Loading...
Loading...
araz-zeyniyev

“Azərbaycanlı geni deyə bir şey yoxdur”- GENETİKLƏ SÖHBƏT

– Araz bəy, özünü necə təqdim edirsiniz?

 

 

– Mikrobioloq-genetik. ODTÜ-də (Orta Doğu Texniki Universiteti-red.) molekulyar biologiya və genetika üzrə bakalavr təhsili alandan sonra 6 il Hollandiya və Almaniyada bakteriyalarda genetik tənzimləmə mövzusunda işləmişəm.

 

Mikrobioloq genetikanın bir sahəsidir?

 

– Tam elə demək olmaz. Mikrobiologiya gözlə görülməyəcək qədər kiçik orqanizmləri (mikrob, bakteriya, virus və sairə) öyrənən elmdir. Genetika isə irsiyyət qanunlarını öyrənir. Yəni mən bu kiçik canlıların niyə bir-birinə bənzədiyi və bənzəmədiyinin prinsipləri ilə məşğul olan biriyəm.

 

– Gəlin, genetikadan danışaq. Genetika elmi necə ortaya çıxdı?

 

– Mendel klassik genetikanın əsaslarını qoyan Darvin ilə eyni zamanda yaşayıb. 1953-cü ildə bizim o bildiyimiz gözəl DNT-nin quruluşu kəşf olunub. “Çağdaş genetika inqilabı beləcə başladı” deyib qısa danışaq hekayəni.

 

– Nobel mükafatı verilib DNT quruluşunu kəşfə görə…

 

– Bəli, çünki, bu biologiyanın mərkəzi problemlərindən birini, irsi informasiyanın nəsildən-nəslə necə keçdiyinin predmetini və mexanizminə işıq saçdı. O ana qədər genlərin (yəni irsi maddənin) DNT olduğunu belə dəqiq bilmirdik. Bir çoxları genlərin zülalların içində olduğunu düşünürdü, çünki istənilən zülal quruluş baxımından DNT-dən çox daha mürəkkəbdir.

 

 

– Gənc elm sahəsi olmasına baxmayaraq, həddən artıq fərqli sahədə tədqiqatlar gedir. Keçən dəfə də bir araşdırma yazısında yazılmışdı ki, genetik analiz nəticəsində ayrı-ayrı irqlərin Afrikadan olduğu bəlli olub. Bu necə bir prosesdir ki, ondan həm tarix, həm tibb, həm sənaye istifadə edir?

 

– Genetika ən sadə şəkildə nədir? İki adam, ana və uşaq niyə bir-birinə oxşayır? Və yaxud azərbaycanlılar niyə farslara bənzəyir? Genetika bu qanunauyğunluqların kəşfi elmidir. Niyə bənzərlik var? Çünki sperma və yumurtada DNT deyilən maddə var. Bu maddə hüceyrənin özünü yenidən yarada bilməsi üçün lazımı informasiyasını daşıyır. Canlının cansızdan fərqi də budur. Canlı öz oxşarını yaratmaq potensialına malikdir. DNT bir qəlibdir. Eyni hüceyrəni və funksiyasını təkrar yaratmaq üçün istifadə olunan qəlibdir.

 

İki qəlib bir-birinə nə qədər yaxındırsa deməli onların ortaq əcdadları da bir o qədər yaxın tarixdə olub. Fərqli irqdən, əlüstü qeyd edək, irq çağdaş biologiyada artıq əsası olmayan, köhnəlmiş bir fenomendir, insanların DNT-lərinə baxılaraq o insanların ən sonuncu əcdadlarının nə vaxt yaşadığını təxmin etmək mümkündür.

 

– Maraqlıdır, Araz bəy, genetikalar bir-birindən fərqlənirmi? Məsələn, azərbaycanlı geni deyilən bir şey varmı? Yaxud da müsəlman geni…

 

– Qısaca və açıqca: yoxdur! Birincisi ona görə ki, bunlar irsi deyil, mühit xassələridir. Yəni sosial elmlərin dili ilə desək kültür məhsuludur. Doğuşdan sonra öyrənilən xassələrdir.

 

Bir balaca genetika ilə xassələr arasındaki əlaqədən bəhs edim.

 

Biz fiziki xüsusiyyətlərimizi irsi olaraq anadan və atadan alırıq. Qan qrupu, dəri rəngi nisbi olaraq bəsit xassələrdir. Ağıl, xarakter, psixoloji xüsusiyyətlər isə çox mürəkkəbdirlər. Niyə? Qan qrupunun əsas 4 ayrı halı var. 4 ayrı qan qrupu. Sovet sistemində bu 1-dən 4-ə rəqəmlə ifadə olunur, dünya ABO sistemindən (O, A, B, AB) istifadə edir. Niyə belə bəsitdir, yəni niyə sadəcə 4 fərqli növ var (onlarca fərqli dəri rəngi ilə müqayisə edin), çünki genetika elmi müəyyən edib ki, bu xassə tək bir genə bağlıdır və üstəgəl ətraf mühitdən (xaricdən) təsirlənmir. Dəri rənginə gəldikdə isə – onlarca fərqli gen işin başındadır burada və xarici faktorların təsiri çoxdur. Ağappaq dərili norveçli bütün həyatını Efiopiyada yaşasa, dərisi kifayət qədər tünd rəngli olacaq. Bəlkə bizim qədər, bəlkə daha tünd, ancaq hər halda efiopiyalı kimi ola bilməz. Yəni genetika bir baza təyin edir və ətraf mühit heykəltəraş kimi bu limitlər içərisində onun nəticəsini yapır. Deməli xassə var ətraf mühitin təsiri çoxdur, xassə var yoxdur, məsəl üçün qan qrubu kimi. Harada, hansı şərtlərdə yaşamağınızdan asılı olmayaraq qan qrupu dəyişməzdir. Ağıl, intellekt, yaradıcılıq kimi mürəkkəb xarakterlər isə digər ucdadır. Onları təyin edən əsas ətraf mühit, iqlim, təlim, travma və sairə kimi qeyri-genetik faktorlardır. Yəni, azərbaycanlı genindən danışmaq olmaz.

 

 

– Norveçli 3-4 əsr Efiopiyada qalarsa genetikası, dəri rəngi dəyişə bilərmi?

 

– İnsanlar yüz min illər əvvəl Afrikadan çıxıb. O zaman hamımız indi afrikalılarda olduğu kimi qaradərili idik. Deməli təxminən bu proses yüz min illər aldığına görə tərsinə də təxminən bir o qədər olmalıdır. Yəni 3-4 əsr deyil, minimum 300-400 əsr gərəkdir.

 

– Zəka geni deyilən bir şey varmı?

 

– Yenə qısa və bəsit cavab verim: yoxdur. Birincisi ona görə ki, zəka deyilən qavrayışın özünü tərif etmək çətindir. İkincisisi, məncə zəka genlərlə deyil ətraf mühitlə ölçülür. Eynşteyni yaradan genetikadan çox zamanədir. İQ belə zəkanın sadəcə çox bəsit formasıdır, o belə 30-40% genetikadan asılıdır. Pikassonun İQ-su inanmıram çox yüksək ola, ancaq zəki olduğuna şübhəmiz yoxdur.

 

– Türk alimi Əziz Sancar DNT-lərin təmir olunmasına görə Nobel almışdı. Bu tibbdə də vacib istiqamətdir. Bunu necə izah edərdiniz? Necə təmir olunur?

 

– Görə bilməyəcəyimiz qədər balaca olmağına baxmayaraq hüceyrə, içində uzunluğu 2 metr olan DNT ehtiva edir. Bir hüceyrənin içində çox böyük sıxışdırılmış informasiya var. İnsanın böyüməsi, hüceyrələrin sayca çoxalması deməkdir. Hüceyrə çoxalması üçün ilk öncə DNT öz kopiyasını çıxarmalıdır. Bu çox sürətlə baş verir və bu prosesdə səhvlər də olur. Bu səhvləri sonra düzəldən mürəkkəb bir mexanizm var. Sancar bu mexanizmə töhfə verib. Niyə önəmlidir bu? Çünki bu cür təməl mexanizmləri öyrənmək xərçəng kimi xəstəliklərin müalicəsində çox köməyi olacaq.

 

– Genetikanın inkişafı gələcəkdə tibb sahəsində hansı mühüm dəyişikliklər yaradacaq? İnsanın klonlanması məsəl üçün. 

 

– Məncə 50 il sonra xərçəng, Alzaymer kimi bir çox xəstəliyi müalicə edə biləcəyik. Klonlaşdırmaya gəldikdə isə, bilisinizmi, insan klonlanması biologiyada o qədər aktual məsələ deyil. Ayrı-ayrı orqanların klonlanmasından söhbət gedir. Ürəyi klonlamaq…

 

– Şeir kimi gəlir adama… Klonlama ürəyimi, içində sən varsan, sən də klonlanarsan…

 

– (gülür.) Bu fantastika deyil. Ürək çox mürəkkəb orqandır, ancaq nisbi olaraq daha bəsit orqanlar, hissələr klonlanır. Bir neçə il əvvəl dəri süni şəraitdə yaradılıb. Yəni bir insanın dəri hüceyrəsi alınıb və süni şəraitdə bir, yaxud bir neçə hüceyrədən dəri toxuması əmələ gətirilib. O insan qəza, yanğın nəticəsində dərisinin böyük bir hissəsini itirərsə onu geri o şəxsə köçürmək mümkündür. Bu tibbi olaraq tətbiq olunurmu bu gün, mən bilmirəm. İnsanı bütöv olaraq klonlamaq mənə mənasız gəlir. Onu bilirəm ki, dünyada insan klonlamaq qanun ilə qadağan olunub hər yerdə.

 

– Klonlaşdırılanda həmin yaşda olmursan, təzədən uşaq olursan...

 

– Əlbəttə. İndiki yaşında deyil, uşaq yaşında olur sənin klonun. Sizdən bir hüceyrə alınır, o hüceyrə süni şəkildə yaxud bir daşıyıcı bətnində böyüdülür və uşaq dünyaya gəlir.

 

 

– Ölmüş insanın sümüklərindən bunu etmək olarmı?

 

– Prinsipcə mümkündür, etmək olar. Ancaq o da uşaq olacaq. Yoxsa birdən-birə kopyala və eyni yaşda olsun, bu mümkün deyil.

 

– Genetikası dəyişdirilmiş məhsullardan danışaq. Bir Nobel mükafatçısı bunun istehsalının normal olduğunu demişdi. Bu insanları daha çox narahat edən məsələdir. Sizcə, Azərbaycanda genetikası dəyişdirilmiş məhsullar satılırmı?

 

– Bu tam da mənim maraqlandığım sahədir. Hazırda üzərində işlədiyim məqalə də bu haqdadır. İlk öncə GMO-nun (Genetik Modifikasiya olunmuş Orqanizm-red.) nə olduğundan bəhs edək. GMO sıfırdan yaradılmış bir texnologiya deyil. Təkamülü götürək. Təkamül qısaca bir növdən başqa növün yaranmasıdır. Növ yaranması genetikanın dəyişməsi deməkdir. Və ya əhilləşdirməni götürək. Məsələn, it vəhşi təbiətdə olmayıb. İt insan əli ilə yaradılmış növdür. Canavarların tədricən insanlara yaxınlaşması nəticəsində bunu reallaşdırıblar. Quba alması cır almanın mədəniləşdirilməsi, hər nəsildə daha böyük, şirəli, dadlı almanın seçilməsi, hibridləşməsi nəticəsində cır, meşə almasının genlərinin dəyişməsi nəticəsində əldə olunmuşdur. Bir neçə əsrlik prosesdir bu. GMO da bundan prinsipcə fərqli deyil. Əsas fərq odur ki, GMO əldə etmək bir neçə il çəkən prosesdir və o genetik dəyiºiklikləri əldə etmək üçün çağdaş genetik texnologiya (genlərin transferi məsəl üçün) istifadə olunur.

 

Misal verək, qarğıdalıya bir bakteriyadan gen köçürülür. Niyə? O bakteriyada zərərvericilərə qarşı zəhər var, ancaq insan üçün zəhər deyil bu maddə. Geniş istifadə olunan antibiotik, məsəl üçün bakteriyalar üçün zəhərlidir, insan üçün zəhərli deyil.

 

Bu gün Amerikada istehsal olunan qarğıdalının 90 faizi GMO-dur. Qarğıdalı isə amerikalılar üçün çörək deməkdir, yəni 200 milyon əhali onunla qidalanır. GMO əgər əksər insanın inandığı kim zəhərli, öldürücü, hormonlu, gübrəli, kimyəvi dərman vurulmuş qorxunc qida olsaydı, 20 ildir qarğıdalı yeyən amerikalılarda kütləvi ölüm çoxdan başlamış olmalıydı. Deməli GMO masonların bizi zəhərləmək üçün göndərdiyi virus deyil (gülür).

 

GMO məhsullarının bəzilərində insan sağlamlığı üçün təhlükə şübhələri var. Yeni texnologiya olduğu üçün uzun müddətli təsirini bilmirik. Ekoloji mənada təhlükəli olma ehtimalı var. Bunlar başqa mövzudur və qəlizdur. Bundan danışsaq söhbətimiz uzanacaq. Ancaq qısaca deyim ki, GMO bioloji olaraq zərərli deyil, sadəcə iqtisadi, sosial, hətta siyasi riskləri böyükdür. Çünki GMO texnologiyası çoxu az sayda qlobal şirkətlərin idarəsindədir. Bir ovuc şirkət nə yeyəcəyimizə qərar verir. Bu çox böyük təhlükədir.

 

Ən konkret təhlükələrdən biri mədəni bitki sortlarının azalmasıdır. Yerli sortlar yerini bu böyük şirkətlərin az saydakı növləri ilə əvəz olunaraq sıradan çıxır. Bu isə ümumilikdə insanlığın gələcəyi üçün təhlükədir, çünki xüsusilə qlobal isinmə fonunda dəyişən iqlim şərtlərinə qarşı çeşidlilik lazımdır. Bir sort işləməyəndə alternativiniz olsun deyə. Bu sahədə Qafqazın xüsusi yeri var – dünya biomüxtəliflik mənbələrindən biridir bu bölgə. Deyək ki, GMO nar burdakı yerli sortları asanlıqla sıradan çıxarar, çünki böyük şirkət monopoliyası var. Meksika qarğıdalının mədəniləşdirdiyi yerdir, yəni təbii və mədəni çeşidliliyin ön ən çox olduğu yerdir. Meksika öz təbii resurslarını qorumaq üçün yeni GMO sortları üçün müvəqqəti qadağa qoyub.

 

 

– Yəni GMO davamlı və daha məhsuldar sort yaratmaqdır?

 

– Əlbəttə. Məqsəd adi qarğıdalıdan zərərverici həşəratlara qarşı davamlı qarğıdalı sortu yaratmaqdır.

 

– Bir məhsulun GMO olub-olmadığını bilmək mümkündür?

 

– Bir baxışla məhsulun GMO olub-olmadığını bilmək olmur. Laboratoriyada genetik analiz aparılmalıdır. Bir çox halda ümumiyyətlə bu mümkün deyil, çünki emal işindən keçmiş məhsulda genetik maddə qalmır. Örnək: adi şəkər çuğundurundan əldə olunan qəndin içində heç bir bioloji hüceyrə qalmır. Qənd saf sükrozadır. GMO çuğundurdan əldə olunan qəndə baxaraq onun mənşəyini bilmək olmaz. Effektiv olaraq da bu iki qənd arasında heç bir fərq də yoxdur.

 

– Bazarda satılanda işarə olunur ki, bu GMO-dur?

 

– Bu məhsulların etiketlənməsi məsələsi GMO üzərində dünyada gedən ən qızğın mübahisələrdən biridir. Bu qaydalar ölkədən-ölkəyə dəyişir. Amerika qitəsində etiketlənmir. Avropanın bir çox ölkəsində GMO-nun idxalı və elmi istifadəsi deyil, kütləvi yetişdirilməsi qadağandır. Avropa ilə ABŞ arasında gedən ixtişaşlardan biri GMO mövzusudur.

 

– Azərbaycanda necədir bəs?

 

– Azərbaycanda yetişdirilməsi qadağandır. Məncə qadağan deyil, yaxşı tənzimlənməlidir. Bunun üçün əlbəttə ki, ilk öncə Azərbaycanın bioloji infrastrukturu canlandırılmalıdır. Bu yaxınlarda əlimə universitet tələbələri üçün nəzərdə tutulan GMO haqqında bir dərslik keçmişdi. Sensansiya sevən jurnallara oxşayır. Azərbaycanda nəinki GMO, günümüzün bioloji araşdırmaları ilə ayaq uyduran ən təməl biologiya kitabları belə yoxdur. Söz açılmışkən, deyim. Bir neçə bioloq və tərcüməçi ilə dünyanın qabaqcıl universitetlərinin istifadə etdiyi dərslikləri tərcümə etmək üçün proyekt hazırlayırıq. Konkret qaynaqlarımız var. Ona görə, molekulyar biologiya ilə maraqlanan və ya bilikli, ingilis-azərbaycan dili tərcüməçiləri bizə müraciət etsinlər.

Lent.az

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İnsanı qoruyan 9 qəribə hal – FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: