Loading...
Loading...

“Azərbaycanlı döyüşçüləri ya zindana salır, ya da edam edirdilər”

Suriyada Bəşər Əsədə qarşı qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan daha bir azərbaycanlı gəncin mühakiməsi sona çatıb.

Virtualaz.org sayının əldə etdiyi xəbərə görə, Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Bakı şəhər sakini, 24 yaşlı Şirxan Xasaylının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Prosesə hakim Cavid Hüseynov sədrlik edib.

İttihama görə, Şirxan Xasaylı dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD) tərkibində döyüşüb. Dini məzhəbləri yaymaq, dini ayinlərin icrası altında Suriyada hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişədə iştirak etmək məqsədilə Ş.Xasayli 2013-cü ilin dekabr ayında Türkiyə ərazisindən keçərək Suriyaya gedib. Orada xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış terror təşkilatı olan İŞİD-in tərkibinə qoşulub. Suriyada fəaliyyət göstərən “Abu Musab” ləqəbli Vüqar İdrisovun rəhbərlik etdiyi “Azəri camaatı” adlı silahlı qrupa daxil olub və digər azərbaycanlılarla yanaşı, Haritan, Tələbiyyə, Deyr-əz-Zor və sair yaşayış məntəqələrində aparılan silahlı münaqişələrdə iştirak edib, döyüşlərdə yaralanıb. Ötən ilin aprel ayında Suriyanı tərk edib.

“İŞİD hakimiyyət uğrunda mübarizə aparırdı”

Təqsirləndirilən şəxs qismində dindirilən Şirxan Xasaylı ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 2013-cü ilin ortalarından başlayaraq İslama gəldiyini, sünni məzhəbinin sələfi təriqəti üzrə ibadət etdiyini, özünə dini ad olaraq “Əbu Bəkr” adını seçdiyini göstərib. İbadətə başlayandan sonra Suriyada gedən döyüşlərdən bəhs edən və internetdə yayımlanan videolarla maraqlanıb, Suriyada döyüşən məhəllə uşaqları “Əsədullah” və “Abdu Şakir” ilə “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb (2014-cü ildə həmin uşaqlar döyüşlərdə həlak olublar). Bir müddət sonra özü Suriyaya gedib, din uğrunda gedən müharibədə, “cihad”da iştirak etmək qərarına gəlib: ”Suriyaya gedəndən sonra gördüm ki, oradakı müharibənin cihada və ya dinə heç bir aidiyyatı yoxdur. İŞİD və digər silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizə apardıqlarının şahidi oldum”.

“Suriyaya çatanda qızğın döyüşlər gedirdi”

2013-cü ilin dekabr ayının 7-də “Əbu Bəkr” ailə üzvlərinə xəbərdarlıq etmədən əşyalarını və pasportunu götürərək Beynəlxalq Hava Limanına yollanıb. Hava limanından təyyarə ilə İstanbul şəhərinə uçub. İstanbulda “Əsədullah” və “Abdu Şakir”in ona verdikləri telefon nömrəsinə zəng vurub, “Məhəmməd” adlı şəxs Şirxanı qarşılayaraq avtobusa mindirib və Hatay vilayətinin Reyhanlı şəhərinə yola salıb: ”Reyhanlıda olarkən “Əsədullah”ın əlaqə saxlamaq üçün mənə verdiyi nömrəyə zəng vurdum. Bələdçi ilə danışıb, görüşdüm. Həmin bələdçi 150 türk lirəsi müqabilində məni qanunsuz yolla sərhəddən keçirdi, Artma şəhərinə aparıb “Abu Muhammad”ə təhvil verdi. “Abu Muhammad”la birlikdə İŞİD-in nəzarətində olan Haritan şəhərinə getdik. Haritanda məni “Abu Musab” ləqəbli milliyyətcə azərbaycanlı Vüqar İdrisovun rəhbərlik etdiyi “Azəri camaatı” silahlı qruplaşmasının üzvlərinə təhvil verib geri qayıtdılar. Mən Suriyaya çatanda orada qızğın döyüşlər gedirdi”.

“Əbu Bəkr”in “Abu Musab”a biəti

“Abu Musab”a biət edən Şirxan Xasaylı ona iman gətirib, qoyduğu tələblərə əməl edəcəyinə and içdikdən sonra “Azəri camaatı”nın tərkibinə daxil olub. Yeni gələn azərbaycanlıya “Kalaşnikov” avtomatı və çoxlu sayda patron verilib. Silahlı birləşmənin tərkibində olanlardan biri ona silahla davranmağı öyrədib, sonradan özü birbaşa döyüşlərdə iştirak edib.

“Abu Musab”ın və daha 10 azərbaycanlının ölümü

2014-cü ilin yanvar ayında “İslam Cəbhəsi” və İŞİD arasında silahlı münaqişə yaranan zaman Ş.Xasaylı bir ay ərzində “İslam Cəbhəsi”nə qarşı vuruşub. Bir ay sonra İŞİD-ə tabe olan Haritan şəhərindəki bütün camaatlar və döyüşçülər geriyə – Rakka şəhərinə çəkilib. Rakkaya gələndən sonra “Azəri camaatı” Suriyanın dövlət ordusu ilə öz aralarında olan cəbhə zolağında keşiş çəkiblər. Mart ayında isə döyüşmək üçün Rakkadan 100 kilometr aralıda yerləşən Tələbiyyə qəsəbəsinə gələrək kürd silahlı qruplaşmaları ilə vuruşublar. Həmin döyüş zamanı əmirləri “Abu Musab” da daxil olmaqla “Azəri camaatı”nın 12 üzvü (10-u azərbaycanlı olub) həlak olub. Döyüşdə itki verdikdən sonra təkrar Rakkaya qayıdıblar. Rakkada “Azəri camaatı”na yeni əmir təyin olunub.

Döyüşlərdə yaralanan “Əbu Bəkr”

Suriyanın Deyr-əz-Zor şəhərində “İslam Cəbhəsi”nə qarşı döyüşlərin birində ağır güllə yarası alan Ş.Xasaylı xəstəxanaya aparılıb, əməliyyat olunub. On beş gün xəstəxanada müalicə aldıqdan sonra isə Rakka şəhərindəki evlərdən birində qalaraq ambulator müalicə alıb, əsa ilə hərəkət edib. Məhz bundan sonra “Azər camaatı”nın tərkibindən çıxaraq müalicəsi ilə məşğul olub, döyüşlərdə iştirak etməyib, dəstə üzvləri ilə əlaqə saxlamayıb.

Ş.Xasaylı ifadəsini davam etdirərək göstərib ki, başına gələn bütün bu hadisələrdən çox təsirlənib. Oradakı müharibənin cihada və dinə heç bir aidiyyatı olmadığını, İŞİD-in və digər silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizə apardıqlarını anlayıb.

“Azərbaycanlı döyüşçüləri ya zindana salır, ya da edam edirdilər”

Rakkada uzun müddət müalicə olunduqdan sonra Ş.Xasaylı Türkiyəyə getməyi qərara alıb. O, bu məqsədlə İŞİD-in ona verdiyi silahı sataraq Suriyanı tərk edib: “İŞİD üzvləri sıralarını genişləndirirdilər. “Azəri camaatı” İŞİD-in bir hissəsi idi. Suriyada olarkən İŞİD-dən ayrılıb vətənə dönmək istəyən şəxslərin edam olunduqlarının dəfələrlə şahidi olmuşdum. İŞİD üzvləri Azərbaycandan və Tunisdən gələnlərə ayrı-seçkilik edirdilər. Çünki İŞİD rəhbərliyi ilə dini məsələlərdə bəzi fikir ayrılığı olurdu, biz öz fikrimizi açıq şəkildə deyirdik. Ona görə də, əmrlərə tabe olmayan, onları mübahisə mövzusuna çevirən azərbaycanlı və tunisli döyüşçülər zindana salınır, edam edilirdilər. Digər millətlərdən olan döyüşçülər isə sözsüz olaraq İŞİD rəhbərliyinin göstərişlərinə tabe olurdular. Ağır yaralandığıma görə məndən əl çəkmişdilər. Bir neçə aydan sonra yeriməyə başlayan kimi qaçmağı qərara aldım. İŞİD-in mənə verdiyi avtomatı silah alverçilərinə satıb pul əldə etdim və ötən ilin yanvar ayında suriyalı qaçqınların köməkliyi ilə Türkiyənin Qaziantep şəhərinə, oradansa İstanbula gəldim”.

Azərbaycana qayıdan İŞİD üzvü MTN-ə gedib

Ş.Xasaylı Türkiyəyə keçəndən sonra ailə üzvləri ilə əlaqə saxlayıb. Suriyada döyüşlərdə iştirak etdiyi üçün Azərbaycanda məsuliyyətə cəlb olunacağından ehtiyatlanıb. Elə bu üzdən də Azərbaycana deyil, Rusiyaya, qardaşının yanına yollanıb. Amma ailəsi üçün darıxdığından Rusiyada qala bilməyib, hüquq-mühafizə orqanlarına könüllü təslim olmaq üçün Bakıya qayıdıb. Ötən ilin may ayında Qazax rayonunun “Şıxlı” nəzarət-buraxılış məntəqəsində sərhədçilər tərəfindən saxlanılıb və MTN-in Qazax rayon şöbəsinin əməkdaşlarına təhvil verilib. Orada Ş.Xasaylıya MTN-in Bakı şəhərində yerləşən inzibati binasına getməyi tapşırıblar. Bakı şəhərində ailə üzvləri ilə görüşən Ş.Xasaylı ertəsi gün MTN-ə gedərək izahat verib.

“İnternetdəki video-təsvirdə oğlumun İŞİD-in bayrağını daşıdığını gördük”

Şahid qismində məhkəmədə ifadə verən Elxan Xasayev oğlu Şirxanın 2013-cü ildən ibadətlə məşğul olduğunu, tez-tez yaşadıqları evin yaxınlığındakı Qaraçuxur məscidinə getdiyini, oğlunun yaxın ətrafını tanımadığını bildirib. Son vaxtlar Şirxanın evdə din uğrunda döyüşlərə qatılmaq istəməsi barədə dediklərini isə zarafat kimi qəbul edib: “Şirxan mənimlə birlikdə santexnika ustası işləyirdi. 7 dekabr 2013-cü ildə mənimlə işə getmədi. Həmin gün axşam Rostovda yaşayan digər oğlum mənə zəng vurub Şirxanın Suriyaya getmək məqsədilə artıq İstanbulda olduğunu dedi. Bu xəbər bizim üçün gözlənilməz idi. Suriyada olanda ara-sıra internetlə əlaqə saxlayırdı. Şirxan bizə Suriyanın prezidentinə qarşı vuruşduqlarını deyirdi. Bir dəfə internetdə İŞİD-in Rakka şəhərindəki hərbi yürüşü zamanı çəkilmiş videonu izləyirdik. Həmin videotəsvirdə Şirxanın dəstənin sırasında İŞİD-in bayrağını daşıdığını gördük. Şirxan evə qayıdandan sonra bizə Suriyada baş verənlərin böyük bir oyun olduğunu, döyüşməyə gedənlərin bu oyunun piyadalarına çevrildiyini, müharibədən qaçmaq istəyənlərin isə öldürüldüyünü deyirdi. Onun yaralandığını evə gələndən sonra bilmişik. Şirxan özü MTN-ə gedib təslim oldu”.

Məhkəmənin hökm üilə Şirxan Xasaylı 13 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı

Virtualaz.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Mağaza sahibi borca görə intihar edib

Loading...
%d bloqqer bunu bəyənir: