Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanın sement nəhəngindən biznes tərəfdaşına qarşı müflisləşmə iddiası

Azərbaycanda əsas sement istehsalçısı olan “Holcim Azərbaycan” şirkəti özünün biznes tərəfdaşı olan “BMC Construction” şirkətinin müflis elan edilməsi üçün məhkəmə iddiası qaldırıb. Bu barədə iddiaçı şirkətdən yayılan məlumatda deyilir.

Virtualaz.org xəbər verir ki, Bakı inzibati-iqtisad məhkəməsində iyun ayının 7-də  təyin olunan məhkəmədə bu iddianın müzakirəsi gözlənilir. “Holcim” şirkəti tərəfindən bununla əlaqədə tikinti şirkətinin bütün kreditorlarına öz iddialarını bildirmək təklif olunur. Lakin “BMC Construction” şirkətinin “Holcim”ə nə qədər borclu olduğu məlum deyil.

Məsələni aydınlaşdırmaq üçün “Holcim” Azərbaycan şirkəti ilə əlaqə saxladıq. Bizə bununla bağlı iddia qaldırıldığı təsdiqlənsə də, bildirdilər ki, bu hələ “BMC Construction” şirkətinin müflis olması demək deyil: “”Holcim” Azərbaycan şirkəti tərəfindən “BMC Construction” şirlkətinə qarşı iddia qaldırılıb. Onların müflis olması ilə bağlı qərarı məhkəmə çıxaracaq. Yəni hər şey məhkəmənin qərarından sonra məlum olacaq. Hətta ola bilər ki, şirkət qaldırdığı iddianı geri götürsün. Bu hələ həmin şirkətin iflas olduğu demək deyil”.

İddia ilə bağlı ətraflı məlumat almaq üçün “Holcim” Azərbaycan şirkətinin PR meneceri  Rəna Tahirova ilə əlaqə saxladıq. O, sualları yazılı şəkildə təqdim etməyi məsləhət gördü və daha sonra cavab veriləcəyini bildirdi. “BMC Construction” şirkəti ilə əlaqə saxlamaq isə mümkün olmadı. Şirkətin saytı fəaliyyət göstərir, ancaq orada göstərilən əlaqə telefonuna zəng etmək mümkün deyil. Ümumiyyətlə, şirkətin ofisinin hazırda fəaliyyət göstərib-göstərmədiyini dəqiqləşdirmək mümkün olmayıb.

Saytında göstərilir ki,  “BMC Construction” investisiya-idarəetmə şirkəti 2013-cü ildən fəaliyyətə başlayıb. Şirkət özünü Azərbaycanda investisiya və layihələrin idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biri kimi təqdim edir. Şirkətin fəaliyyətinin əsas istiqamətləri  investisiya qoyuluşu, layihələrin idarə edilməsi, tikinti materialları sahəsində istehsalın tənzimlənməsi, logistik proseslərin və terminalların optimallaşdırılması, idarə edilməsi, planlaşdırılması daxildir.

Şirkətin əsas tərfədaşları Paşa Bank, Norm sement zavodu, Mətanət A, Endem inşaat, China Triumph International Engineering Co.,Ltd, Maranqoni, Təmiz Şəhər və Holcim şirkətidir.

Şirkət 2013-cü ilin noyabr ayında Norm sement zavodunun xammal saxlanılması üçün nəzərdə tutulan iki anbarının tikintisi başa çatdırıb. 2014-cü ilin sonunadək Maranqoni beynəlxalq İtalyan şirkəti ilə yük avtomobil təkərlərinin soyuq üsul ilə bərpası texnologiyası üzrə layihəni işə salmağı planlaşdırılsa da, başa çatmayıb.

Müflis vəziyyətində olan şirkətin öz tərəfdaşları ilə məhkəmə çəkişmələri olub. Hələ 2014-cü ilin yayında “Holcim” şirkəti BMC Construction şirkətini məhkəməyə verib. Bundan başqa BMC Construction” MMC Türkiyə Respublikasının Endem İnşaat Sanayi və Ticarət Anonim Şirkəti”ni məhkəməyə verib. Ötən ilin avqust ayında keçirilən məhkəmədə borcun, zərərin və xərclərin ödənilməsi, əmlak üzərinə həbs qoyulması iddiası qaldırılıb.

Qeyd edək ki, əvvəllər Holcim (Azərbaycan) “Qaradağ Sement” ASC adı ilə fəaliyyət göstərib və ASC-nin Qaradağ Sement Zavodu uzun illər Azərbaycanda yeganə sement zavodu olub. 2013-cü ildən başlayaraq ölkəmizdə 3 yeni sement zavodu (Norm, Akkord və Naxçıvan sement zavodları) fəaliyyətə başlayıb.

Holcim-in pərakəndə sement satışından daha çox korporativ satışa istiqamətləndiyi müşahidə olunur. İsveçrənin Holcim şirkəti Holcim Azərbaycan şirkətinin səhmlərinin ən böyük hissəsinə – 70%-nə malikdir. Həmçinin ASC-də Azərbaycan İnvestisiya Şirkəti 10%, AYİB 10% və digər bir çox kiçik səhmdarlar 10% paya malikdirlər.

Azərbaycanda tikinti sektorunda böhran başlayandan “Holcim” şirkəti ona borclu olan şirkətlərə qarşı məhkəmə iddiaları qaldırmaqdadır. Ötən ilin sonlarında “Azenco” şirkətinə qarşı pul iddiaları sürüb. Bundan başqa “Holcim” ötən ilin okytabr ayında iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus “Avesta” konserni də məhkəməyə verib. Hər iki halda iddia şirkətlərin aldıqları sementə görə yaranan borclarıdır.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Nazir müavini: “Mənfəət vergisində 80 milyon manatlıq azalma müşahidə edilib”

%d bloqqer bunu bəyənir: