Loading...
Loading...

Bakıdakı internat məktəbində rüsvayçı olay

Bakıda internat məktəbinin psixoloqu və valideynlər oradakı vəziyyətdən şikayətçidirlər. Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 8 saylı sanatoriya tipli internat məktəbin psixoloqu İmarət Mehdiyeva orada yuxarı sinif şagirdlərinin azyaşlı oğlan uşaqlarını zorladığını, məktəbdə özbaşınalığın, nizam-intizamsızlığın baş alıb getdiyini deyib:

“Mən 15 ildir orada psixoloq kimi işləyirdim. Bir il öncə Pəri Paşayeva bu məktəbə yeni direktor təyin olunub. Bundan sonra problemlər başlayıb, direktor məktəbi idarə edə bilmir. Bu barədə Təhsil Şöbəsinə müraciət etdim. Son bir ildə şagirdlər heç kimə qulaq asmır, dərs sistemi tamamilə pozulub. Pəri Paşayeva məktəbdə öz adına “Rəsm-xətt” müəllimi kimi saat yazıb, amma dərslərə girmir. Yuxarı sinif şagirdləri azyaşlı oğlan uşaqlarını zorlayıb. Bu hadisə ilin əvvəlində baş vermişdi, məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparıldı.

Valideynlər polisə müraciət etmişdi, sonra direktor həmin kasıb valideynləri pulla ələ alaraq susdurdu. Mən psixoloq kimi təcavüzə məruz qalan uşaqlarla söhbət apardım, özləri izahat da yazdılar. Bir neçə uşağın izahatını direktora təqdim etdim ki, belə bir problem var. O vərəqləri əlimdən alıb cırdı, bəziləri özümdə qaldı. Uşaqlar təcavüz hadisəsinin necə baş verdiyini qeyd ediblər. Bu məsələlərə görə mayın 17-də direktor mənim telefonumu əlimdən alıb yerə çırpıb sındırdı, sonra da telefonu özündə saxladı. Hələ də qaytarmayıb.

13335284_580605405İmarət Mehdiyeva

Mənim Təhsil Nazirliyinə müraciətimdən sonra direktor polisə şikayət edib ki, mən guya hansısa uşağı döymüşəm. Döydüldüyü qeyd olunan uşaq, ilin əvvəlində azyaşlı oğlanı zorlamaqda adı keçən adamdı. Xəzər rayon polisi şikayət əsasında cinayət işi açılmasını rədd edib, amma belə bir əlavə də edib ki, İnzibati Xətalar Məcəlləsinə görə tədbir görülsün. Mayın 24-də də Pəri Paşayeva şuranın iclasını keçirdi, orda əvvəlcədən öyrədilmiş şəxslərin iştirakı ilə məni işdən çıxartdı”.

9 yaşlı oğlunun təcavüzə məruz qaldığını deyən digər valideyn K.B bildirib ki, bu barədə mart ayında xəbər tutub: “Uşaqları tətildə rayona gətirmişdim, özüm burada təmizlikçi işləyirəm. Tətil başa çatanda qızımla oğluma dedim ki, sabah Bakıya gedirik. Hər ikisi ağlamağa başladı və dedilər getmək istəmirik. Amma səbəbini demədilər, mən də onları danladım ki, dərsə getmək lazımdı. Ataları həbsdədir, mən də ancaq balaca bir uşağı yanımda saxlaya bilirəm, günü 7 manata işləyirəm. Həmin gün axşam bacım da bizdə idi. Oğlum başına gələnləri, zorlanmasını xalasına danışıb. Deyib ki, 6-cı sinifdə oxuyan Namiq (şərti) ona təcavüz edib. Bunu bacım mənə deyəndə az qaldı dəli olum. Qızım da dedi ki, hə, ana, müəllimlər də qaqaşın başına yığışmışdı. Uşağı Bakıya gətirib bir həkimə göstərdim, dedi ki, belə bilinmir, polisə get, ekpertiza etsinlər. Xəzər rayon 2-ci Polis Bölməsinə getdim, orada Telman müəllim məndən ifadə aldı, uşağı da ekspertizaya göndərdilər. Oğlumun boğazında da diş yeri var idi, hələ də qalır. Ekspert edənlər bir qadın və bir kişi idi, onlar mənə dedilər ki, oğlunuz zədələnib, bağırsağında çat var. Bu vaxt mən özümdən getdim, ayılanda gördüm Pəri xanım neçə dəfə mənə zəng edib. Telefonu açdım, dedi ora gəlirəm. Mənə dedi ki, oğlunuzu zorlayan oğlanın ailəsini məktəbə çağırtdırmışam, gəl onlardan pul alıb sənə verim, sus. Deyirdilər ki, aylıq qazandığın pulu biz sənə verərik. Mən dedim hər yerə şikayət edəcəyəm. Pəri xanım dedi, oğlum filan vəzifədədir, prokuror qohumumdur, işi bağlatdıracağam onsuz da. Həqiqətən də elə oldu, sonradan saxta ekspertiza rəy verdi ki, uşaq təmizdir. Amma oğlum hələ də ağrıdan gecələr yata bilmir. İşlədiyim yerin müdiri də mənə çox icazə vermir ki, işdən çıxıb bu məsələnin arxasıyca gedim”.

Həmin məktəbdə qızı təhsil alan valideyn Aysel İbrahimova “Qafqazinfo”ya açıqlamasında deyib ki, Pəri Paşayeva direktor təyin olunandan sonra məktəb xaos halındadır: “Natəmizlik baş alıb gedir. Mən uşağın başından biti təmizləyib qurtara bilmirəm. Dərmanları da özümüzə aldırırlar. Qızımın başına yara düşüb. Neçə yerə şikayət yazmışam, heç kim çağırıb soruşmur ki, dərdin nədir? Söhbət var idi ki, 9-cu sinif şagirdi 4-cü sinif şagirdi oğlanı zorlayıb. Onu ört-basdir etdilər. Biz də qorxuruq, birdən bu iş sabah mənim qızlarımın da başına gələr. Direktor məhkəməyə sənəd verərək mənim alimentimi kəsdirib, amma uşaqlara da baxmırlar. Qızım məktəbin həkiminə deyib qarnım ağrıyır, həkim deyib ki, get dəhlizdə o baş – bu başa qaç, keçib gedəcək. Məktəbin binasının içində 16-17 tualet, həyətində də 1 tualet var. Əvvəl 4-5 təmizlik işçisi var idi, indi 1 nəfərdir. O da deyir ki, mən təmizləyib çatdıra bilmirəm. Binanın içindəki bütün tualetləri bağlayırlar, qışda da, yayda da uşaqları bağın içindəki tualetə göndərirlər. Binanın dəhlizindəki bütün dispenserləri yığışdırıblar ki, uşaqlar su içəndə yerə dağıdırlar. Övladlarımız tualetdə əlini yuduğu kranta ağzını söykəyib su içir. Heç bilmirik ki, o kranta su hardan gəlir. Məktəbdə tez-tez oğurluq hadisələri olur, paltarlar oğurlanır. Mənim qızımın kitabları məktəbdə oğurlandı, yenə də özümə aldırdılar. Mənim yol puluma qədər dövlət pul ayırır, biz onların heç birini görmürük. Uşağın paltarını, müalicəsini, kitablarını – hər şeyi özümüz həll edirik. O məktəbdə külli-miqdarda mənimsəmə var”.

Məktəbin direktoru Pəri Paşayeva şikayətlərdən məlumatlı olduğunu, lakin heç bir açıqlama verə bilməyəcəyini deyib: “Bura dövlət qurumudur, mənim həmin şəxslərlə şəxsi heç bir işim yoxdur. Buna görə də şikayətlərinə dövlət qurumu olan Təhsil Nazirliyi cavab verə bilər. Xahiş edirəm, nazirliyə müraciət edin”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Bir neçə gün keçməsinə baxmayaraq, sorğumuza heç bir açıqlama verilməyib. (qafqazinfo.az)

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

“Sovetski”də sakinlərlə icra başçısı arasında qalmaqal yaşandı – FOTOLAR

%d bloqqer bunu bəyənir: