan şadlıq evi üçün sənədlərin “düz-qoş edilməsi” başlanılıb. Binəqədi məhkəməsinin çıxardığı qətnamənin mürəkkəbi qurumamış Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi “araşdırma”ya başlayıb və qısa müdətdə müəyyən edib ki, X.Məmmədovanın mülkiyyətinə verilən torpaq sahəsi də daxil həmin ərazi bələdiyyə mülkiyyətində olmayıb. Sözügedən Mərkəz Binəqədi bələdiyyəsinə məktub göndərib ki, 2004-07-ci illərdə Xəzəngül Məmmədovaya və digər şəxslərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahələrinin ayrılması barədə qərarlarını ləğv etsin. Binəqədi bələdiyyəsi “yuxarı”dan gələn bu göstərişi anındaca icra edib.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi torpaq sahəsinin hüquqi statusu ilə bağlı araşdırma apararkən ortaya bəzi şübhəli faktlar çıxıb. Demə, mübahisələndirilən torpaq sahəsinə aid Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23 yanvar 2012-ci il tarixli, 26 saylı sərəncamı olubmuş. Həmin sənəddə göstərilir ki, Binəqədi RİH-in 17.01.2012-ci il tarixli, 12-25/96 saylı razılıq məktubu, Baş Prokurorluğun 26.10.2011-ci il tarixli rəyi nəzərə alınaraq, Binəqədi rayonu, 7-ci mikrarayon, S.S.Axundov küçəsində Gənclər və İdman Nazirliyinə “Gənclər evi”nin tikintisi üçün ayrılmış ərazinin şərq hissəsindəki torpaq sahəsi Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin daimi istifadəsinə verilir. Təyinatı da belə olub: “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq tədbirlərə cavab verən tikililərin layihələndirilməsi üçün.”

Şikayətçini də təəccübləndirən elə budur: “Mülkiyyətimə verilmiş torpaq sahəsi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ayrılıbsa, necə olub ki, burada şadlıq evi tikilib – məgər sözügedən idarənin əməliyyat-axtarış tədbirləri zurna-qavalla görülür? Ya bəlkə prokurorluq orqanı, həm də kommersiya fəaliyyəti ilə məşğul olur?!“

Binəqədi rayon məhkəməsinin qətnaməsini ləğv edən Bakı Apelyasiya Məhkəməsi bu biabırçı faktların üstündən keçərək, yalnız bircə məsələdən bərk yapışıb ki, Binəqədi bələdiyyəsinin özünə aid olmayan torpağı X.Məmmədovanın mülkiyyətinə verməyi qanunsuz olub. Məhkəmə hesab edib ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququ və iddia tələbinin qanuni əsası yoxdur. Məhkəmə kollegiyası, apaelyasiya şikayətinin digər dəlillərinə münasibət bildirilməsini, ümumiyyətlə, zəruri hesab etməyərək özünün bu mövqeyini mülki-prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırıb: “Çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.”

Bax belə. Gördünüzmü işi necə həll etmək olur!

Məhkəmə araşdırmadığından şikayətçiyə məlum deyil ki, dövlət ehtiyacları üçün saxlanılan torpaq sahəsi sonradan fiziki şəxsin mülkiyyətinə necə satılıb. Xəzəngül Məmmədova yeganə qurban olmadığıından, mübahisələndirilən ərazi vaxtilə başqa bir şikayət əsasında polis və prokurorluq orqanlarında araşdırma predmeti olub. Həmin ünvandan 40 sot torpaq sahəsi alan Qarabağ müharibəsi veteranı Oruc Məmmədov ad-soyadlı şəxs də eyni halla üzləşib. Ona da şadlıq evinin deputat Adil Əliyevlə bağlı olduğu deyilib. Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov vətəndaşa yazılı surətdə cavab verib ki, “Çıraq Palas” şadlıq sarayı yerləşən torpaq sahəsinin 4 sotu obyekt sahibinə Binəqədi RİH-in 27 may 2013-cü il tarixli, 171 nömrəli sərəncamı ilə verilib. Qətibə Abdullayeva izahatında qeyd edib ki, deputat Adil Əliyev kürəkənidir, lakin şadlıq sarayının ona heç bir aidiyyəti yoxdur.

Xəzəngül Məmmədova isə deyir ki, onlar obyektin bu qadının adına rəsmləşdirilməyindən yalnız məhkəməyə düşəndə xəbər tutublar: “Dəyəri milyonlarla manat olan obyekt tikdirmək, başqa şəxslərin mülkiyyət hüququnu nümayişkaranə surətdə tapdalamaq, səlahiyyətli dövlət orqanlarını saxta sənədlər verməyə məcbur etmək, məhkəmə qərarını ləğv etdirmək heç də sadə adamın işi deyil. Bizimlə danışığı deputat Adil Əliyev aparıb. O da yaxasını kənara çəkir ki, bu obyektin ona aidiyyəti yoxdur. Amma aşkar surətdə görünür ki, o, kimlərinsə adından istifadə edir. Yoxsa obyekt onun qaynanasının adına niyə sənədləşdirilib, özü niyə ortaya düşüb? Bu adam qəbuluna səs verdiyi qanunları tapdalayır, statusundan, onun-bunun adından istifadə edərək özünə varidat toplayır. Mətbuata verdiyi açıqlamada etiraf edib ki, geniş spektrdə biznes fəaliyyəti ilə məşğuldur. Guya qazandığı pulla da kikboksinqi inkişaf etdirir. Bu yandan da parlamentin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin üzvüdür. İndi özünüz deyin: bizim kimi sadə insanların hüququnu pozan, əmlakını əlindən alan birinə milli təhlükəsizliyimizi həvalə etmək olarmı?”

Azadliq.info

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Heyvanların yemədiyi əti insanlara satmaq istədilər – VİDEO

%d bloqqer bunu bəyənir: