Loading...
Loading...

Bakıda köhnə mebelə tələbat artır

Köhnə üzlüklər, sınıq-salxaq masalar, stullar, divanlar, şkaflar üst-üstə qalaqlanıb. Ustanın çəkicinin səsi gəlsə də, üzü görünmür. Yan-yörədə o qədər köhnə taxta-tuxta var ki, usta özü də onların içində itib-batıb.

“Səhər saat 8-dən axşamacan bunlarla əlləşirəm. Elə sifarişlr var ki, tez çatdırmaq lazımdır. Bayaq bir gənc ata gəlmişdi, köhnə, lap köhnə bir uşaq çarpayısı gətirib. Uşaq doğulub, yatmağa yeri yoxmuş. Yəqin ki, imkanı yoxdur, bunu hardansa tapıb gətirib. Ona görə bunu o biri sifarişlərdən əvvəl hazırlamalıyam”.

Köhnə mebelləri əsasən kimlər alır?

Milli.Az azadliq.org-a istinadən bildirir ki, köhnə mebel ustası Faiq Dadaşov köhnə mebellərə tələbatın artdığını deyir. Elə bu mebelləri yenidən həyata qaytaran ustaların da sayı çoxalıb.

Emin Əliyev belə ustalardan biridir. Köhnə qarajı emalatxanaya çevirib. Yıpranmış stulları göstərib deyir ki, axşama ikisini təmir edəcək. Birini 10 manata satdığı stulun artıq alıcısı da var:

“İndi camaat arasında köhnəyə meyl çoxdur. Müştərilərim, əsasən, kasıb təbəqədir. Təzəsini almağa imkanları yoxdur. Ya öz köhnəsini gətirib bərpa elətdirirlər, ya da burdakılardan hansını istəsələr, istəklərinə uyğun hazırlayıb veririk”.
Emin Əliyev deyir, elə adamlar da var ki, evində məhz 50-60 il əvvəlki mebeli görmək istəyir. Ona görə də köhnəyə meyllənir.

Uzağı, 50 manata şifoner, 80 manata çarpayı…

Köhnə mebellərin alıcıları kirayədə yaşayan ailələr və tələbələrdir. Ustanın sözlərinə görə, indi dərslər də başlandığından, işləri çoxalıb. Tələbələr də onlara lazım olan mebeli belə yerlərdə gözaltı edir:

“Kasıb təbəqənin sifariş elədiyi ən zəruri mebellərdir – masa, stul, paltar dolabı, bəzən də divan. Baxın, bu divanı təmir eləmişəm. Üzlük vurmuşam, heç təzədən fərqlənir? Qiyməti 100 manatdır. 40-a, 50 manata da var. Şifoner – paltar dolabı da böyüklüyünə, kiçikliyinə görə 30-50 manat arasındadır. 10 manata kamodlar var. Çarpayı 50; 80; hətta 100 manata da olur. Sərf olunan materialın ucuz, ya bahalığından asılıdır”.

İki tələbə oğlan da ustaya paltar dolabı sifariş verməyə gəlmişdi:

“250 manata birotaqlı ev kirayə götürmüşük, içində heç nə yoxdur. Stolu, stulu qohumlar verdi. Şifoneri isə burdan almağa gəlmişik. Çünki baha almağa imkanımlz yoxdur”.
Təksə alanlar – alıcılar deyil, satanlar – satıcılar da köhnə mebel ustalarına üz tuturlar. Vidadi Baxşiyev deyir ki, evini mebellə birlikdə satmaq istəyirmiş. Ancaq evi alan köhnə mebelə pul vermək istəməyib. Ona görə satmaq qərarına gəlib:

“Üç otağın mebelidir. Nə verər, verər. Lap elə də əldən düşməyib, ancaq nimdaşdır. Ona görə usta hamısına 500 versə, sevinərəm”.

Axşama doğru qaranlıq qarajın zəif lampaları közərir. Köhnə mebel ustalarının çəkiçinin, tikiş maşınının səsi hələ gecəyədək gələcək.

… Usta Faiqin də işi lap çətindi. Körpə yerdə yatmasın deyə, uşaq çarpayısını mütləq bu gecə sahibinə çatdırmalıdır…

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Hormon preparatları necə hazırlanır?

Loading...
%d bloqqer bunu bəyənir: