Loading...
Loading...

Bakıdan Tayqaya səyahət: 38 İLLİK SİRR – I YAZI

– Narahat olmayın. O qədər də uzaqda deyilik. Bakıdan yəqin Moskvaya uçacaqsınız. Moskvadan ya Bratska uçun, ya da Krasnoyarska. Təyyarə 6 saata gəlir. Qatarla isə 6 günə.

– Bəs oradan?

– Krasnoyarskdan Severobaykalska sutka yarım yoldur.

– Severobaykalska yaxındır?

 – Hə, yaxındır. Oradan 180 km yoldur Anqoyaya. Amma bir şeyi də unutmayın. Sevrobaykalskdan bizim qəsəbəyə gündə bir dəfə, günorta saat 1-də avtobus işləyir. O avtobusa çatmasanız, bir də sabahı gözləməli olacaqsınız.

Daha heç nə demədim. Sağollaşıb, telefonu söndürdüm. Və dərhal da keçdim xəritənin qarşısına. Aha, bura Baykal gölüdür. Severobaykalskı da tapıram. Anqoya isə heç görünmür. Ümumiyyətlə, xəritədə yoxdur deyəsən. Haradan olsun ki? Vur-tut 800 nəfərə yaxın əhalisi var.

Yenidən zəng edirəm.

– Yaxşı, bəs başqa, daha rahat bir yol necə, məsləhət görə bilməzsiniz?

– Mən sizə ən rahatını dedim, cavan oğlan.

Bayaqdan Şutovla danışırdıq. Sergey Yuriyeviç Şutov, Anqoya qəsəbəsinin administrasiya sədri. O Anqoya ki nə az, nə çox, Bakıdan düz 7 min kilometr aralıda, Tayqanın tən ortasında yerləşir.

O Anqoya ki nə az, nə çox düz 30 il əvvəl elə həmin Tayqanın ortasındaca azərbaycanlılar salıblar.

O Anqoya ki hələ də oralarda Azərbaycanı unutmayıblar. Qəsəbənin ən böyük küçəsi belə “Azərbaycan” küçəsi adlanır.

O Anqoya ki, bu qəsəbənin dəmiryolu vağzalı da Heydər Əliyevin adını daşıyır.

Və bu sətirlərin müəllifi bir neçə gün tərəddüd etdikdən sonra, nəhayət, ora getmək qərarı verdi. Və biz bəlkə də sovet dönəmindən sonra ora ayaq basan yeganə azərbaycanlı jurnalist idik.

***

 

teyyyyy

Moskvadan Bratska uçuruq. 6 saatlıq yoldur. Təyyarə köhnədi-nədi, elə hey yırğalanır. 6 saatlıq yolda sərnişinlərə ancaq kiçik buterbrod təklif edirlər. Məndən başqa hamı hazırlıqlıdır deyəsən. Kəmərləri bağlar-bağlamaz hərə öz çantasını açır. Kolbasa, soyutma toyuq və təbii ki arağın iyi salonu bürüyür. Mənim kimi tək-tük sərnişin nəzərə almasaq, əksəriyyəti sibirlidir.

Bratsk sovetlər dövründə salınmış şəhərdir. Elə güman etməyin ki, bu şəhəri qardaş sovet xalqları saldığına görə, məhz Bratsk adlanır. Yox, qardaş sovet xalqları çox sonralar üzü Şərqə doğru başqa şəhər və qəsəbələr salacaqdı. Və bu şəhərsalma Baykal Amur Magistralının (BAM) tikintisiylə bağlı olacaqdı. O BAM-ın ki onun tikintisinə Azərbaycandan da gedəcəkdilər. Əvvəl Tayqanın ortasında Ulkan qəsəbəsini salacaqdılar. Daha sonra isə bayaq adını çəkdiyimiz və yolçuluğunu etdiyimiz Anqoyanı.

Hə, Bratskadan danışırdıq axı… Bu yerlər ta qədimdən buraytların məskəni olub. Buryatlarla eyni qoldan olan evenklər, tunquslar həm də özlərini “brask” camaatı adlandırırmışlar. Ruslar bu yerlərə ilk dəfə 1609-cu ildə gəlib çıxıblar. Elə yerli əhalinin təbirincə, buraları “brask torpaqları” adlandırıblar. 1955-ci ildə Bratsk şəhəri salınanda da çox fikirləşməyiblər, şəhərin adını braska uyğun Bratsk adlandırıblar.

piv_bar

Köhnə sovet şəhərini xatırladır Bratsk. Eləcə də sonradan gedəcəyimiz Sevrobyakalsk. Bir çox yerdə nostalgiyadan doğan həvəslə SSSR adlı kafelərə də rast gəlmək mümkündür. Köhnə tikililər, yamaqlı yollar, elə insanların geyimi də iri şəhərlərdən fərqlidir. Rusiyanın mobil operatorlarına da burda çalışmaq çox çətindir. Təsəvvür edin, qatarla Bratskdan Severobaykalska gedərkən dörd, ya beş yerdə telefonun dalğası tutdu. Yol isə sözün həqiqi mənasında Tayqanın içiylə uzanıb. Tayşetdən uzaq şərqə doğru uzanan bu yol, elə əslində BAM-dır…

Zəruri qeyd:

Baykal-Amur Magistral dəmir yol xətti. Qısaca olaraq BAM. SSRİ-nin 20-ci əsrdə ən böyük strateji layihələrindən biri olub. 1974-cü ildən start götürən bu nəhəng layihə SSRİ məkanında Avropa ilə Asiyanı birləşdirdi. Dəmiryol xəttinin uzunluğu 4324 kilometrdir. 60-dan çox şəhər və qəsəbəni əhatə edən dəmir yolu xətti 200 stansiyadan keçir. BAM SSRİ zamanı ən çox gəncin cəlb olunduğu “Əsrin tikintisi” adını almış bir layihə olub.

Bəziləri BAM-ı SSRİ-nin avantürası adlandırsa da, zaman sübut elədi ki, əslində bu, həddən artıq nəhəng layihə olub. Bu layihənin tikintisinə isə Azərbaycan da öz töhfəsini verib. Tayqa, keçilməz bataqlıqlar, sərt hava Azərbaycandan gəlmiş gəncləri qorxutmayıb. Azərbaycanlılar işlərinin öhdəsindən uğurla gəliblər.

1978-ci ildə, “Azbamstroy” adlı tikinti dəstəsinin tərkibində buralara gələndə onların sayı 40 nəfərdən çox imiş. Azərbaycanlıları Bratsk-Severobaykalsk yolunun üstündə yerləşən və sonradan Ulkan adlanacaq sahəyə təhkim etmişdilər.

– Burlar tam meşəlik idi. Ucu-bucağı görünməyə meşəlik. Ən yaxın yaşayış məntəqələri olan Yuxta və Tarasovo haradasa 70-80 km aralıda yerləşirdi. Ağaclardan komalar tikirdik. Komanın içinə isə saman səpirdik. Nəmişliyi azca da olsa, aradan qaldırırdı. Bəxtimizdən həmin il dəhşətli şaxtalar düşmüşdü. Təxminən 45-50 dərəcə. Bir dəfə Yuxtada hətta 63 dərəcə şaxta qeydə alınmışdı. Amma bununla belə işləyirdik. Briqadamızın qarşısında plan qoyulmuşdu. Mart ayına qədər 40 km irəliləməliydik. İrəliləməli deyəndə bilirsiniz nəyi nəzərdə tuturam? Meşənin içiylə dəmiryolunun keçəcəyi 40 km yolu açmaq. Çox az adamın meşə qırmaq təcrübəsi vardı. Amma gecə-gündüz işləyirdik.

tayqa

Bunu Rüstəm Əliyev deyir. BAM-ın ilk azərbaycanlı “əsgərlərindən” biri.

Həmsöhbətimizin dediyinə görə, iş şəraiti ağır olsa da, BAM-da çalışanların əməkhaqqı o dövrə görə çox yüksək imiş. Heç bir ixtisası olmayan fəhlənin aylıq maaşı 1000 rublu keçirmiş. Bundan başqa, demək olar ki, hər həftə vertolyotla onlara təzə meyvə, şirələr, süd, qırmızı kürü, hisə verilmiş kolbasalar, hətta kofe belə gətirirmişlər. Bu hələ harasıdır? BAM-da çalışanlar o vaxt sovet adamının qibtə edəcəyi az tapılan malları belə rahatlıqla əldə edirdilər. Xəz palto, Çexiya istehsalı olan ayaqqabılar, yapon maqnitofonları, büllur qablar, kostyum və təbii ki cins şalvarlar. Bütün bu defisit malları BAM fəhlələri rahatlıqla ala bilirdilər.

Həmin dövrdə işçilərin aylıq maaşını paylamağa məsul olan İnna Raskovanın dediyinə görə, əməkhaqqını iri kisələrdə vertolyotla gətirib atarmışlar.

– Bəzən, kisələrin dalınca bir qədər gec gedərdim. Amma işlədiyim dövrdə bircə dəfə də olsa, oğurluq hadisəsi olmadı. On minlərlə rubl kisələrdə qalırdı, heç kim əlini vurmazdı. Belə səmimi və mehriban mühit vardı.

Hə, bax İnna bunu düz deyir. Elə BAM-a gələn Şamil Qurbanova da bu mehribançılıq necə təsir edibsə, valideynlərinin geri qayıtmaq barədə təkidlərinə baxmadan burada qalıb. Atası Azərbaycanda tanınmış sovxoz direktorlarından biri olub Şamilin. Özü isə güləş üzrə idman ustası. Sən demə, SSRİ yığmasına əsas namizədlərdən imiş Şamil. 1976-cı il Kanadanın Monreal şəhərində keçiriləcək olimpiadaya belə gedəcəkmiş. Amma son anda özünün də bilmədiyi səbəbdən adını siyahıdan çıxarıblar. O da acıq edib… BAM-ı tikməyə gəlib. Və o qalan qalıb.

– Əvvəl elə bildim hirsim soyuyacaq, hər şey keçib gedəcək. Amma sonra öyrəşdim. İndi özümü burasız ümumiyyətlə təsəvvür edə bilmirəm, – deyir Şamil dayı. Elə buradaca evlənib. Fizika müəlliməsi Natalya xanımla. İki oğlu var. Böyük oğlu Kazaçinsk-Lensk rayonunun prokuror köməkçisidir.

***

heyder_aliyev

Heydər Əliyev

1978-ci ilin mayında Bakıdan Ulkana azərbaycanlı memarlar da göndərilir. M. Dativin, A. Cabbarov və Y. Tovstonoqov Tayqada yeni qəsəbənin, Ulkan qəsəbəsinin layihəsini hazırlamalıydlar. Tezliklə qəsəbədə ilk küçə meydana gəlir. Küçəni 26 Bakı komissarları adlandırılar. Tədricən ilk evlər tikilir, məktəb, bağça inşa edilir. Amma bununla da qurtarmır. Qısa müddətdə magistralın Ulkan stansiyasını istismara verirlər. O vaxt SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini olan Heydər Əliyev şəxsən həmyerlilərinə baş çəkməyə gələcəkdi. Balbuxta – Severomuysk xəttində dəmiryolunun son metrləri döşənirmiş. Bir tərəfdən azərbaycanlı Elxan Sultanovun, digər tərəfdən isə Aleksandr Bondarın briqadası xətti çəkə-çəkə üz-üzə gəlirdi. Dəmiryolu xətləri birləşməli, yol istifadəyə verilməliydi.

Sonradan Bondar xatırlayacaqdı: “Heydər Əliyev Mi-8 vertolyotu ilə düz briqadanın işlədiyi əraziyə endi. Onu SSRİ-nin yol-nəqliyyat naziri Nikolay Konerev, tikinti naziri İvan Sosnov, BAM-ın tikinti rəisi Konstantin Moxortov və başqaları müşayiət edirdilər.

Mən Heydər Əliyevi və digər qonaqları tikinti işləri ilə tanış etdim. Heç özüm də bilmədim niyə belə oldu, qəfil əlimdəki iri çəkici Heydər Əliyeviçə uzadıb dedim:

– Heydər Əliyeviç, relsləri birləşdirən “zubilanı” vura bilərsinizmi?”

Sən demə, heç kim briqadirdən bunu gözləmirmiş. Heydər Əliyev isə tələsmədən, aramla iri çəkiclə “zubilanı” relsə vurdu. “Zubila” yerinə tam oturandan sonra alqış qopdu”, – deyə Bondar xatırlayırdı.

sebuhi_memmedli

Səbuhi Məmmədli – müəllif

Mərasimdən sonra Heydər Əliyev azərbaycanlılarla bir araya gəlir. Və…

Və hər şey də elə bundan sonra başlayır…

(Davamı olacaq)

(Yazı “Çudo Peçka” MMC-nin təsisçisi Çingiz və Pərviz Cəlilovların dəstəyi ilə hazırlanıb)

Lent.az

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Cəbiş müəllimin arvadı ONA XƏYANƏT EDİBMİŞ…

%d bloqqer bunu bəyənir: