Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıya gələn kəndlilər eybəcər formaya düşüblər – SOSİOLOQ

Bugünkü dünyamızda şəhərli ilə kəndli arasında fərq demək olar ki, qalmayıb. Bunun yaxşı, yaxud pis tərəfləri ola bilər. Ancaq məsələnin kökündə nə dayanır?

 

Sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a bildirib ki, bu məsələ çox aktualdır.

“Bu məsələyə başqa ölkələrdə münasibət fərqli şəkildədir. Normal inkişaf etmiş ölkələrdə bu məsələlər elmi əsasla izah edilir, təhlil olunur və həlli tapılır. Çox təəssüf ki, bizdə elmi əsaslar yoxdur. Bizdə proseslər xaotik baş verir . Bunun özü qorxulu bir haldır. Çünki cəmiyyət insan kimidir, necə ki, insanda əlin funksiyası, başın funksiyası, ayağın funksiyası və digər orqanların hər birinin ayrı-ayrı funksiyası var.

 

Cəmiyyət də belədir, həmin nizamnaməni, həmən ahəngi pozanda cəmiyyətdə xaos başlanır. Çox təəssüf ki, bizdə də son illər ölkədə baş verən proseslər elə etdi ki, kənd camaatı xaotik şəkildə şəhərə gəldi. Bizdə urbanizasiya  (əhalinin rayonlardan şəhərlərə köç etməsi, şəhərliləşmə) elminə əsaslanan heç nə yoxdur.

 

Bakı şəhərində urbanizasiya heç bir qanuni əsaslarla davam etmir. Bu, cəmiyyətdə qarışıqlıq yaratmağa səbəb ola biləcək məsələlərdən biridir. Bəs, kənd camaatı niyə şəhərə gəlir? Kənd camaatının 30-40 il bundan şəhərə gəlməsi bir başqa məsələ idi. Kəndli şəhərə gəlirdi, zavodda işləyirdi, yavaş-yavaş iş kollektivinin hesabına şəhərin davranış formalarını öyrənməyə çalışıb və zamanla şəhər mühitinə öyrəşirdi”.

 

Ekspert qeyd edib ki, son zamanlar vəziyyət fərqli cərəyan etdi.

 

“Kənd əhalisi kənddə dolana bilmədiyi üçün kütləvi şəkildə böyük şəhərlərə axın etdi. Bakıda da düz əməlli iş yoxdur. Ona görə də bu gün Bakıya gələnlər şəhərliləşməyib, eybəcər bir formaya düşüblər. Kəndimizdən Bakıya gələnlərin ataları, babaları nə qədər nurani sifətləri olduğu yadımdadır. Amma indi Bakıya iş tapmaq məqsədilə gəlirlər, iş tapa bilmirlər, ən alçaldıcı işlərlə məşğul olurlar. Normal şərait qurmaq istəyənlərin əksəriyyəti buna nail ola bilmirlər. Bu şəkildə şəhərə gələnlər şəhər mədəniyyətinə qoşula bilmir. Bunun nəticəsində sistemsiz bir mədəniyyət ortaya çıxıb ki, istər davranış baxımından, istər mədəniyyət baxımından, istərsə də dolanışıq baxımından bu, arzu olunan deyil. Bunların hamısı yekun olaraq həmin insanlarda ruh düşkünlüyü yardır”.

Sosioloq deyib ki, bu prosesin nəticəsi olaraq kəndlərdə boşluq yaranır.

 

“Əvvəl kəndli öz zəhmətinin bəhrəsini görürdü, məhsullarını bazara çıxara bilirdi, şərabçılıq zavodlarına verə bilirdi. Ancaq indi kəndli zəhmətinin qarşılığını görmür və ona görə də ümidsizlik yaranır. Bu məsələləri indiki vaxtda başlı-başına qoymaq olmaz. Bunların hamısı üçün elmi əsaslarla tənzimlənmiş fəaliyyət proqramları olmalıdır. Bütün alimlərin qəbul ediyi bir məsələ var ki, cəmiyyət günü-gündən mürəkkəbləşirsə, orada gedən proseslər hökmən elmi əsaslar çərçivəsində olmalıdır. Çox təəssüf ki, biz hələ ki bir çox məsələlərdə elmi əsaslı fəaliyyət proqramlarına fikir vermirik. Bəzən eşidirik ki, fəaliyyət proqramı hazırlanıb. Mən sizi əmin edə bilərəm ki, bunlar həqiqi mənada fəaliyyət proqramı deyil. Fəaliyyət proqramı hazırlamağın öz spesifik xüsusiyyətləri var.

 

Biz indiki dövrlərdə əsas diqqəti ona ayırmalıyıq ki, universitetlərimizdə sosial idarəetmə sahəsində layiqli mütəxəssislər yetişdirilsin. Formal olaraq sosioloqlar hazırlayırıq, halbuki, buna qəti şəkildə yol vermək olmaz. Necə ki, insanın yüksək səviyyəli bir həkimə ehtiyacı var, eləcə də cəmiyyətdə gedən bu cür proseslərin də idarə olunmasında yüksək səviyyəli mütəxəssislərə ehtiyac var”.

 

Ə.Qəşəmioğlunun fikrincə, insanın davranışının formalaşmasında üç amil önəmlidir. “Mühit, aldığı informasiya və üstünlük verdiyi dəyərlər… Bu faktorların təsiri altında davranış formalaşır. Bəzən deyirlər ki, bizim millət tənbəldir, bizim millət … və s… Bunlar millətin əleyhinə olan düşmən təbliğatıdır.

 

Azərbaycan böyük bir ölkə deyil. Ölkəmizin cəmi 10 milyona yaxın əhalisi var, onun da bir neçə milyonu ölkədən kənardadır, bir neçə milyonu ilə körpə uşaq və yaşlılar təşkil edir. Ortada 3-4 milyon aktiv əhali var. Onlara hər hansı bir davranışı elmi cəhətdən izah etmək çox asan bir məsələdir. Kəndilər niyə kəndlərdə işləmək istəmirlər? Birinci məsələ, onların əlində olan torpaq sahələri pərakəndə şəkildədir. Ailənin hər bir fərdinə ayrı-ayrı yerlərdən torpaq sahəsi verilib. Bir torpaq sahəsindən digərinə getmək üçün ən azından bir motosikl lazımdır. İkinci, məsələ isə torpağı əkib-becərmək üçün kəndlinin maddi imkanı yoxdur.

 

Üçüncü, texnikası yoxdur. Ən nəhayət, istehsal etdiyi məhsulu çıxarmaq üçün bazar yoxdu. Bu məsələlərin həlli üçün elə etmək lazımdır ki, kəndli başını aşağı salıb kənd təsərrüfatı məhsulları istehsal etsin. Bu gün kəndlərdə biz o şəraiti yaratmamışıq. Kəndli fərqli məhsul istehsal edir, ancaq onu sata bilmir, qalır onun əlində. Bu məsələdə günah kəndlidə deyil”.

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Bu kəndin əhalisi 3 aydır, susuzdur”

%d bloqqer bunu bəyənir: