Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıdakı müəmmalı gurultunun sirri – VİDEO

bakiBir neçə gün əvvəl Bakı ətrafında, xüsusilə də Badamdar qəsəbəsində vətəndaşları narahat edən müəmmalı uğultu bu dəfə Yeni Günəşli qəsəbəsində insanların narahatlığına səbəb olub. Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi başda olmaqla heç bir rəsmi instansiya sözügedən müəmmalı səslə bağlı dəqiq açıqlama vermir, vətəndaşlar isə narahatdırlar. Seysmoloji Xidmətdən yalnız bunun zəlzələ olmadığı bildirilib. Odur ki, “Bizim Yol” qəzeti anomal təzahürün səbəblərini xarici mənbələrdə araşdırmağa çalışıb. Əslində bu, tək bizdə deyilmiş, bütün dünyada yer qəribə səslər çıxarır. Axır vaxtlar insanlar səmadan, ya da yerin təkindən qəribə səslər eşitdikləri barədə məlumat verirlər. Bəzən onlar bunu uğultu və ya quruldama kimi təsvir edirlər. Başqaları deyirlər ki, yanıqlı fəryad, zərbə gurultusu və hətta melodiya eşidirlər. Bu səslər çox zaman qeydə alınır və internetdə yerləşdirilir. Təbii ki, kütləvi şayiələr və qorxulu nəzəriyyələrə səbəb olur. Yaxınlarda bu, Amerikanın müxtəlif ştatlarında da baş verib, İngiltərədə də, Rusiyada da. Səslər 2011-ci ildən çoxalmağa başlayıb və indiyə qədər də davam edir. Artıq dünyanın müxtəlif yerlərindən mənbəsi bilinməyən uğultular barədə məlumatlar intensivləşib. O, hərdən zəlzələni də xatırladır. “Yerin iniltisi”, “yerin cırıltısı”, “yerin səs-küyü” adlandırılan bu anomal təzahürü ayrı-ayrı adamlar deyil, bəzən bütöv bir şəhər eşidir və səslə bərabər titrəyiş də hiss edir. Paranormal-news.ru saytında dünyanın dörd bir tərəfində eşidilən bu səslərin videolentləri bir araya gətirilib. Onların demək olar hamısı eyni cür səslənir. İfadə edilə bilməyəcək qədər vahiməlidir. Hətta bu səslər o qədər güclüdür ki, avtomobillərin siqnalizasiya sistemini belə işə salır. Amma yerin təkindən gələn səsə bənzəmir. Əks-səda verir, elə bilki, haradasa yuxarılarda, ya da çevrəmizdədir, sanki bütövlükdə planet uğuldayır. Günəşlidən olan videodakı səsi dinlədiyinizdə aralarında azacıq bənzərlik var.

Texnogen versiya. Səslərin texnogen səbəblərdən olması ən yayılmış versiyadır. Məsələn, bəzi geoloqlar Novokuznetskdə müəmmalı uğultunu kömür hasilatı ilə əlaqələndirirlər. Suxurlarda enerji partlamaları sanki yerin təkinə yığılır, bu zaman ya süni zəlzələ törədir, ya da müəmmalı səs-küyə səbəb olur. Oxşar versiyanı Novosibirsk Akademiyasının alimləri paylaşıblar. Hələ 1982-ci ildə professor-geoloq Aleksey Dmitriyev texnogen zəlzələ və uğultunu nəzərdə tutaraq tezliklə Amerikanı ciddi fəlakətlərin gözlədiyi barədə xəbərdar edib. Amerikalılar ona inanmasalar da 2 il sonra ABŞ-ın Şərq sahili boyunca geofiziki uğultu və kiçik zəlzələlər olub. Geoloq iddia edib ki, bunu proqnozlaşdırmaq çətin olmayıb, belə ki, Atlantik sahili boyunca onlarla yüksək gərginlikli elektrik xətləri uzanır. ABŞ-ın enerji təminatı sistemində ötürülən cərəyanın tezliyi 60 Hs-dir. Litosferin cərəyanının tezliyi buna uyğun olduğuna görə, “qısaqapanma” baş verib. Texnogen versiyanın iki çatışmazlığı var: əgər səs-küyə istehsalat faktoru səbəb olubsa, onda bu səsin planetin müxtəlif guşəsində praktiki olaraq eyni vaxtda eşidilməsini necə izah etmək olar? İkinci çatışmazlıq – şahidlərin dediyinə inanılsa, elektrik stansiyaları, fabriklər, tikinti və digər texniki qurğuların olduğu obyektlər heç də həmişə “gurultu” eşidilən yerin yaxınlığında olmayıb.

Geofiziki versiya. Geofizika alimləri hesab edirlər ki, Yer həqiqətən “canlıdır” və o, “qışqırır”. Planetimizin dərinliklərində davamlı konveksiya, maqma axınlarının hərəkəti və litosfer lövhələrinin yerdəyişməsi baş verir. Bu ona gətirib çıxarır ki, yer səs-küy salır. Onun “səs”ini yazmaqdan ötrü alimlər texniki və elmi məqsədlər üçün qazılmış quyuya həssas mikrofonlar salırlar. Normal insan qulağı əksər hallarda bu səsləri duymağa qadir deyil. Lakin istisnalar da olur. Uğultu zəlzələ zamanı bilavasitə təkandan əvvəl baş verə bilər. Ancaq bu, təəccüblü deyil: zəlzələ vaxtı litosfer lövhələri hərəkət edir, ona görə də proses səs-küylə müşayiət edilə bilər. Diqqət edilib ki, böyük zəlzələlərdən əvvəl yerin “zümzümə” səviyyəsi artır. Yer sanki gözlənilən zəlzələ barədə xəbərdarlıq edir, insanlara zəlzələnin gücünü əvvəlcədən qiymətləndirmək və episentrini müəyyənləşdirmək imkanı verir.

Əslində, Yerin dərinliklərində zəlzələ heç vaxt dayanmır. Lakin onlardan hansının vurub üzə çıxacağını uzun müddət öncədən söyləmək praktiki olaraq mümkün deyil. Bu, cəmi bir dəfə mümkün olub, rusiyalı elm adamı 2011-ci ildə Yaponiyada 16 min insanın ölümü ilə nəticələnən irimiqyaslı zəlzələni 3 il qabaqcadan xəbər verib. Yaponiyanın altında səslərin sinxronlaşdığı barədə rusiyalı mütəxəssis o vaxt xəbərdaredici yazılarla çıxış edib. Alimlərin fərziyyələrinə görə, səslərin sinxronlaşması gözlənilən zəlzələnin ilkin əlamətidir. Yaponlar buna inanmamışdılar. Ən pisi də odur ki, orada aşağıtezlikli səs-küyün sinxronlaşması fəlakətdən sonra hələ də qalır. Belə ehtimallar var ki, Yaponiyanı əvvəlkindən heç də az dağıdıcı olmayan daha bir zəlzələ gözləyir və həm də bu dəfə paytaxt Tokionun yaxınlığında. Məhz buna görə Yerin uğultusunu öyrənmək lazımdır. O səslərin köməyilə planetimiz təkcə zəlzələlər haqqında xəbər vermir, həmçinin neft və hasilat sənayesində digər lazımi tapıntılarda yardımçı olur. Amma təəssüf ki, Yerin “fəryadı”nı heç də həmişə yaxınlaşan zəlzələ ilə izah etmək olmaz. Bu səslərin eşidildiyi bölgələrin çoxunda son bir neçə ildə seysmik hadisələr baş verməyib. Müəmmalı uğultu daha çox zəlzələnin prinsipcə olmadığı yerlərdə müşahidə edilib. Onu da xatırladaq ki, 2014-cü ildə ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MIT) alimləri Bakı və Şamaxıda güclü zəlzələ olacağı proqnozunu veriblər. Onlar Bakıda zəlzələ baş verəcəyi təqdirdə bunun yüz minlərlə insanın ölümü ilə nəticələnəcəyini iddia ediblər, hadisənin əhali və neft infrastrukturuna, eləcə də regionun vəziyyətinə təsir etmə imkanında olacağını söyləyiblər. Azərbaycan seysmoloqları bunu qəbul etməsələr də, xırda və nisbətən iri təkanlar intensiv baş verir. Həm də adıçəkilən bölgələrin seysmik aktiv olduğunu bizim alimlər də inkar etmirlər.
Hava şəraiti versiyası. Bəzi alimlər güman edirlər ki, planetin cırıltısı dumanlı, rütubətli və yağmurlu hava ilə bağlıdır. Buz əridiyi zaman su molekulları arasında hidrogen bağlarının bir hissəsi parçalanır. Hər belə boşluq enerjini kənara atır və bu zaman zəif çıqqıltılı səsi çıxara bilər. Bu səbəbdən alimlərin fərziyyəsinə görə, səs-küy duman və ya havada bulud olduğu zaman eşidilirsə, bu, vızıltı ilə müşayiət olunan “suyun mahnısı”dır. Əlbəttə ki, bir qar dənəciyi əhəmiyyətsiz səs çıxarır, lakin böyük miqdarda buzun ərimə səsini hər kəs eşidir. Təəssüf ki, bu versiya səs-küyün nə üçün yayda, aydın havada eşidildiyi sualına cavab vermir.

Heliosentrik (Günəşi, ətrafında hərəkətdə olan planetlərin mərkəzi hesab edən nəzəriyyə) və başqa versiyalar. Sayt professor, geologiya-mineralogiya elmləri doktoru, Zəlzələnin Proqnozlaşdırması üzrə Qlobal Şəbəkənin prezidenti Elçin Xəlilovun bu fikirdə olduğunu yazıb. Qeyd olunur ki, o, planetin müxtəlif nöqtələrində səs-küyün audioyazısını tədqiq edib və müəyyənləşdirib ki, onlar inanılmaz dərəcədə oxşardır. Bundan çıxış edərək belə qərara gəlib ki, uğultu Günəşdə baş verən kataklizmlərin nəticəsidir. Günəş enerjisi axını növbəti atqıdan sonra yerə daşınır və maqnitosferə daxil olur. Bu da Yerin səthinə üz tutan xüsusi akustik dalğanın meydana gəlməsinə səbəb olur. Dalğaları yalnız xüsusi cihazlar istifadə etməklə duymaq olar. Lakin bəzi insanlar da bunu şəhərin aşağı tezlikli səs-küyündə eşidə bilərlər. Aşağı tezlikli dalğa şəhər uğultusunun spektrini dəyişir və onda məşum “inilti”yə bənzər səs eşidilir. Audioyazılarda eşidilən uğultu həqiqətən şəhərin adi səs-küyü kimidir – qaldırıcı kran, təyyarə, inşaat texnikası – lakin dəfələrlə gücləndirilmiş bir səsdir. Səsin eşidənlərdə vahimə yaratmağını E.Xəlilov onun aşağı tezlikli olması ilə izah edib. Məlumdur ki, baxmayaraq aşağı tezlik qulaqla ayırd edilmir, insan psixikasına pis təsir göstərir.

Bir versiyaya görə, sirli gurultu planetdə baş verən maqnit qütblərinin əvəzləşməsi ilə bağlıdır. Çikaqo Universitetindən psixoloq Neil Johnson isə hesab edir ki, uğultu səs-küy eşidən insanların psixoloji xüsusiyyətləri ilə əlaqəlidir. Amma necə olur ki, onu şəhərin bir neçə rayonunda, bəzən də bütöv şəhər əhalisi eşidir? Earthscope USArray tədqiqatçıları iki okean dalğasının toqquşması zamanı silsilə infrasəs uğultuları müəyyən ediblər. Bu toqquşmadan meydana gələn səs prinsipcə bütün dünyaya yayıla bilər. Beləliklə, uğultunun səbəbi torpaq yox, su da ola bilər. Çoxlu sayda fərziyyələr planetin səsinə bir inandırıcı izahat tapmaq istəyən insanları hələlik müəmmada saxlayır. Mümkündür ki, “Yerin inilti”si bu versiyalardan hər biri ilə əlaqəli çoxfaktorlu təzahürdür.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Jurnalistin ölümündə təqsirləndirilən şəxslərə hökm oxundu – Siyahı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: