Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bank kartından pullarınızın oğurlanmasını istəmirsinizsə…

Kibercinayətkarlıq kompüterlərin və yüksək texnologiyaların tətbiqi ilə törədilən cinayətdir. Qanunsuz bank əməliyyatları, hakerlik, qadağan olunmuş cinayət tərkibli, təxribat xarakterli məlumatların yayılması bu xarakterli cinayətlər hesab olunur. Hər hansı bir qurumun imicinə zərər vurmaq, onun gizli məlumatlarını ələ keçirmək üçün hakerlər tərəfindən aramsız hücumlar təşkil edilir. Belə hücumlardan və real təhlükələrdən necə qorunmaq olar?

Azərbaycan İnternet Forumunun sədri, “Multimedia” Mərkəzinin rəhbəri Osman Gündüz deyir ki, kibercinayətkarlıqla mübarizə sahəsində dünya təcrübəsinin öyrənilməsinə, peşəkar kadrların yetişdirilməsinə ehtiyac var: “Kibercinayətkarlıqla bağlı son dövrlərdə müəyyən addımlar atılıb, qanunvericilik çərçivəsində bəzi işlər görülüb. Dövlət sektorunda informasiya təhlükəsizliyi ilə bağlı ayrıca dövlət qurumu yaranıb. Qeyri-dövlət sektorunda elektron təhlükəsizlik mərkəzi yaradıldı. Həm infrastruktur cəhətdən, həm də qanunvericiliklə bağlı müəyyən addımlar atıldı”.

O.Gündüzün sözlərinə görə, əvvəllər kibercinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti yalnız xüsusi xidmət orqanlarına məxsus olub. Sonradan kibercinayətkarlıqla mübarizə sahəsində polis orqanlarına səlahiyyət verilib: “Uzun müddət kibercinayətkarlıq sahəsində səlahiyyət bölgülərinin konkretləşdirilməsinə ehtiyac vardı. Xeyli sayda milli əhəmiyyət kəsb etməyən cinayətlər vardı, amma bu sahə ümumilikdə xüsusi xidmət orqanlarının səlahiyyətində olduğu üçün Daxili İşlər Nazirliyi həmin cinayətlərin ibtidai istintaqını apara bilmirdi.

Sonradan DİN-də kibercinayətkarlıqla bağlı baş idarə yaradıldı. Amma iki qurum arasında müəyyən fikir ayrılıqları meydana gəldi”.

O.Gündüz deyir ki, kibercinayətkarlıq  qlobal mahiyyət kəsb edir, insanlar bir ölkədə oturub başqa bir ölkənin informasiya resursundan istifadə edə bilirlər: “Kibercinayətdə dörd-beş ölkə iştirak edə bilər. Ona görə də, bu cinayəti aşkara çıxarmaq çətindir. Peşəkarlıq, xüsusi avadanlıqlar, xüsusi proqram təminatları yoxdursa, qlobal  əməkdaşlıq yetərli deyilsə, bu cinayətlərin üstünü açmaq çətinlik yaradır. Baş verən hadisələr də göstərir ki, bu sahədə dünya təcrübəsinin öyrənilməsinə ehtiyac var”.

Yeri gəlmişkən qeyd edək ki, ötən həftə daxili işlər orqanları kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində uğurlu əməliyyatlar həyata keçirib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları müəyyən ediblər ki, paytaxt sakinləri Rüstəm Ənsərov və Firudin Ələkbərov banklarda olan kredit borclarını qanunsuz yolla bağlamaq istəyiblər. Onlar informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan Mədət Əliyevlə cinayət əlaqəsinə girərək kiberqrup yaradıblar.  M.Əliyev  öz növbəsində xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən haker qrupları ilə internet vasitəsilə əlaqə saxlayaraq onların texniki dəstəyindən istifadə etməklə Argentina Respublikasının “Banko Frances” və Bolqarıstanın “CİA” banklarının müştəri məlumat bazalarına kibercinayətlərdə istifadə olunması nəzərdə tutulan xüsusi proqramlar vasitəsilə qanunsuz müdaxilələr edib. O, qeyd edilən bankların həmin ölkələrdəki müştərilərinin hesablarından internet vasitəsilə onlayn ödənişlər həyata keçirərək hər iki şəxsin Azərbaycandakı kredit borclarını qanunsuz yolla bağlayaraq adıçəkilən bankların xidmətindən istifadə edənlərə külli miqdarda ziyan vurub.

İnformasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan İbrahim Məmmədzadə internet vasitəsilə onlayn bank əməliyyatı apararaq 30-a yaxın vətəndaşın bank kartlarından xüsusi kiberproqramlar vasitəsilə külli miqdarda pul çıxarıb. Hər iki faktla bağlı hazırda istintaq aparılır.

Qeyd edək ki, kibercinayətlərə kompüter sisteminə qanunsuz daxil olma (271-ci maddə), kompüter məlumatlarını qanunsuz ələ keçirmə (272-ci maddə), kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə (273-cü maddə), kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi (273-1.-ci maddə), kompüter məlumatlarının saxtalaşdırılması (273-2.-ci maddə) daxildir. Bu maddələr üzrə 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə, 2 min manatdan 4 min manatadək cərimə nəzərdə tutulur.

Vəkil Cavad Cavadov deyir ki, bu növ cinayətlər ən çətin açılan cinayətlər kateqoriyasına aiddir: “Bu cinayətlərin ən geniş yayılmış növü “fişinq”dir. Yəni, istifadəçinin məlumatlarının müxtəlif qondarma göndərişlər, qondarma saytlar vasitəsilə ələ keçirilmədir (məsələn, son dövrlər sosial şəbəkə istifadəçilərinin məlumatlarının ələ keçirilməsi). Bu üsulla həmçinin istifadəçilərin bank kredit kartlarının məlumatları ələ keçirilir. Birbaşa bank kartlarının məlumatlarının ələ keçirilməsi ilə bağlı dələduzluğun növü “kardinq” adlanır”.

Vəkilin sözlərinə görə, Azərbaycanda son vaxtlar ən çox yayılmış metod dünyada bank kartları sahiblərinin oğurlanmış məlumatları əsasında müxtəlif ödənişlər edilməsi və sonradan bu pulların nağdlaşdırılmasıdır: “Bank kartlarından pul oğurlanmasına qarşı “iki pilləli təsdiqetmə metodundan” (SMS təsdiq etmə metodundan) istifadə edildiyindən, dünyada son illər bu növ cinayətlərin sayı kəskin azalmağa doğru gedir. Bank kartlarından oğurlanmış pulların qaytarılması ilə bağlı “chargeback” sistemi mövcuddur.  Yəni, istifadəçi bank kartından silinmiş pulun onun tərəfindən edilmədiyini bildirirsə, bank həmin pulu ona geri qaytarır, sonradan araşdırmağa başlayır. Ümumiyyətlə, bu cinayətlərin araşdırılması böyük çətinliklər yaradır və cinayətkar izlərini gizlədirsə, İP ünvanını dəyişirsə, digər iz buraxmırsa, bu növ cinayətlərin üstünün açılması çox çətin olur”.

Azərbaycanda ilk dəfə Kibercinayətkarlığa qarşı mübarizə idarəsi ləğv olunmuş  Milli Təhlükəsizlik Nazirliyində yaradılıb. Həmin qurum ləğv edildikdən sonra bu növ cinayətlərlə bağlı səlahiyyət həmçinin Daxili İşlər Nazirliyinə verildi. Bu növ cinayətlərin xüsusiyyəti ondadır ki, onlar virtual məkandan edildiyindən sərhəd tanımır və bir cinayətin açılması üçün onlarla dövlətin hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti zəruri olur”, – deyə vəkil əlavə edib.

Əgər kibercinayətlərin qurbanı olmaq istəmirsinizsə, zəruri təhlükəsizlik tədbirlərini görməyi unutmayın. Bunun üçünsə tanımadığınız, etibar etmədiyiniz insanlara bank kartınızın nömrəsini və kodunu ötürməyin, bank kartı ilə onlayn ödənişlər üçün sms-təsdiqləmə sistemini aktivləşdirin, sosial şəbəkələrdəki səhifənizdə etibarlı parollardan və yenə də sms-təsdiqləmə üsulundan istifadə edin. Kifayət qədər ehtiyatlı davranış isə sizi istənilən kibercinayət ehtimalından qoruya bilər.

Və sonda: sizə telefonla zəng edib, özlərini bank əməkdaşı kimi təqdim etsələr belə, heç zaman heç kimə bank kartınızın göstəricilərini söyləməyin – bank əməkdaşları müştərilərinə belə müraciətlər etmirlər. İstənilən şübhəli vəziyyətdə bankla birbaşa əlaqə saxlayın.

Virtualaz.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Neftin qiyməti həftəni hansı səviyyədə başa vurdu?

%d bloqqer bunu bəyənir: