Loading...
Loading...

Bakıda ZƏLZƏLƏ TƏHLÜKƏSİ

“Rozaseysm” anlayışını Ukrayna İnşaat Akademiyasının akademiki T.Əliyev elmə gətirmişdir. O, bu anlayışı inşaatda geniş işlədilən “Roza vetrov” – “küləklər gülü” anlayışının analogiyasında yaratmışdır. Öncə “küləklər gülü”nün mahiyyəti haqqında açıqlama verək.

Yaşayış məntəqəsində küləyin binalara təsirinin xüsusiyyətlərini öyrənmək üçün uzunmüddətli müşahidələr apararaq küləyin illik rejimini hansı səmtdən maksimum neçə bal gücündə əsdiyini, sürətini və s. parametrlərini, növünü (məsələn, Bakıda xəzri, gilavar və s. külək növləri olduğu bilinir) öyrənirlər. Öyrənilmiş bu rejim əsasında planda 3600 bucaq altında həmin rəqəmlərin maksimum qiymətini miqyasla çəkib həmin nöqtələri əyri xətlə birləşdirirlər. Alınmış qrafik (cizgi) gül, yarpaq şəkilində olduğu üçün ona “küləklər gülü” (rusca, “roza vetrov”) deyirlər. Bu cizgi inşaatçılar üçün normativ sənəd sayılır. Bu və ya digər yaşayış məntəqəsində tikinti apararkən küləyin təsirini həmin cizgiyə əsasən nəzərə alırlar. Yaxud nəzərə alsalar yaxşı olar. Amma SSRİ Müdafiə Nazirliyi bu məsələyə ciddi yanaşırdı. Odur ki, o vaxtlar bütün kazarma və hərbi hospitallar, binaların içərisinin havalandırılması üçün unikal sayılan, “küləkqovuşan” ərazidə tikilirdi. Ona görə də, hazırda kazarma və hospitalların yerləşdiyi və onlara bitişik ərazidə həmişə sərin olur.

 

Bəs “rozaseysm” – “zəlzələ gülü” nə deməkdir? Öncə onu deyək ki, T.Əliyev 25 noyabr 2000-ci il Xəzər zəlzələsindən dərhal sonra Bakıda və Bakıətrafı kənd və qəsəbələrdə vizual müşahidələr aparmış və topladığı faktları ümumiləşdirərək belə bir nəticəyə gəlmişdir: bina və qurğularda zəlzələdən dağılma, zədələnmə effekti onların ocağa tərəf necə yönəlməsindən birbaşa asılıdır. Məsələn, sahilyanı zonalarda sahil xəttinə paralel uzanan daş hasarlarda dağıntı çox olmuşdur, tini (sərtliyi böyük olan tərəfi) dənizə tərəf olan hasarlarda isə, demək olar ki, dağıntı müşahidə olunmamışdır. Həmin zəlzələnin ocağı dənizin içərisində olduğuna görə (ϕ =40.00°N, λ =50.00°E və ϕ =40.10°N, λ =50.10°E,) seysmik dalğa cəbhəsi sahil zonalarında bina və qurğulara bu yöndən gəlib çatmışdır. Zəlzələ təsiri sərtliyi az olan tərəfdən divarları daha çox dağıtmışdı. Digər tərəfdən T.Əliyev nəzərə almışdı ki, “Tektonik qırılma xəritəsi” vardır (Ахмедбейли и др., 1991) və bu xəritə bizə yaşayış məntəqələrinə nəzərən yaxın zəlzələ ocağının necə yerləşdiyini bildirir, daha doğrusu, bu və ya digər yaşayış məntəqəsində binaya seysmik dalğa cəbhəsinin hansı səmtdən gələcəyi öncədən bəllidir. Ona görə biz təklif etmişik ki, (Əliyev, 2005) “Seysmik xəritə” ilə yanaşı “Tektonik qırılmalar xəritəsi” də inşaatçı mühəndislər və layihəçilər üçün dövlət sənədi statusu qazansın. Biz bu məsələni ixtira səviyyəsinə gətirərək Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ona patent almışıq: “Bina və qurğuların zəlzələyə davamlılığının artırılması üsulu” (ilkinlik tarixi 30.04.2002, ixtira №-si İ a2003 02 39).

 

Bakı şəhərinin də daxil olduğu, sahəsi 5900 kv.km olan Abşeron yarımadasının seysmikliyini öyrənmək məqsədi ilə bir sıra zəlzələ kataloqlarından istifadə olunmuşdur (Малиновски, 1935; Бюсь, 1948; 1952; 1955; Султанова, 1986; Цхакая и Папалашвили, 1973; Гасанов, 2003). Abşeron seysmik zonası Abşeron yarımadasını və ona bitişik olan adalar arxipelaqını əhatə edir. Bu zonada 1842-ci ildə baş vermiş güclü zəlzələ haqqında məlumata müxtəlif kataloqlarda rast gəlmək olar (Мушкетов, Орлов, 1893). Makroseysmik məlumatlara görə bu zəlzələnin Maştağa qəsəbəsində intensivliyi VIII bala çatmışdır. Həmin zəlzələnin ocağı dayaz olduğundan, böyük ərazini əhatə etmədiyindən və lokal xarakter daşıdığından Abşeron yarımadasının nisbətən sıx əhalisi olan yaşayış məntəqələrində zədələnmələr qeydə alınmamışdır. N.V.Malinovskinin məlumatlarına əsasən, Maştağa qəsəbəsində seysmik dağıntılar yerli mikrogeoloji şəraitdən asılı olmuşdur (Малиновский, 1948). Silkələnmələr qonşu yaşayış məntəqələrində zəif olmuşdur. Maştağa qəsəbəsindən qərbdə 6÷7 km-lik məsafədə yerləşən Kürdəxanı kəndində seysmik intensivlik VI ball hiss olunmuşdur. Yerli Abşeron zəlzələlərinin tədqiqat sahəsində hissoluma intensivliyi III-IV bala qədər, Xəzər zəlzələləri (1961, 1963, 2000-ci illər) VI-VII bala qədər hiss olunmuşlar. Bununla bərabər ocaqları Bakı şəhərinin qərb sərhədlərində yerləşən Bakı zəlzələlərinin intensivliyi şəhərin qərb hissəsində və episentrdə VI bala qədər hiss olunmuşdur. Bu zonada yerləşən zəlzələ ocaqlarından tarixi makroseysmik məlumatlara görə 6 iyun 1910; 31 mart, 8 aprel, 2 may, 24 iyul 1935; 7 avqust 1937; 23 fevral 1938-ci illərdə hiss olunan zəlzələlər baş vermişdir. Abşeron sonasının zəlzələ ocaqlarının əksəriyyəti Xəzər dənizinin sahilinə yaxın yerlərdə, Nargin və Çilov adalarında, Suraxanı, Sabunçu, Maştağa rayonlarında və Bakının qərbində yerləşirlər. Abşeron zəlzələlərinin təsir sahələri geniş ərazini əhatə etmir və yerli xarakter daşıyır. Onların maksimal intensivliyi, adətən, bir yaşayış məntəqəsini əhatə edir. Bu ərazidə yerləşən zəlzələ ocaqları dərində yerləşmir və yaranan seysmik effektin kəskin sönməsi müşahidə olunur. Abşeron seysmoaktiv zonası Xəzər dənizi ilə həmsərhəd olduğundan bu zonada baş vermiş zəlzələlər qapalı makroseysmik sahələrə malik deyildir. Quru ərazidə hiss olunmuş Xəzər və Abşeron yarımadasında baş vermiş zəlzələlərin bəzilərinin izoseyst xəritələri var və bunlar əsasən XII ballıq MSK-64 seysmik cədvəli üzrə V-VI-VII intensivliklərinə görə qurulmuşdur. Ümumilikdə, Abşeron yarımadasının seysmikliyi yerli, yaxın və uzaq zəlzələ ocaqlarının təsiri ilə şərtlənir. Seysmostatistik məlumatlardan göründüyü kimi, 1667-2003-cü illər ərzində Bakı şəhərində hiss olunan zəlzələlərin maksimal intensivliyi VII bala qədər olmuşdur (Qaravəliyev, 2007). Deyilənləri əyani olaraq tərtib olunmuş xəritə-sxemdən görmək mümkündür.

T.Əliyev, E.Qaravəliyev,
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Hövsanda çirkab suları dənizə axıdılır – FOTOLAR, VİDEO

%d bloqqer bunu bəyənir: