Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azyaşlı rəssamların sərgisi keçirildi

 

Bu gün Metropark Əyləncə və Ticarət mərkəzində “Talant” tədris mərkəzinin Rəsm dərnəyinin azyaşlı tələbələrinin yaradıcılıq sərgisi keçirildi. 16 yaşa qədər olan tələbələri həvəsləndirmək məqsədilə təşkil olunan sərgidə 14 gənc istedadın çəkdiyi 30-dan çox rəsm nümayiş olundu. Tədbirdə valideynlər, müəllimlər və rəsmə marağı olan sakinlər iştirak edirdi. Onların bir neçəsi ilə söhbət etdik.

“Övladınızın rəsmə marağını necə aşkar etdiniz?” sualına gənc istedad Mədinə Qafarzadənin anası Könül xanım belə cavab verdi:

– Mədinə çox kiçik yaşlarından rəsmə həvəsli olub. Onda bu marağı gördüm və dəstək üçün rəsm dərnəyinə müraciət etdim. Bir neçə dərsdən sonra müəlliməsi Nihal xanım da qızımın bu sahədə istedadının olduğunu təsdiqlədi və bu məni çox sevindirdi. Düşünürəm ki, gələcəkdə bu sahə ilə məşğul olmasa belə, rəssamlıq həvəsi və dərsləri Mədinənin xarakterində və dünyagörüşünün inkişafında əvəzsiz rol oynayacaq.

Fatimə Əlisoyun və Zərnişan Şərəfxanovanın valideynləri isə qızlarında rəsm qabiliyyətinin irsi olduğunu vurğuladılar.

“Niyə məhz rəsm dərnəyini seçdiniz” sualını İsmayıl Abdullayevin anası Güllü xanım belə cavablandırdı:

– Bu dərnəyə oğlumun istəyi ilə müraciət etdim. Artıq bir neçə dərsdən sonra İsmayıl da da, mən də Nihal müəllimənin qayğıkeşliyinin şahidi olduq. Onun həm uşaqlara münasibətini, həm də həvəsləndirmə bacarığını çox bəyənirik. Uşaqlarla apardığı düzgün tədris prosesinin bəhrəsini evdə də görürük.

– Mən də çox razıyam. Qızım çox şıltaqdır. Ancaq buna baxmayaraq, hər dəfə dərnəyə yolum düşəndə onun necə səbirlə rəsm çəkdiyini görməkdən məmnunluq duyuram, – bunu isə Fatimə İbadsoyun anası deyir. Günay Rzayevanın ansı Kəmalə xanım da onun fikirlərini dəstəkləyir: “Buradakı  isti münasibəti, hər uşağa fərdi şəkildə, qayğı ilə yanaşıldığını görmək çox xoşdur”.

Bəs azyaşlı istedadlar rəssamlığın hansı sahəsinə daha çox maraq göstərirlər? Fatimə Məmmədova bu suala belə cavab verir:

– Daha çox portret çəkməyi sevirəm. İnsan cizgiləri ilə işləmək mənə zövq verir. Bu, yəqin ki, gələcəkdə modelyer-dizayner olmaq istəyimdən irəli gəlir.

– Bizim uşaq da müxtəlif insan cizgiləri çəkməyə aludədir. Sevimli heyvan siluetlərini rəngləməyi də xoşlayır. Əvvəlki şəkilləri ilə müqayisədə indikilər rəng seçimi və kölgələri daha dəqiq işləməsi ilə seçilir, – bunu da Vəfa Hüseynlinin valideyni bildirir. Əkiz bacılar Ləman və Ayan Hüseynovalar isə hələlik bütün sahələrə eyni dərəcədə maraq göstərdiklərini və konkret bir janrı gələcəkdə müəyyənləşdirəcəklərini deyirlər.

Bəs valideynlər öz övladlarını gələcəkdə rəssam görmək istəyirlərmi? Bu suala Ləman Musayevanın anası cavab verir:

– Əlbəttə ki, şəxsən mən çox istəyərdim. Və bunun üçün ona daim dəstək olmağa hazıram.

Sərginin gedişində tədris mərkəzinin direktoru Lalə Əliyeva və rəsm dərnəyinin müəlliməsi Nihal Əhmədova çıxış edərək, tələbələrindən razılıqlarını və bundan sonra daha böyük nailiyyətlərə imza atacaqlarına inandıqlarını bildirdilər. Sonda fərqlənən uşaqlar fəxri fərmanla təltif edildilər.

Nərmin Həsənli, Aqşin Əliyev (foto)

resm2 resm3 resm4 resm5 resm6 resm7 resm9 resm10 resm11 resm12 resm13 resm14 resm15 resm17 resm18

 

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

DİQQƏT! bu avtobuslar yolunu bir həftəlik dəyişir

%d bloqqer bunu bəyənir: