Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanın NATO və Rusiya arasında “ölüm rəqsi” – TƏHLİL

Cəbhədəki məlum gərginlikdən sonra Ermənistanda “Rusiya bizi satdı”, Azərbaycanda isə “Rusiya Ermənistanın arxasından bir həftəlik çəkilsə…” ovqatı hakimdir.

Müşahidələr, baş verənlərin analizi geosiyasi zəmində Qarabağ münaqişəsi ilə bağlı nələrinsə dəyişdiyini, bəlkə də dəyişməkdə olduğunu düşünmək üçün əsaslar yaradır. Hələ “sifətini” tam göstərməyən bu dəyişiklər Ermənistanda panika yaradır, ölkəmiz məğlubiyyət kompleksini üzərindən atmaq yönündə çabalar göstərir. Azərbaycanda və Ermənistanda müşahidə olunan bu ovqat dəyişikliyi isə heç şübhəsiz ki, beynəlxalq siyasətin supergücləri arasındakı qüvvələr nisbətinin, yeni anlaşmanın inikası sayıla bilər. Maraqlıdır, nə baş verir?

24saat.org “nə və niyə baş verir” sualını cavablandırmağa çalışır. Ondan başlayaq ki, uzun illərdir ki, Rusiya – Qərb gərginliyindəki barışmazlıq Qarabağ probleminin taleyinə qeyri-müəyyənlik gətirib. Ötən ilin sonu, 2016-cı ilin əvvəllərindən müşahidə olunan tendensiya isə bundan ibarətdir ki, münaqişəyə həm Rusiya, həm də Qərb tərəfindən diqqət artır. Bu baxımdan hesab etmək olar ki, 2016-cı il Dağlıq Qarabağ münaqişəsi üçün əhəmiyyətli dövrlərdən biri olacaq. Hər halda postsovet məkanındakı digər anoloji münaqişə ocaqlarından fərqli olaraq Qarabağ probleminin həlli nəzəri baxımdan ölməyib. Tərəflərin son reaksiyaları isə Qarabağ probleminin həllinə olan ümidləri artırıb.

Bu baxımdan qeyd edək ki, hazırda postsovet məkanında ən kəskin münaqişə kimi Ukrayna ön plana çıxır. Ukraynada üz-üzə gələn Qərblə Rusiyanın Dağlıq Qarabağ məsələsində gözlənilməz səssiz razılığı müşahidə olunur. Türkiyə-Rusiya münasibətlərinin kəskinləşçdiyi məlum olaylar zamanı istisnasız olaraq bütün təhlilçilər baş verənlərin Qarabağ münaqişəsinin həllinə də mənfi təsirlərini qeyd edirdi. Bununla belə gözləntilərin doğrulmadığı, baş verənlərin əksinə münaqişənin nizamlanmasına müəyyən qədər təkan verdiyi aydınlaşıb.

NATO-nun Rusiya təhdidinə adekvat olaraq Türkiyədə möhkəmlənməsi onun bölgəyə təsirini artırıb və bu hal Qarabağ münaqişəsinə də təsirsiz ötüşməyəcəyi düşüncəsindəyik. Xatırlatmaq yerinə düşər ki, Rusiyanın postsovet məkanında yaratdığı münaqişələr içərisində Qarabağ problemi digərlərindən əhəmiyyətli şəkildə fərqlənir.

Məsələn, Rusiya Federasiyası Gürcüstandakı anklavların tanınması ilə bağlı məsələdə 17 il bitərəf qalsa da, 2008-ci ilin 29 avqustunda rəsmən Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Əgər Rusiya tanınmamış anklavlarla bağlı siyasətində dəyişikliklər edirdisə, nə üçün Dağlıq Qarabağın müstəqilliyini tanımadı? Qarabağla bağlı Rusiya hər zaman tərəf olduğunu gizlədib, əksinə Minsk Qrupu formatında RF münaqişənin tənzimlənməsində 3 vasitəçidən biri olaraq qalır.
Yaxud, Gürcüstandakı anoloji münaqişələrə və həmin problemə Rusiyanın Qarabağla bağlı sərgiləmədiyi fərqli mövqeyinə göz ataq. Gürcüstan-NATO yaxınlaşması Rusiyanın nəzərində Gürcüstanı “cəzalandırılmalı olanlar” kateqoriyasına sürüklədi. Gürcüstanın hərbi doktrinasına görə, bu ölkənin əsas məqsədi Şimali Atlantika Alyansına qoşulmaq olduğu halda, Rusiya Federasiyanın hərbi doktrinasında qeyd olunub ki, Rusiya Federasiyası sərhədləri yaxınlığında, həmçinin post-sovet məkanında xarici hərbi qüvvələrin mövcudluğu təhlükə kimi qiymətləndirilir. Gürcüstan-Rusiya toqquşmalarının əsasında duran bu ziddiyyətlər tədricən Gürcüstan anklavlarının tanınmasına gətirib çıxardı ki, biz bunu Qarabağla bağlı müşahidə etmədik.
Azərbaycan heç bir zaman NATO ilə mümkün tərəfdaşlıq imkanlarından birmənalı olaraq imtina etməmiş, eyni zamanda, Rusiya ilə olduqca fəal siyasi münasibətlər qurub. Gürcüstandan fərqli olaraq, Azərbaycan heç zaman Rusiya hökumətini qıcıqlandıracaq heç bir riskli addım atmadı. Bununla belə, Gürcüstan anklavlarını tanımaqla Rusiya Azərbaycana ona tabe olunmadığı təqdirdə gözlənilən aqibət barəsində gizli bir mesaj ötürmüş oldu ki, indi də həmin təhdidi hər an hiss etməkdəyik.
Digər tərəfdən isə Qarabağ probleminin dondurulmuş halda saxlanması Rusiyaya Qafqaza nəzarət baxımdan vacib olsa da bu, kremlə müəyyən maneələr də törədir. Gəlin xatırlayaq: Uzaq olmayan keçmişdə SSRİ İran ərazisində sənaye texnologiyalarının və layihələrin əsas investorlarından biri idi və Rusiya hazırda cənubda öz ənənəvi yerini tapmağa çalışır. Bu mənada İran bazarına, eləcə də İraq, Suriya, Pakistan, Hindistan bazarlarına çıxış Kremlin Avrasiya siyasətinin mühüm hissəsinə çevrilir. RF xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində İran istiqamətində avtomobil, dəmir yolu və dəniz əlaqəsinin inkişafını ehtiva edən Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsini mühüm adlandırıb. Və burada ən yaxın prioritet İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi, habelə, onun sözlərinə görə, yekun mərhələdə olan Xəzərin statusu probleminin həllidir. Kremlin Cənubda uzunmüddətli niyyətlərinin reallığa çevrilməyə başladığı bir şəraitdə Ön Asiyadakı münaqişələr, o cümlədən Qarabağ münaqişəsi onların həyata keçirilməsi üçün maneəyə çevrilir və sürətləndirilmiş həllini tələb edir. Məhz buna görə Avrasiyada sabitlikdə maraqlı olan beynəlxalq oyunçular tərəfindən Azərbaycanın üç günlük kiçik qalibiyyətli müharibəsinin qarşısı alınmayıb. Bundan başqa, Rusiya baş nazirin müavini Dmitri Roqozinin vasitəsilə Azərbaycana silah ixracının davam etdirildiyini bildirib. Amma məsələ təkcə Ermənistandan fərqli olaraq, ödəmək qabiliyyəti olan tərəfdaş olan Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsində deyil, Azərbaycanın mühüm tranzit dəhlizi, Leninin sözləri ilə desək, Şərq Qapısı olmasındadır.
Bu baxımdan NATO-Rusiya ziddiyyətləri, həmin ziddiyyətlərin Qarabağ probleminin həllinə mümkün təsirləri haqda birmənalı fikir irəli sürmək xeyli çətindir. Indiki durum Qərb – Rusiya ziddiyyətlərinin Qarabağ probleminin həllinə maneə olmayacağı ehtimalının yaşamasını təmin edir. Bununla belə, situasiya o qədər kövrək və dəyişkənliyə meyllidir ki, qəti proqnozlar verməyi çətinləşdirir.
Orxan
24saat.org

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

“Müharibə mütləq olacaq – Özü də lap yaxın günlərdə”

%d bloqqer bunu bəyənir: