Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda Qarabağa dair kritik Rusiya-Azərbaycan danışıqları – “Proses başladı…”

Kremlin baş diplomatı Sergey Lavrovun Bakı səfərində masa üzərindəki həll planının detalları müzakirə edilib; prezident İlham Əliyev: “Rusiyanın səylərini yüksək qiymətləndiririk”

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük Bakı səfəri başlayıb. Səfər proqramı haqda öncədən məlumat verilmişdi. Rusiyalı nazirin öz həmkarı və Azərbaycan rəhbərliyi ilə görüşlərində əsas müzakirə mövzusunun iki ölkə arasında əlaqələr, siyasi dialoqun dərinləşdirilməsi və əlbəttə ki, Qarabağ məsələsinin olması gözlənilirdi.
Müşahidəçilər isə səfəri daha çox Dağlıq Qarabağ problematikası kontekstində əhəmiyyətli sayırlar. Çünki 4 günlük aprel müharibəsindən sonra məhz Sergey Lavrov rəsmi Kreml tərəfindən sülh danışıqlarında əsas görəvli kimi irəli verilib. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə bildirib ki, Peterburq görüşündə tərəflər Lavrovun vasitəçiliyinin davam etdirilməsi barədə ortaq razılığa gəliblər.
Ehtimallara görə, bu üzdən Rusiyanın baş diplomatı bir həftə etdiyi İrəvan səfəri kimi, Bakıya da əliboş gəlməyib. Masa üzərində isə “Lavrov planı” adlanan, “Kazan variantı, yaxud ”Madrid” sənədinin bir qədər dəyişdirilmiş variantı hesab olunan mərhələli həll formulunun olduğu deyilir.
Siyasi müşahidəçilərin fikrincə, Rusiya XİN başçısının İrəvan və Bakı səfərlərində başlıca hədəf bu variantı münaqişə tərəfləri ilə ilkin uzlaşdırmaqdan ibarət ola bilərdi. Həmin planda isə Azərbaycanı qane etməyən məqamlar da var.
***
Diqqətçəkicidir ki, Lavrovun səfər öncəsi rəsmi Bakı bir daha Qarabağ məsələsində özünün prinsipial mövqeyini ortaya qoyub. Azərbaycan prezidenti İlham Əliyev 2016-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə bir daha bəyan edib ki, münaqişə yalnız mərhələli yolla və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır və bundan ötrü də həmsədr ölkələr və ATƏT Ermənistana təzyiq göstərməlidir. Yəni prezident açıq mesaj verib ki, Azərbaycana təzyiq gəstərməyin perspektivi ola bilməz.
Prezident müşavirədəki çıxışında həmçinin, belə bir mesaj verib ki, “Ermənistan təxribatçı əməllərini davam etdirsə, vəziyyət dəyişə bilər”. Bu da elə təcavüzkar konstruktiv mövqe tutmayacağı təqdirdə Bakının ona qarşı zora əl atmalı olacağı barədə işğalçıya və vasitəçilərə aydın bir ismarışdır.
BBC radiosunun səfəröncəsi şərhində isə deyilirdi ki, Sergey Lavrov Bakıya təkrar səfər eləməklə rəsmi Bakını Qarabağla bağlı danışıqları davam etdirməyə inandırmaq niyyətindədir: “Aprel döyüşlərindən sonra mövqeyini nisbətən də olsa gücləndirən Azərbaycan tərəfi artıq Qarabağla bağlı güzəştə getməyəcəyini artıq bir neçə dəfə açıq şəkildə dilə gətirib. Buna görə də rəsmi Kreml Azərbaycan tərəfini yeni və daha ədalətli şərtlər əsasında danışıqlara cəlb etməlidir” – şərhdə bildirilir.
Bu arada Varşavada təzəcə başa çatan NATO-nun yekun sənədində Gürcüstan, Moldova ilə yanaşı Azərbaycanın da ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunub və sənəddə ermənilərin gözləntilərinin əksinə olaraq, heç bir “öz müqəddəratı təyinetmə” prinsipi yer almayıb.
Rusiya XİN başçısının Azərbaycan səfəri həm də bu qəbildən mesaj və ehtimalların səsləndiyi dönəmə və NATO sammitindən dərhal sonraya təsadüf eləməsi ilə maraq kəsb edirdi. Bu yerdə onu da vurğulayaq ki, iki gün öncə İlham Əliyev NATO-nun Varşava sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Lavrovun Bakıya səfər edəcəyini xatırladaraq bu səfərin Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyinə inamını ifadə edib.
***
Dünən səfərin birinci günü Rusiyanın baş diplomatı Azərbaycanın dövlət başçısı İlham Əliyev və XİN başçısı Elmar Məmmədyarovla görüşüb.
“Biz Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini yüksək dəyərləndiririk. Bu istiqamətdə hazırda ən aktiv dinamika müşahidə olunur”. APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Lavrovla görüşdə deyib. Dövlət başçısı bildirib ki, bu səfər Rusiyanın münaqişənin tənzimlənməsində maraqlı olduğun göstərir: “Biz də münaqişənin tezliklə həllində maraqlıyıq”.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrdən söz açan Rusiya XİN başçısı isə bildirib ki, Rusiya Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır və ikitərəfli münasibətlər sıx əməkdaşlıq şəraitində inkişaf edir.
“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində proses gedir”. Bunu da Azərbaycan lideri ilə görüş zamanı S.Lavrov bildirib. Onun sözlərinə görə, prezident Vladimir Putin Sankt-Peterburq görüşünün nəticələrini yüksək qiymətləndirir: “Mən Ermənistan və Azərbaycana Rusiya prezidentinin tapşırığı ilə səfər edirəm. İnanıram ki, bu görüş münaqişənin tənzimlənməsi istiqamətində gələcək addımları müəyyənləşdirməyə imkan verəcək”.
Bu da bir daha o qənaəti təsdiqləyir ki, səfər çərçivəsində Rusiyanın Qarabağa dair planının detalları müzakirə olunub – həm də və böyük ehtimalla, mətbuat üçün qapalı rejimdə.
Qəzet çapa gedərkən Rusiya xarici siyasət idarəsinin başçısının Bakı təmasları davam edirdi. Görüşlərin yekun və nəticələri, həmçinin və ona ekspert şərhləri barədə daha ətraflı müsavat.com saytı və qəzetimizin növbəti sayında tanış ola bilərsiniz.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Prezident əcnəbilərlə bağlı fərman imzaladı

%d bloqqer bunu bəyənir: