Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakını və Azərbaycanı qoruyan sirli silah

“Dəmir gümbəz”lə bağlı sensasion bilgilər; Politoloq Eldar Namazov: “İsrail dövləti əməkdaşlıq çərçivəsində Azərbaycana “Dəmir gümbəz” deyilən kompleks verib; ermənilərdə isə…”; “Ermənilərin atacaqları raketlər Azərbaycan ərazisində partladılmamış özlərinin raket komplekslərini darmadağın edəcək imkanlara malikik”

Ermənilərin Mingəçevir Su Anbarını vurmaqla bağlı hədələri bir-birini əvəzləməkdədir. Separatçı rejimin qondarma müdafiə naziri Levan Mnatsakanyanın bir qədər də irəli gedərək, Bakı-Tiflis-Ceyhan neft kəmərini vuracaqlarını da söyləməsi hiddətlə yanaşı, narahatlıq da doğurur. 

Politoloq Eldar Namazov bir müddət əvvəl “Yeni Müsavat”ın qonağı olarkən Azərbaycanın hava döyüşlərinə dair yeni hərbi texnologiyalar alınmasına xüsusi diqqət yetirdiyini bildirmiş, bu istiqamətdə maraqlı hərbi texniki təhlil aparmışdı. Bildirmişdi ki, alınan son hərbi texnologiyalar Azərbaycanın müdafiə potensialını artırır.

Ona görə də düşmənin son hədələri kontekstində E.Namazovdan fikir almaq istədik. Bizim üçün maraqlıdır, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk Qrupu həmsədrləri ilə, o cümlədən Ermənistan politoloqları ilə tez  – tez görüşən, geniş bilgiyə sahib olan politoloq düşmənin konkret “vurarıq” hədələri haqda nələr düşünür? Ondakı məlumatlar qəzet oxucularının timsalında, Azərbaycan ictimaiyyətində Silahlı Qüvvələrimizə  əminlik yaradacaq qədərdirmi?

Azərbaycanın hava hücumlarından müdafiə kompleksləri ölkəni qorumaq iqtidarındadırmı? 

Politoloq deyir ki, ermənilərin Mingəçevir Su Anbarını, paytaxt Bakını, neft yataqlarımızı, Bakı-Tiflis-Ceyhan neft kəmərini raketlərlə vura biləcəkləri haqda iddiaları düşdükləri panik durumdan doğur: “Düzdür, ermənilərin uzaq məsafələrdəki hədəfləri vuran raketləri var. Həmin raketlər ən müasir raketlər deyil və qarşısını almaq hava hucumundan müdafiə sistemlərimizin imkanı daxilindədir”.

SSRİ dövründə Azərbaycanın hava hücumundan müdafiə sistemi necə güclü idisə, hazırda həmin sistem daha modern və müasir tələblərə cavab verən hərbi texnologiyalarla təchiz edilməklə daha da gücləndirilib”

Politoloq deyir ki, sovet dönəmində ən güclü hava hücumundan müdafiə sistemi Azərbaycanda qurulub,  Mingəçevir və Bakıda hava hücumundan müdafiə briqadaları olub: “Həmin vaxt Qafqazda SSRİ hərbi-sənaye kompleksi üçün ən vacib obyektlər Azərbaycanda yerləşirdi. Qəbələ RLS belə obyektlər sırasında ilk yerdə idi. Qəbələdəki qurğu SSRİ hərbi-sənaye kompleksinin Hind okeanı hövzəsindən tutmuş, Yaxın Şərq daxil olmaqla ”görən gözləri” idi. Həmin istiqamətdə olan dövlətlərin birindən SSRİ-yə istiqamətlənən raket buraxılsaydı, Qəbələ RLS həmin raketin buraxılma anından hərəkət trayektoriyası haqda dəqiq məlumat verməklə izlənməsi, məhv edilməsi üçün zəruri olan informasiyanın əldə olunmasını təmin edirdi. Sovetlər birliyində bu tip bir neçə qurğu vardı. Həmin qurğulardan biri ABŞ,  digəri NATO qoşunlarının mənzilləndiyi Avropa istiqamətində, Qəbələ RLS isə cənub istiqamətində monitorinq aparırdı. Ona görə də həmin obyektin özünü də müdafiə etmək üçün çox güclü raketdən müdafiə sistemləri qurulmuşdu. Əgər RLS raketlə vurulsaydı, SSRİ-nin strateji təhlükəsizlik qüvvələri “kor” qalırdılar. 2-ci Dünya müharibəsi və sonrakı illərdə SSRİ hərbi sənaye kompleksi çox keyfiyyətli olan Azərbaycan neft məhsullarından istifadə edirdi. O neftin çıxarıldığı yataqları qorumaq üçün də hava hücumundan müdafiə sistemi qurulmuşdu”.

E.Namazov deyir ki, son dövrlərdə Azərbaycanda keyfiyyətcə yeni hava hücumundan müdafiə sistemləri qurulub: “İsrail dövləti əməkdaşlıq çərçivəsində Azərbaycana ”Dəmir gümbəz” deyilən kompleks verib. Həmin kompleksi İsrail 10 il əvvəl istifadəyə verib. Belə kompleksin biri ilk dəfə olaraq İsraildə, ikincisi isə Azərbaycanda qurulub. Sonradan bir neçə dövlətə də həmin kompleks satılıb. İsraildən aldığımız “Spyder” dünyada ən güclü zenit-raket komplekslərindən biridir. Eyni zamanda 60 hədəfi – yəni raketi izləyə, məhv edə bilir.  SSRİ dövründə Azərbaycanın hava hücumundan müdafiə sistemi necə güclü idisə, hazırda həmin sistem daha modern və müasir tələblərə cavab verən hərbi texnologiyalarla təchiz edilməklə daha da gücləndirilib. Güman edirəm ki, Ermənistan tərəfinin hədələri qeyri-ciddidir. İsrail həmin kompleksləri özündə yoxlayanda atılan raketlərin 90 faizini məhv etmişdi.  Ermənistanda belə komplekslər yoxdur”.

E.Namazov deyir ki, düşmən tərəfin hədələri daxili auditoriyaya hesablanıb:“Azərbaycanın paytaxtı, əsas iqtisadi zonamız Bakı və Sumqayıtdadır.  Cəbhə bölgəsindən bu istiqamətə atılan raketlərin uçuş müddəti 9-10 dəqiqədir. Bu raketin hədəfə çatması üçün bu çox böyük bir vaxtdır. ”Spyder” istənilən hava şəraitində istifadə oluna bilən mobil zenit-raket kompleksləridir. Bu komplekslər qırıcı təyyarələri, bombardmançıları, qanadlı raketləri və digər hava hədəflərini yaxın radiusdan aşkar edib zərərsizləşdirə bilir. Komplekslərdən strateji obyektlərin mühafizəsi, məsələn, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin bazalarını mühafizə etmək üçün istifadə etmək mümkündür.

Kompleksə təkərli şassi üzərində qurulmuş raketburaxma qurğusu, nəqliyyat-alışdırma maşını, komanda məntəqəsi, həmçinin eyni vaxtda 60 hədəfi 30 kilometrdən aşkar edib izləyən radar daxildir. Hər raketburaxma qurğusunda dörd “Pyton-5″ və ya ”Derby” raketləri olur. Bu raketlər hədəfi 9 kilometr hündürlükdə və 20 kilometr məsafədə vura bilir. Azərbaycanda Rusiyanın istehsal etdikləri zenit-raket kompleksləri də var. Ermənilərin hədələri sırf hədədir və atacaqları raketlər Azərbaycan ərazisində partladılmamış özlərinin raket komplekslərini darmadağın edəcək imkanlara malikik. Bu hədələr daxili auditoriyaya hesablanıb, öz əhalilərini sakitləşdirməyə, panik durumdan çıxarmağa hesablanıb. Erməni ordusu təlaş içindədir deyə biz belə hədələri eşidirik”.

Ermənilərin dedikləri sırf hədə statusundadır və atacaqları raketlər Azərbaycan ərazisində partladılmamış özlərinin raket komplekslərini darmadağın edəcək imkanlara malikik”

E.Namazov deyir ki, Azərbaycan Xəzər dənizi istiqamətində müdafiə səddini gücləndirməlidir: “Paytaxtımız, əsas iqtisadi zonamız Xəzər sahilində yerləşir. Paytaxtı dəniz sahilində yerləşən dövlətlərdə xüsusi sahil müdafiə qüvvələri yaradılır. Azərbaycanın hərbi donanması, sərhəd qoşunları var. Ancaq dənizdən sahilə tanklar, BTR-lərlə desant hücumu olsa, bunun qarşısını sahil müdafiə qüvvələri almalıdır. Düzdür, bu gün Azərbaycana dənizdən birbaşa təhlükə yoxdur. Amma bu o demək deyil ki, müvafiq hazırlıqlar görülməməlidir.  Misal üçün, Rusiyanın hərbi donanması bu gün Xəzərdə təlimlər keçirirsə, həmin təlimlərdə sahilə desant çıxırsa, bu halda hər ehtimala qarşı Azərbaycan paytaxtı və Sumqayıtı dənizdən hücumdan qoruyan sahil müdafiə qüvvələri yaradılmalıdır”.

Göründüyü kimi, ermənilərin Bakını və digər bölgələrimizi vuracaqları barədə hədələri boş iddialardan ibarətdir. Azərbaycan neft hasilatından əldə etdiyi gəlirlərin mühüm bir hissəsini müdafiə işlərinə uğurla yatırıb və bu səbəbdən də Silahlı Qüvvələrimizin hava hücumlarından müdafiə qabiliyyəti kifayət qədər yüksəkdir.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Əbülfəz Qarayevin uğursus turizm siyasəti

%d bloqqer bunu bəyənir: