Loading...
Loading...
maqaza.jpg

Bahalaşma anonsunun ardınca əhali marketlərə axın etdi – FOTOLAR

İdxal olunan məhsullara gömrük rüsumlarının artırılmasının ardınca ölkədə yeni bahalaşma dalğasının baş verəcəyi barədə xəbərlər yayılıb.  Bu barədə bir sıra ekspertlərin də açıqlamaları aztəminatlı əhalini ciddi şəkildə narahat edib. Xüsusilə də xaricdən gətirilən ərzaq məhsulları və gündəlik tələbat mallarının qiymətində kəskin artımın olacağını nəzərə alan vətəndaşlar həftənin ilk günü iri marketlərə axın edib. 
Musavat.com-un məlumatına görə, bu gün alıcıların artımında nəzərəçarpan dərəcədə dəyişiklik müşahidə olunub. Sakinlər duru və kərə yağları, düyü, ət məhsulları ilə yanaşı, yuyucu tozlarını da kütləvi şəkildə almağa başlayıblar. Bəzi piştaxtaların boşalması da diqqət çəkib. Bu səbəbdən kassalarda son vaxtlar olmayan şəkildə növbələr yaranıb. Kassada çalışan əməkdaşların sayı artırılsa da, yenə də problemi tam aradan qaldırmaq mümkün olmayıb. Satıcılar özləri də həmişəkindən fərqli şəkildə axının olduğunu etiraf ediblər. Alıcılar isə deyir ki, bahalaşma barədə xəbərlərin ardınca bəzi məhsulların qiymətində dəyişiklik hiss olunub.
Qeyd edək ki, Nazirlər Kabineti (NK) tərəfindən Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib. Rəsmi məlumata görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.
Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il müddətində qüvvədədir.
Bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.
Hökumət bu qərarı verməklə daxili istehsalı stimullaşdıracağını güman edir.  Ancaq iqtisadçı ekspertlər təklif edir ki, bir sıra sahibkarlar vəziyyətdən sui-istifadə edib süni bahalaşma yarada, bununla da əhalinin narazılığını artıra bilərlər. Ona görə də vəziyyətə ciddi nəzarət edilməsi təklif olunur. 




24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Onlayn mediaya maliyyə yardımının ayrılması təklifinə müsbət baxıram”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: