Loading...
Loading...
maqaza.jpg

Bakı mağazalarında ajiotaj – Qiymətlər yenə qalxır

Son günlər əksər ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Bazar və mağazalarda qiymət artımı əməlli-başlı ajiotaja səbəb olub. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərin noyabrın 1-dən qüvvəyə minməsindən sonra marketlərdə və topdansatış mağazalarında mümkün qədər daha çox ərzaq məhsulunu almaq istəyənlərin növbələri yaranıb.

Dolların bahalaşması ilə bütün malların qiymətini qəpik-qəpik qaldıran mağazalarda bütün məhsullarda, o cümlədən, gömrük rüsumu artırılan məhsulların qiymətində nəzərə çarpacaq dəyişikliklər var.

Virtualaz.org-un bu gün apardığı araşdırmaya görə, daha çox bahalaşan məhsullar arasında ölkəyə idxal edilən toyuq (əti və ət əlavələri) və yumurta, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva və xurma var. Amma bununla yanaşı, ən zəruri tələbat mallarında da qiymət artımı hiss olunur.

 

“Adi kibrit qutusunun qiyməti 5 qəpik olub…”

Evinə topdansatış mağazasında bazarlıq edən Musa Əhmədovun sözlərinə görə, əvvəllər evin bazarlığını etdiyi məbləğlə indi cəmi 3-4 məhsul ala bilir:

“Bütün malların qiyməti qalxıb. Əvvəllər 100-200 manatla evin aylıq bazarlığını edirdiksə, indi 600-700 manatla dolanmaq olmur. Heç nəyi çatdıra bilmirik. Yaşamaq çox çətinləşib. İndi 100-200 manata ancaq 3-4 şeyi ala bilirik. Adi kibritin qiyməti 5 qəpik olub. Makaron, vermişel, toyuq əti, yumurtanın qiymətində artım var. Məsələn, 11 qəpiyə aldığımız yumurta indi 16 qəpikdir”, – deyə alıcı bildirir.

Satıcıların sözlərinə görə, ən çox qiyməti qalxan kərə yağıdır. Ötən günlə müqayisədə yağın qiymətində 2 manat artım var. Bu da, əlbəttə ki, alıcıların sayına təsir edir. Məhsullar nə qədər ucuz olarsa, alıcı da çox olar.

Topdansatış mağazalarında xaricdən gətirilən dondurulmuş mal ətinin qiyməti 7 manat 50 qəpikdir. Əvvəllər 6.50 qəpiyə olan bu ətin qiymətində 1 manat artım müşahidə olunur. Ümumiyyətlə, satıcılar bütün məhullarda 50-80 qəpik, 1-2 manat arasında bahalaşma olduğunu bildirirlər.

Topdansatış mağazalarında yumurtanın qiyməti 16-17 qəpikdirsə, marketlərdə 19 qəpikdir.

Onu da müşahidə etdik ki, əvvəllər 3-4 manata pendirə rast gəlinirdisə, indi ən ucuz pendir qiyməti 4 manat 49 qəpik olan “İvanovka” pendiridir. Ən bahalı pendir isə “Yayla” pendiridir ki, bunun da qiyməti 14,89 manatdır.

“Ankor” yağı 9 manat 90 qəpik, “Atena” 8 manat 20 qəpik, “Valio” 11 manat 90 qəpiyə satılır. Bundan başqa, nisbətən ucuz “Krestyanski” yağına da rast gəldik ki, bu da mağazada 3 manat 20 qəpiyə satılır. Lakin satıcı bizimlə söhbətində bu yağın adının kərə yağı olduğunu, əslində isə tamamilə marqarin dadı verdiyini dedi. Onun sözlərinə görə, daha çox maddi təminatı aşağı olan insanlar məcburən bu yağdan alırlar.

Topdansatış mağazalarında dondurulmuş toyuğun qiyməti 3 manat 29 qəpikdirsə, marketlərdə 3.49 – 3.69 manat arasında dəyişir.

 

Yağışlı hava da qiymət artımına təsir edib

Satıcılar artımın daha çox xaricdən gələn məhsullarda, o cümlədən, meyvə-tərəvəzdə olduğunu desələr də, yerli məhsulların da bahalaşdığını etiraf edirlər. Satıcı Mürsəl Bayramovun sözlərinə görə, yerli meyvə-tərəvəzdə də artım daha çox rayonlardakı yağışlarla əlaqədardır.

“Məsələn, narın qiymətində artım var, çünki yağış dəydikcə çatlayır. 1 manata satdığımız narı indi 1 manat 30 qəpiyə satırıq. Əvvəllər 80 qəpiyə satdığımız almanın qiyməti 90 qəpikdir. Bundan başqa, mövsümü bitən meyvə-tərəvəz də bir qədər bahalaşıb. Məsələn, pomidorun qiyməti 2 manat 60 qəpik – 3manat 20 qəpik arasındadır. Düzdür, 1 manat 50 qəpiyə də pomidor var, amma bu pomidorun rəngi açıqdır, özü də qızarmamış dərilib. Onu çox da alan yoxdur”, – satıcı deyir.

Bundan başqa, kartof, soğan və sarınmsağın da qiymətində az da olsa artım müşahidə olunur. İrandan gətirilən kartofun kiloqramı 70 qəpiyə satılır. Soğanın kiloqramının qiyməti 1 manat 25 qəpiklə 3 manat 10 qəpik arasında dəyişir. Sarımsağın kiloqramı isə 10 manat 70 qəpikdir.

Hava təmizləyicisi, şampun, yuyucu toz da bahalaşanlar siyahısındadır

Satıcıların sözlərinə görə, məişət məhsulları arasında ən çox qiyməti qalxan şampun, yuyucu tozlar və hava təmizləyiciləridir:

“Hava təmizləyicisi, yuyucu tozun qiymətindı artım var. Düzdür, hava təmizləyicisinin qiyməti çox qalxmayıb, artım cəmi 5 qəpikdir. Bu alıcı üçün gözə görünən fərq eləmir, amma satıcı bunu satmaq üçün topdansatışdan bir qutu götürür axı. Bu da təxminən 100-150 manat fərq eləyir. Əvvəl satıcı bunu almaq üçün 5000 manat verirdisə, indi 5200-5300 manat ödəyir”.

10-15 qəpik qalxan məhsullar da var. 5 manat 85 qəpiyə satılan şampun indi 6 manatadır. Yuyucu tozun qiymətində, sabunlarda da az da olsa artım var.

Topdansatış mağazalarında xurmanın qiyməti növündən asılı olaraq kiloqramı 6-14 manat arasında dəyişir. Bundan başqa, kiloqramı 20 manata təklif edilən İsraildən gətirilmiş xurma da var ki, bunun alıcısı çox az olur. Marketlərdə isə xurmanın kiloqramı 6 manatdan 24 manata qədər dəyişir.

Qoz ləpəsi 17-18 manat, fındıq isə 13-14 manatadır. Satıcıların sözlərinə görə, əvvəllər 8-9 manata satılan kişmiş indi 12 manatadır.

Lakin topdansatış mağazaları ilə müqayisədə marketlərdə həmişəki kimi qiymət artımına daha çox rast gəlinir. Məsələn, bazarda və topdansatış mağazalarında kiloqramı 60-70 qəpiyə satılan alma marketlərdə 2.80 manatdan başlayır. “Qızıl Əhmədi” növlü almanın qiyməti isə 3,58 manatdır.

Armudun kiloqramının qiyməti 3.80-4.35 manat arasında dəyişir. Nar 2.50-4.80, heyva 1.50-3.60, narıngi 1.20-2 manatadır.

Artımla yanaşı, diqqət çəkən məqamlardan biri də odur ki, əvvəllər daha çox yuvarlaq rəqəmlərlə işarələnən bütün qiymətlərin indi mütləq qəpik hissəsi də var. Yəni qiymətlər heç də rahat görünmür, sanki gərginlik qiymətlərdəki sakitliyi də pozub.

Qeyd edək ki, dəyişikliyə əsasən, Azərbaycana idxal edilən

1 kq ev toyuğu əti üçün – 1 dollar,

1000 ədəd toyuq yumurtası üçün – 100 dollar,

1 kq soğan üçün – 0,2 dollar,

1kq xiyar üçün – 0,2 dollar,

1 kq qoz-fındıq üçün – 1,5 dollar,

1 kq üzüm üçün – 0,4 dollar,

1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün – 0,3 dollar,

1 kq xurma üçün – 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

O cümlədən, meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq. Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və 2 il müddətində qüvvədədir.

Qeyd edək ki, bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

ABŞ-da rekord sayda müsəlman seçki siyahısına düşüb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: