Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıdakı evini sataraq İŞİD-ə qoşulmaq üçün Suriyaya getdi

Suriya torpaqlarına üz tutaraq “Ömər Şişani”nin dəstəsinə qoşulan azərbaycanlı gənclərdən Suriya-Türkiyə sərhədini “su yolu”na çevirəni, yarıyolda cihada qoşulmaqda tərəddüd edərək sərhədi keçməyəni, vəziyyəti görüncə baş verənlərin əqidəsinə zidd olduğunu düşünüb geri dönəni, cihadçıların sırasında olmağına uşaq kimi sevinəni, heç zaman Azərbaycana qayıtmaq niyyətində olmayanı, döyüşlərdə öləcəyi təqdirdə isə Vətənə aparılaraq orada dəfn olunmasını istəyəni də var…

Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan daha üç azərbaycanlının – Salyan rayonu, Kürsəngi kənd sakini, 1968-ci il təvəllüdlü İsmayıl Surxayevin, 1990-cı il təvəllüdlü Zəngilan rayon sakini Tehran Musayevin və 1990-cı il təvəllüdlü Zərdab rayon sakini Səbuhi Cəfərzadənin cinayət işi üzrə məhkəmə istintaqı keçirilir.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ənvər Seyidov sədrlik edir.

İttihama görə, İsmayıl Surxayev və Tehran Musayev 2012-2013-cü illərdə Suriya Ərəb Respublikası ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeliyindəki, istintaqa “Ömər Şişani” ləqəbi ilə məlum olan şəxsin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” adlı qanunsuz silahlı birləşmənin tərkibində, Səbuhi Cəfərzadə isə adı çəkilən birliyin istintaqa “Əbu Əli” ləqəbi ilə məlum olan şəxsin rəhbərlik etdiyi dəstəsində fəaliyyət göstəriblər.

Belə ki, T.Musayev “Ömər Şişani”nin (“Çeçen” ləqəbi ilə tanınan, milliyyətcə gürcü olan, Suriyaya gəldikdən sonra Ömər Şişani adını alan Tarxan Batiraşvili nəzərdə tutulur. Ömər Şişani İŞİD-in Suriyadakı komandiri kimi tanınıb. O, ABŞ-ın Suriyanın Əş Səddadi şəhəri yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb – vitualaz.org) rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” silahlı birləşməsinin üzvü, qohumu Məhəmməd Bağırovun təklifi ilə göstərilən birliyə daxil olmaq məqsədilə 16 oktyabr 2012-ci ildə Səbuhi Cəfərzadə ilə birlikdə Türkiyənin Hatay şəhərinə gediblər. Oradan Türkiyə-Suriya dövlət sərhədini qanunsuz keçərək Artma şəhərinə – müxtəlif xarici ölkələrdən oraya yeni gələn şəxslər üçün nəzərdə tutulmuş qəbul məntəqəsinə gəliblər və Ömər Şişaninin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar”silahlı birləşmənin fəaliyyətində iştirak etməyə razılıq veriblər. Bir həftədən sonra T.Musayev Azərbaycana geri qayıdıb. O, qohumu Məhəmməd Bağırovun tapşırığı ilə qabaqcadan əldə olunmuş razılaşmaya əsasən, İsmayıl Surxayevlə əvvəl Gürcüstana, oradansa Türkiyəyə gəlib. İ.Surxayev ayağına qaynar su dağıldığından yanıq xəsarətləri aldığına görə, yoluna davam edə bilməyib, İstanbulda qalıb. Sonradan, 12 dekabr 2012-ci ildə İsmayıl Surxayev Hatay şəhərinin Reyhanlı rayonu istiqamətində sərhədi qanunsuz keçərək Artmaya gəlib və “Ceyşül-Mühacirin və Ənsar”ın tərkibinə qoşulub.

 

“Yaşıl bazar”dan Suriyaya gedən yol

Təqsirləndirilən şəxs qismində dindirilən İsmayıl Surxayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində “Yaşıl bazar”da meyvə-tərəvəzin topdansatışı ilə məşğul olduğunu, 2010-cu ildən etibarən İslam dininin əhli-sünnə məzhəbi üzrə ibadət etdiyini göstərib. Namaz qılmağı təkbaşına öyrənib, bu sahədə heç bir elmi biliklərə sahib olmadığına görə, özünü müsəlman hesab etməyib. İslam dini barədə internet vasitəsilə yayımlanan müxtəlif dini ədəbiyyatları, o cümlədən “Qurani-Kərim”in təfsirini oxuyaraq bu sahədə müəyyən biliklərə yiyələnib. İ.Surxayev ifadəsində göstərib ki, ilk vaxtlar İslam dini barədə dini biliklərə malik olmadığına görə, 2012-ci ildə Suriyada baş verən proseslərin təsiri altına düşüb və cihadda iştirak etmək qərarına gəlib. Türkiyə-Suriya sərhədini qanunsuz keçməyin mümkün olduğunu eşidib və 30 oktyabr 2012-ci ildə avtovağzala gələrək Bakı-İstanbul sərnişin avtobusuna əyləşib. Bu zaman avtobusda “Ləzgi”məscidindən tanıdığı Tehran Musayevi görüb. Söhbət əsnasında onun da Suriyaya cihada getdiyini öyrənib. Həmin gün eyni avtobusla Türkiyəyə yola düşüblər: “Yola çıxarkən ayağıma çaynikdən qaynar su tökülmüşdü, sağ ayağım dizdən aşağı yanmışdı. İstanbula çatana kimi yanan hissə şişdi, bərk ağrı verdi. Ona görə də, Suriyaya getmək fikrindən daşındım, İstanbulda müvəqqəti yaşayan ailə üzvlərimin yanına getdim. Tehranın Suriyaya necə keçməsindən xəbərim olmayıb. Bir neçə gün İstanbulda qalandan sonra noyabrın 28-də Bakıya qayıtdım”.

 

“Artma şəhəri “Ömər Şişani”nin nəzarəti altında idi”

İ.Surxayevin ifadəsinə görə, Bakıya geri dönsə də, orada çox qalmayıb. Cihadda iştirak etmək məqsədilə yenidən yola çıxıb. Bu dəfə isə məscidlərdə ibadət vaxtı görüb tanıdığı Abdulcəlil adlı şəxslə birlikdə Türkiyənin Artma şəhərinə gəlib: “Bu şəhər bütünlüklə milliyyətcə çeçen olan Ömər Şişaninin nəzarəti altındaydı. Abdulcəlillə mən “camaata” qoşulduq. Dəstədə bir neçə azərbaycanlı olduğunu görsəm də, onların adlarını, haradan olduqlarını bilmirəm”.

 

“Suriyada baş verənlər əqidəmə zidd olduğuna görə Bakıya döndüm”

Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı Artma şəhərində olduğu müddətdə bir neçə dəfə həmin şəhərin yaxınlığında yerləşən Məhşəd əyalətində keçirilən hərbi təlimlərə cəlb olunduğunu, odlu silah, döyüş sursatlarından istifadə qaydaları üzrə təlim aldığını, təlimlər başa çatandan sonra həmin qruplaşmaya məxsus ərazilərin mühafizəsində iştirak etdiyini deyib. Amma sonrakı ifadələrində həmin halları inkar edib, heç bir təlimə cəlb olunmadığını, döyüşdə iştirak etmədiyini, qulağında yaranmış ağrılara görə geri dönmək məcburiyyətində qaldığını göstərib: “Baş verən prosesləri izləyirdim, müxtəlif bəhanələrlə təlim və döyüşlərdə iştirak etməkdən yayınırdım. Bu proseslər əqidəmə zidd olduğuna görə geri qayıtdım, bir daha Suriyaya getmədim. Bakıya qayıdıb avtomaşın yuma məntəqəsində maşın yumaqla məşğul olurdum”.

 

“Bibim oğlu “Skayp”la bizə oradakı proseslərdən, döyüşlərdən xəbər verirdi”

Təqsirləndirilən Tehran Musayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Suriyaya üç dəfə səfər edən T.Musayev ifadəsində göstərib ki, bibisi oğlu Məhəmməd Bağırov 2012-ci ildə döyüşlərdə iştirak etmək məqsədilə Suriyaya gedib. Məhəmməd onlarla “Skayp” vasitəsilə əlaqə saxlayıb, orada gedən proseslərdən, döyüşlərdən xəbər verib: “Məhəmmədin qardaşı Vüsalla onun barəsində danışarkən dedi ki, heç olmasa biriniz gedin, Məhəmməd döyüşlərdə öldürüləcəyi təqdirdə cəsədini götürüb gəlin. (Qeyd edək ki, Məhəmməd Bağırov, Vüsal Bağırov, Əsli Musayeva, Cəlil Xaliqov barəsindəki cinayət işi ayrıca icraata ayrılıb – virtualaz.org). Ona görə də, Suriyaya getməyi qərara aldım. Tanışlarım Məhərrəm Allahyarov və Səbuhi Cəfərzadənin Suriyaya getmək niyyətində olduqlarını əvvəldən bildiyimə görə bu haqda onlara məlumat verdim, onlar da razılaşdı. Səbuhi döyüşmək üçün gedirdi, Məhərrəmin səfərinin məqsədini bilmirdim. Onu bibim oğlunun sinif yoldaşı kimi tanımışam”.

 

“Heç vaxt Azərbaycana qayıtmayacağını deyirdi”

T.Musayev ifadəsində göstərib ki, Səbuhi və Məhərrəmlə Suriyaya getmək barədə qərarlarını qətiləşdirdikdən sonra Məhəmmədlə “Skayp” vasitəsilə əlaqə saxlayıb, onun yanına gəlmək istədiyini deyib. 16 oktyabr 2012-ci ildə avtovağzalda görüşərək avtobusla Türkiyəyə gediblər. Onları qaçaqçı qarşılayaraq Artmada cihadda iştirak etmək üçün müxtəlif ölkələrdən oraya yenicə gəlmiş şəxslərin qəbul məntəqəsinə aparıb: “İki mərtəbəli fərdi yaşayış evi idi. İki-üç gün həmin evdə qaldıq. Həmin müddətdə silahlı döyüşçülər gəlib-gedirdilər. Məhəmmədə Artmada olduğumuz barədə xəbər göndərdim. Üç gün sonra Məhəmməd yanımıza gəldi. Söhbət əsnasında Suriya Ordusuna qarşı Ömər Şişaninin rəhbərlik etdiyi silahlı dəstənin tərkibində döyüşdüyünü, Azərbaycana qayıtmaq fikrində olmadığını dedi”.

 

Suriya Ordusuna qarşı döyüşlərdə yaralanan azərbaycanlı

T.Musayev Azərbaycana qayıdandan sonra internet vasitəsilə bibisi oğlu Məhəmmədin döyüşlərin birində yaralandığını öyrənib. Özü ilə 400 dollar götürərək yenidən Suriyaya yola düşüb. Bu dəfə İsmayıl Surxayevlə birgə səfərə çıxıb. Suriyada olarkən Məhəmmədin Suriya ordusuna qarşı döyüşlərdə qolundan yaralandığını görüb.

İfadəsində göstərib ki, sonralar Məhəmmədlə əlaqə saxladıqda o özü döyüşlərdə həlak olacağı təqdirdə cəsədini Azərbaycana aparmasını xahiş edib. Düzdür, indiyə qədər belə bir hala, yəni döyüşçülərdən kiminsə cəsədinin Suriyadan gətirilməsini eşitməsə də, bibisi oğlunun dedikləri ilə razılaşıb. Məhəmməd ona həmçinin Namiq adlı tanışını da gələndə özü ilə Suriyaya gətirməsinə köməklik etməsini tapşırıb. T.Musayev onun dediklərinə əməl edib. Bu dəfə Azərbaycandan Suriyaya səfərə Namiq adlı şəxslə birgə çıxıb. Məhəmmədin tapşırığı ilə Artmada yerli sakinlərə məxsus evdə qalıblar: “Həmin qəsəbə tam nəzarətsiz idi. Oraya həm Ömər Şişaninin, həm də “Ceyşul Hur”un üzvləri gəlirdilər. Məhəmməd yaralı idi deyə, iki həftə Artmada xəstəxanada qaldı. Bu dəfə bədəninin müxtəlif nahiyələrindən yaralanmışdı. Zəng vurub qardaşına xəbər verdim, aprel ayına kimi Məhəmmədin yanında qaldım. Məhəmməd yaralı olduğuna görə qardaşı Vüsal da onun yanına gəldi”.

 

Qardaşlardan biri “Azəri camaatı”na, digəri isə “Türkmən camaatı”na rəhbərlik edib

T.Musayev sonralar Məhəmmədin “Azəri camaatı” silahlı birləşməsinə rəhbər təyin edildiyini öyrənib. (Qeyd edək ki, “Azəri camaatı”na “Xalid Azəri” ləqəbli R.Bədəlov rəhbərlik edib. R.Bədəlov 2014-cü ilin oktyabr ayında koalisiya qüvvələrinin Kobanidə həyata keçirdikləri bombardman zamanı 25 adamı ilə birlikdə öldürülüb – virtualaz.org).

T.Musayev bildirib ki, 2014-cü ildə Məhəmmədin döyüşlərin birində öldürüldüyünü eşidib. Həmin ərəfədə Məhəmməd və Vüsalın anası Bəsti Musayeva Suriyaya – övladlarının yanına gedib. V.Bağırov isə İŞİD-in tabeçiliyində olan “Türkmən camaatı” adlı silahlı dəstəyə rəhbər təyin edilib.

 

22 yaşlı gəncin Suriya səfəri, cihad arzusu

Təqsirləndirilən şəxs qismində dindirilən Səbuhi Cəfərzadə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 15 yaşından bəri ibadət etdiyini, 2012-ci ilin yay aylarında sosial şəbəkələrdə müsəlmanların Suriyada kafir hesab etdikləri şəxslərə qarşı aparılan silahlı münaqişələr barədə yayımlanan məlumatları daim izlədiyini, şəriət qanunları ilə idarə olunan dövlətin yaranmasını arzuladığını, həmin dövlətin yaranması uğrunda aparılan cihadda iştirak etmək istədiyini göstərib. Ancaq maddi imkanı olmadığına görə Suriyaya gedə bilməyib. Zərdabda yaşayan 22 yaşlı gənc bu məqsədlə Bakıya gəlib, cihada getmək istəyən dindarları taparaq onların vasitəsilə gedə biləcəyini düşünüb. Evdən çıxarkən valideynlərindən həqiqəti gizlədərək paytaxta iş axtarmağa getdiyini deyib.

 

“Cihadda iştirak etmək müsəlmanın müqəddəs borcudur”

Bakı şəhərinə yollanan Səbuhi soraqlaşaraq dindarların toplaşdığı “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığındakı çayxanalardan birinə üz tutub. Oradaca Tehran Musayev və Məhərrəm Allahyarovla tanış olub: “Tehranın da mənim kimi uzun saqqalı vardı, Məhərrəminsə saqqalı yox idi. Hər uçumuz dini mövzularda söhbətlər etdik, cihadda iştirakın müsəlmanlar üçün vacibliyindən danışdıq. Həmin vaxt İsmayıl Surxayev də gəlib bizimlə eyni masada əyləşdi. Onların hər üçünü ilk dəfə idi ki, görüb tanıyırdım. Söhbət əsnasında cihadda iştirak etmək üçün Suriyaya getmək istədiyimi, Bakıya bu məqsədlə gəldiyimi dedim. Tehran dedi ki, onlar da yola çıxmağa hazırlaşırlar, amma pul yoxdur deyə gedə bilmirlər. Pul tapan kimi məni də özləri ilə aparacaqlarını bildirdilər. Tehran deyirdi ki, pulu onlara tanımadığı müsəlman qardaşlar verəcəklər. İsmayıl isə yaşadığı evi satışa qoymuşdu, yalnız evini satandan sonra Suriyaya gedəcəyini deyirdi. İsmayılın ailə üzvləri Türkiyədə yaşayırdı. Hazırda evdə tək qaldığından, müvəqqəti onların evində qalmağımı təklif etdi, razılaşdım”.

“Cihada getməyə tərəddüd edirdi”

S.Cəfərzadənin ifadəsinə görə, 16 oktyabr 2012-ci ildə İsmayılla birgə avtovağzala gəlib. Orada T.Musayev və M.Allahyarovla görüşüblər, İsmayıl evə qayıdıb. O isə Tehrangillə birgə “İstanbul-Bakı” reysi ilə Türkiyəyə yola düşüb. İstanbul avtovağzalında onları Abu Musab adlı şəxs qarşılayıb, evlərinə aparıb. Abu Musabın evində qalan zaman Məhərrəm artıq cihadda iştirak etməyə görə tərəddüd etməyə başlayıb və Türkiyədə qalıb işləmək niyyətində olduğunu deyib. O isə öz növbəsində bununla bağlı fikrini Abu Musaba qəti söyləməsini, getmək istəmirsə artıq xərc çəkib Hataya bilet almamasını məsləhət görüb. İki gün sonra Hatay avtovağzalına gəliblər. Avtobusun yola düşməsinə az qalmış Məhərrəm ayaqyoluna getmək adıyla avtobusdan düşüb və bir daha qayıtmayıb. Onun Suriyaya getməyə əvvəlcədən tərəddüd etdiyini bildiklərinə görə qaçdığını başa düşüblər: “Bizi Abu Musabın dedi şəxslər qarşıladı. Sərhəddə “Pikap” tipli maşına mindirdilər, ikimərtəbəli yaşayış evinə gətirdilər. Bu ev cihadda iştirak etmək üşün gələnlərin qəbul məntəqəsi idi. Bizdən əvvəl oraya yüzə yaxın şəxs yerləşmişdi, aralarında azərbaycanlılar da vardı. Onları tanımıram, kim olduqlarını bilmirəm. Müəyyən edilmiş qaydaya görə, orada bir şəxsin digərinin əsl adı, haradan olması və ünvanı ilə maraqlanması qadağan edilmişdi. Bu haqda əvvəlcədən təlimatlandırılmışdıq deyə, heç kimə sual vermirdik. Oradakılar hamısı bizim kimi uzun saqqal saxlayırdı”.

 

“Bu anı ömür boyu arzulamışdım, sevinirdim”

Təqsirləndirilən şəxs ifadəsində Suriyaya getməkdə əsas məqsədinin məhz cihadda iştirak etmək olduğunu, bu anı ömür boyu arzuladığını, məqsədinə çatdığına görə sevindiyini deyib: “Üç gündən sonra Tehran Azərbaycana qayıtdı, mənsə orada qaldım. On beş nəfər azərbaycanlı ilə birlikdə “Xalidin dəstəsi”nə qoşularaq təlimlərə göndərildik.

 

“Ömər Şişiani”nin rəhbərlik etdiyi dəstə yerli əhali ilə sərt davranırdı

“Ömər camaatı”nın yerli əhaliyə qarşı sərt davrandığını görəndə bu qruplaşmada qalmaq istəmədim. Hələb şəhərinə gələrək “Cəbhət ən-Nusra”ya qoşuldum. Bu qruplaşmanın rəhbəri milliyyətcə ərəb olan Əbu Əli idi. İlk gündən ona biyət edərək yalnız Allahın və Rəsulunun sözünə qarşı çıxmayan müddətə qədər həm çətinlik, həm də rahat vaxtlarda onun əmirlərinə tabe olacağıma söz verdim. Hamı kimi mənə də qara əba və şalvar verdilər. İki aya yaxın 200-ə yaxın gəlmələrlə birlikdə fərdi yaşayış evində qaldım. Bu müddətdə bizə dini dərslərlə yanaşı, hərbi təlimlər də keçirdilər, silahdan istifadə qaydalarını öyrədirdilər”.

S.Cəfərzadə ifadələrində üç dəfə Bəşər Əsəd qüvvələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirak etdiyini göstərsə də, növbəti ifadələrində bunu təkzib edib. O, silahlı qruplaşmalara qoşulduğunu etiraf etsə də, orada olduğu müddətdə qruplaşmaya aid məişət xarakterli işlər həyata keçirdiyini bildirib.

Məhkəmə prosesi zamanı dindirilərkən təqsirləndirilən şəxslərin hər üçü onlara elan olunmuş ittihamlarla razılaşmayıblar. Məhkəmə prosesi davam edir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İŞİD zülmündən qaçan qız BMT-nin xoşməramlı səfiri oldu

%d bloqqer bunu bəyənir: