Loading...
Loading...

“Bərpaya yüksək məbləğ lazım idi” – Rektor qalmaqallı söküntüdən danışdı

Bakı Slavyan Universitetinin yeni rektoru Nurlana Əliyeva Modern.az-a müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, rektor müsahibəsində BSU-da 1 neçə gündür gündəmə çevrilən mozaika söküntüsündən də danışıb. Nurlana Əliyeva “Universitetdə aparılan tikinti işləri ilə bağlı bəzi fikirlər ortaya atıldı. Universitetin girişindəki mozaikanın sökülməsi qanuna uyğundurmu?” sualına belə cavab verib:

“Universitetin fasadında mozaika var idi. Orada dahilərimizdən Nizami Gəncəvinin, Üzeyir Hacıbəylinin, Natəvanın, Mirzə Ələkbərin kiçik daşlardan düzəldilmiş şəkli var idi. Bu mozaikalar keçən əsrin ortalarında dəbdə idi. Sovet ideologiyasının incəsənətini təbliğ edən sənət əsəri idi. Universitetin fasadında olan bu mozaika qəza şəraitində, təhlükə ərəfəsində idi. Onun kənarında olan şəbəkələr bir-bir düşürdü. Xoşbəxtlikdən daşlar bu günə qədər heç kimə xəsarət yetirməyib. Bu mozaika 1972-ci də quraşdırılıb. Biz onu ya yüksək məbləğli maliyyə hesabına bərpa etməli idik, ya da yeni üslubda inşa etməli idik. Ona görə də biz Təhsil Nazirliyinin razılığı ilə bura memar dəvət etdik. Universitetin girişini Şərq üslubuna uyğun inşa etməyə qərar verdik. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinə müraciət elədik. Onlar bizə cavab verdilər ki, bu universitetin binası daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınmayıb və onun üstündəki mozaika da bədii əhəmiyyət kəsb etmir. Biz bu məktubdan sonra Bakı Şəhər icra hakimiyyətinə müraciət etdik, onlar da söküntüyə icazə verdilər. Başa düşə bilmirəm, qanuni bir işi, yeniləşməni nədən böyük bir qalmaqala çevirirlər?

Heç olmasa mətbuat ədalətli olmalıdır, yazdığı yazı haqqında araşdırma aparmalıdır. Mətbuat işçisi haqq axtaran olmalıdır. Ancaq bu yolla hörmət qazanmaq olar. Amma görürük ki, bəzi mətbuat nümayəndələri şər-böhtanla gündəmə gəlmək istəyirlər”.

Yeni rektor eyni zamanda əlavə edib ki, haqqında mətbuatda yazılanlar, ictimaiyyətin fikri onun üçün maraqlı deyil:

“Buna qısa münasibətim belədir, “Barlı ağaca çox daş atanlar olur”. Mən heç nəyə fikir vermədən başımı aşağı salıb işimi görürəm. Prezidentimiz mənə etimad göstərib, mən də bu etimadı doğrultmağa borcluyam. Kənardan kiminsə nə deməsi mənə o qədər də maraqlı deyil.

Hesab edirəm ki, barəmdə yanlış məlumat, şər-böhtan yayanlar bunu paxıllıqdan, gözü götürməzlikdən, qeyri-insani duyğulardan edirlər. Bu paxıllıqların, şər-böhtanın başında oxumuş, elmli insanları görəndə çox rəncidə oluram. Çünki insan o vaxt bəsit olar, o vaxt paxıl olar ki, onun biliyi, onun təfəkkürü naqis olsun. Amma oxumuş, təhsilli adamlar bunu edirsə, belə adamlara yazığım gəlir”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Serbiyada yeni hökumət quruldu

Loading...
%d bloqqer bunu bəyənir: