Loading...
Loading...
103218

Banklara təhlükə -Bağlanmaq həddi…

Ekspertlər bildirirlər ki, ölkə üçün bir neçə böyük, sağlam bank kifayətdir, banklar isə könüllü birləşmək istəmir…

Ölkə banklarının durumu bağlanma təhlükəsini yenidən aktuallaşdırıb. Ekspertlər bildirirlər ki, təhlükə realdır və çıxış yolu mümkün görünmür. Həmçinin, banklar birləşmək də istəmirlər və bu, bank sistemində vəziyyəti bir qədər də qəlizləşdirir.

İqtisadçı alim Fikrət Yusifov məsələ ilə bağlı bildirib ki, iqtisadiyyatın normal inkişafını təmin edən ən mühüm şərtlərdən biri də ölkədə təkmil bank sisteminin mıövcud olmasıdır: “Bu, yeni fikir deyil. Kifayət qədər sürətli iqtisadi inkişaf yolu keçmiş və bu gün güclü iqtisadiyyata malik olan ölkələrin təcrübəsinə diqqət etmək kifayətdir. İqtisadiyyatı canlı bir varlığa bənzətsək, onun damarlarında axan qanın əsasən bank və bank olmayan kredit təşkilatlarının vəsaitləri, iş adamlarının şəxsi vəsaitləri və dövlət investisiyaları hesabına formalaşdığını görərik. Burada banklar maliyyə vasitəçisi rolunda əhalinin və müəssisələrin müvəqqəti sərbəst vəsaitlərini cəlb edib, onları kredit şəkilində daha etibarlı yerləşdirməklə məşğul olurlar”.

Ekspertin sözlərinə görə, normal vəziyyətdə iqtisadiyyata edilən yatrımların yarıdan çoxu bank və bank olmayan kredit təşkilatlarının payına düşür: “İş adamlarının şəxsi vəsaitləri əsasən banklar tərəfindən kreditləşdiriləcək hər hansı bir layihədə onun dəyərinin ən yaxşı halda 30 faizi qədərində pay şəklində ortaya qoyulur. Dövlət isə əsasən infrastruktura ilə bağlı layihələri maliyyələşdirir. Bütün hallarda, iqtisadiyyata edilən yatırımlarda kreditlərin rolu kifayət qədər böyük olur. Məhz bu səbəbdən də sağlam bank sisteminin mövcudluğu çox mühüm bir məsələdir. Məsələnin vacibliyi səbəbindən son bir il ərzində hökumət bank sektorunda islahatların dərinləşdirilməsi, banklara inamın artırılması istiqamətində bir sıra ciddi qərarlar qəbul etdi. Bu sıraya Maliyyə Bazarlarına Nəzarət Palatasının və Maliyyə Sabitliyi Şurasının yaradılmasından başlamış, əmanətlərin 3 il müddətinə tam sığortalanmasına qədər qərarlar aiddir”.

F.Yusifovun fikrincə, bizim bank sektorumuzun ölkədə neft bumuna qədər keçdiyi yol keyfiyyət baxımından müsbət dəyərləndirilsə də, ondan sonrakı dönəmdə bankların fəaliyyətində baş verən prosseslər nəticə etibarılə onları bugünkü bağlanmaq həddinə gətirib çıxara bildi: “Göstərilən dövrdə banklar bir qayda olaraq real sektordan uzaqlaşıb, daha çox qazanc gətirən istehlak kreditlərinə üstünlük verməyə başladılar və bunu milli valyutadan daha çox xarici valyutada etməyi üstün tutdular. Bu məqsədlə banklar xarici kredit təşkilatlarından kifayət qədər borc götürdülər. Bu yolla daha çox qazanmaq istəyənlər son nəticədə elə bu yolla da özlərini acınacaqlı vəziyyətə saldılar. Manatın iki devalvasiyası xarici valyutada götürülmüş kreditlərin ödənilməsi sahəsində həm bankları və həm də müştəriləri pis vəziyyətə saldı. Digər tərəfdən manatla verilən kreditlərdə yüksək faiz dərəcələri bu kreditlərin qaytarılması sahəsində ciddi problemlərin yaranmasına səbəb oldu. Bütün bu sadalananlar manatın birinci devalvasiyasından ötən dövrdə artıq 11 bankın bağlanması ilə nəticələndi. Bu prosses hələ davam edəcək. Sırada təbi ki, başqa banklar da olacaq. Çünkü praktik olaraq son 7-8 il ərzində bütün banklar eyni üslubda fəaliyyət göstəriblər”.

O, qeyd edib ki, son bir neçə ildə Mərkəzi Bankın bankların konsolidasiya etmək yolu ilə vəziyyəti yüngülləşdirmək cəhdləri nəticə vermir: “Onların nizamnamə kapitalının 10 milyon manatdan 50 milyon manata qaldırılması da gözlənilən nəticəni vermədi. Son bir ildə isə bir çox banklar birləşib vəziyyətdən çıxmaqdsansa, bağlanmağa üstünlük verdilər. Bir sözlə, sadə bir yanaşımla- yəni tövsiyyə verməklə bundan sonra da hansısa bankların könüllü birləşəcəyi inandırıcı deyil. Bu səbəbdən də biz mətbuat səhifələrində bununla bağlı indiyə qədər etdiyimiz təklifləri bir daha səsləndiririk. Burada yeganə doğru yol bankların nizamnamə kapitalına tələbi 10 dəfəyə qədər artırmaqdan keçir. Belə olduqda, onlar mütləq bir araya gəlməyə məcbur olacaqlar. Ancaq ortada elə bir nəzarət mexanizmi olmalıdır ki, həmin vəsaitin nizamnamə kapitalına kağız üzərində deyil, real olaraq yatırılmasını təmin etsin. Bunun üçün banklara bir ay vaxt kifayət edər. Bu tələb ortaya qoyularsa, banklar gözləmədən birləşməklə bağlı real addımlar atacaqlar”.

F.Yusifov vurğulayıb ki, Azərbaycan böyüklükdə bir məmləkət üçün geniş şəbəkəsi olan, eyni zamanda iqtisadiyyatın bəzi sahə maraqlarını əhatə edən 5-6 bankın olması kifayət edər: “Biz bunu dəfələrlə demişik. Bəzən kimlərsə bunun çox az olduğunu, bazar iqtisadiyyatı şəraitində rəqabət üçün daha çox banklara ehtiyac olduğunu əsaslandırmağa çalışırlar. Biz də bu fikirləri dəstəkləyirik. Kimsə 500 milyon manat nizamnamə kapitalı ilə bank yaratmaq istəyirsə, buyursun, yeni bank yaratsın. Belə güclü banklarla bazarda sağlam rəqabət yaratmaq da asan olar”.(musavat.com)

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bu 3 TƏRƏVƏZ mədəni xərçəngdən qoruyur

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: