Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azəriqaz” rəhbərliyinə cinayət işi açılmalıdır

Energetika Nazirliyinin qazın tərkibinin zəhərli olması ilə bağlı bəyanatı niyə araşdırılmır?

Xəbər verdiyimiz kimi Azərbaycanda təbii qazın keyfiyyətinin yoxlanılması ilə bağlı Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti Idarəsinin nəzdində laboratoriya qurulacaq. Bunu idarənin baş məsləhətçisi, hüquqşünas Samid Əliyev bildirib.

Nazirlik rəsmisinin açıqlamasındakı iki məqam xüsusi diqqət çəkir. Birinci məqam əhaliyə verilən təbii qazın keyfiyyəti ilə bağlıdır. Rəsminin sözlərinə görə, indiyə qədər dəm qazından zəhərlənmə halları baş verən zaman qazın keyfiyyəti araşdırılmayıb: “Biz hesab edirik ki, dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır. Çünki, yanma prosesi düzgün getmir və bunun nəticəsində orada yanmamış qazlar əmələ gəlir. Dövlət Xidməti bu məsələ ilə ciddi məşğul olacaq və bu cür hal və ya hadisə baş verərsə, mütləq qazın tərkibi də araşdırma predmeti olacaq. ”Azəriqaz” qazın keyfiyyətini ayda 3 dəfə yoxlamalıdır. Lakin bunu edirlərmi? SOCAR qazı özü istehsal edir. Bundan başqa, qazı satan, yəni istehlakçıya çatdıran, keyfiyyətini yoxlayan da özüdür. Dövlət standartlarına uyğun olaraq hər bir kubmetr üçün 7 600 kilokalori istilik ötürmə qabiliyyəti nəzərdə tutulur. Amma “Azəriqaz” əməkdaşları bunu dövlət müqavilələrində 8 000 kilokalori kimi qeyd edir. Onlar əmin edirlər ki, onları qazın keyfiyyəti yüksəkdir, lakin evimizdə çaydan 3 saata qaynayır. Əslində, bu, istehlakçının hüquqlarının pozulması deməkdir. Qazın tərkibində hava qarışığı olmalıdır. Amma bu hava qarışığı həddindən artıq çox olarsa, partlayışa səbəb olar. Belə hallar isə son zamanlar çox olub”.

Ikinci məqam isə ondun ibarətdir ki, nazirlik əməkdaşı SOCAR əməkdaşlarının evlərə girib yoxlama aparmaq səlahiyyətinin olmaması ilə bağlıdır.

Eyyub Hüseynov: “Azəriqaz” kimi inhisarçıların toxunulmaz edilməsi yanlış siyasətdir”

eyyub_huseynov

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, “Azəriqaz” SOCAR-a tabe olduqdan sonra bu qurumda ciddi dəyişikliklərin gedəcəyini gözləyirdilər. Amma narahat doğuran istiqamətlər üzrə heç bir islahatın getmədiyini deyən E.Hüseynov vurğuladı ki, əksinə təcrübəli işçilər ixtisara salındı: “Bizə çoxlu məlumatlar gəldi ki, təcrübəli işçilər kənarlaşdırılır və onların yerinə qohum-əqrabalar işə götürülür. Ona görə bu cür qurumdan bir şey gözləməyə dəyməz. Bunun da qlobal səbəbi budur ki, ölkədə istehsalçı siyasəti yoxdur. Qazdan xəsarət alan insanların taleyi barədə şəffaf məlumat yoxdur. Bütün hallarda istehlakçını günahkar hesab edirlər. Təchizatçı üzərinə heç bir məsuliyyət götürmür. Məsuliyyət olmayan yerdə isə mütləq cinayət var. Bizim fikrimizcə qarşı tərəfin də məsuliyyəti olmalıdır ki, məhkəmə iddiaları qaldırılsın”.

E.Hüseynovun fikrincə, nazirliyin açıqlamasında sonra müvafiq qurumlar mütləq bu istiqamətdə yoxlamalar aparmalıdır. Hökumətin “Azəriqaz” kimi inhisarçı qurumlara toxunulmazlıq hüquqununun verilməsinin yanlış siyasət olduğunu deyən E.Hüseynov vurğuladı ki, hökumət anlamalıdır ki, ordunu, “Azəriqaz”ı saxlayan məhz istehlakçıdır və onun hüquqları qorunmalıdır.

Müzəffər Baxışov: “Prokurorluq dərhal cinayət işi başlatmalı və qazın tərkibi yoxlanılmalı idi”

muzeffer-baxishov

Hüquqşünas Müzəffər Baxışovla məsələnin hüquqi tərəflərinə aydınlıq gətirdik. M.Baxışov vurğuladı ki, əhaliyə verilən qazın keyfiyyəti ilə bağlı problem varsa, bu məsələ mütləq araşdırılmalıdır. Əgər həqiqətən keyfiyyətlə bağlı problemlər varsa, bu artıq cinayət məsuliyyətinə səbəb olan addımdır. Cinayət Məcəlləsinin 200.3-ci maddəsinə görə istehlakçıları aldatmaq, satışa buraxılan məhsulların keyfiyyətsiz olmasının gizlədilməsi, zərərçəkmiş şəxsin sağlamlığına, ağır və ya az ağır zərər vurmağa səbəb olduqda belə əməllər cinayət tərkiblidir. Bu əməllərə görə, yeddi min manatdan doqquz min manata qədər cərimə və üç ilə qədər həbs cəzası nəzərdə tutulub. 200.4-cü maddəyə görə eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cəza 3 ildən 7 ilə qədər artırılır. Yəni əgər həqiqətən keyfiyyətsiz qazın satılmasına görə, insanlar xəsarət alırlarsa və ya dünyasını dəyişirlərsə, bu hallar istintaq orqanları tərəfindən mütləq araşdırılmalıdır”.

M.Baxışov bildirdi ki, təəssüflər olsun ki, keyfiyyətsiz qaz istehsal edən şəxslər cinayət məsuliyyətinə cəlb edilməyib. Energetika Nazirliyinin bəyanatını ciddi siqnal adlandıran M.Baxışov vurğuladı ki, bundan dərhal sonra prokurorluq cinayət işi başlamalı və əhaliyə təqdim olunan qazın tərkibi yoxlanılmalı idi: “Azərbaycanda belə bir göstəriş verilməsə, heç bir orqan bunu araşdırmayacaq. Digər bir məsələ isə SOCAR əməkdaşlarının evlərə buraxılması ilə bağlıdır. Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərara görə, qazın istehlakına nəzarət etmək səlahiyyətləri SOCAR əməkdaşlarının əlindən alınıb. Bu səlahiyyətlər hazırda FHN-ə verilib”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Çovdarov Qarabağ əlillərinə haqq verirmiş?

%d bloqqer bunu bəyənir: