Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanda yüz minlərlə avtomobil sığortasızdır

Ərşad Hüseynov: «Sığortası olmayan avtomobillərin bir hissəsi məsuliyyətsiz sürücülərə və dövlət qurumlarına aiddir»
 

 
Natiq Cəfərli: «Monopoliya bu sahədə də rəqabətli mühitə ciddi ziyan vurur»
Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin təxminən 62 faizi icbari qaydada sığortalanır. Bu barədə Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2016) çərçivəsində təşkil olunmuş “Avtomobil sığortası” adlı seminarda İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkədə rəsmən 1 291 008 avtomobil olsa da, bunun 797 426-nın sahibi mülki məsuliyyətini sığortalayır: “Təəssüf ki, son 20-30 ildə bizdə utilizasiya proqramı olmayıb. Buna görə də sığortalı nəqliyyat vasitələri arasında istifadə olunanların sayını dəqiq müəyyən edə bilmirik. Lakin təxmini hesablamalar bu rəqəmin 493 582 olduğunu göstərir”.
Mülki məsuliyyətin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:
Mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri: minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri; yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri; mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri; motosikletlər və motorollerlər; traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri, trolleybuslar və tramvaylar.
İcbari sığorta müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğləri isə 50- 300 manat arasındadır.
Üçüncü şəxsə dəyə bilən zərərə görə icbari sığorta üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:
Fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 (əlli min) manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 (beş min) manat; üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 (beş min) manat.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, bir neçə il əvvəl büronun açıqlamasında 68 faiz avtomobillərin icbari sığortasının olduğu qeyd olunmuşdu: “Əgər avtomobil sahibi mülki məsuliyyətini sığortalamırsa, bu o deməkdir ki, sabah qəza baş verdikdə dəyən zərəri özü ödəməli olacaq. Bu da elə bir ana təsadüf edə bilər ki, şəxsin maddi imkanı olmaz. O zaman vətəndaşlar arasında çəkişmələr yaranır. Bu da öz növbəsində vaxt itkisinə, vətəndaşların əsəblərinin gərilməsinə gətirib çıxarır. İcbari sığorta ilə sən məsuliyyətini sığortalayırsan və başqasına ziyan vurduqda onu sığorta şirkəti ödəyir. Bazarda ümumi dövriyyəni araşdırdıqda 38 faizi kimlər təşkil edir? Onların çoxu köhnə avtomobillərdir. Özləri də bilirlər ki, maşınları yararsızdır. Bəziləri hətta statistik qeydiyyatda qalsa da, faktiki istifadə edilməyən avtomobillərdir. Bu daha çox rayon yerlərindədir. Ancaq Bakının özündə də var. Avtomobil kənarda çürüyür, ancaq sənədləri var. Qeydiyyat məlumatlarında da gedir ki, guya bu avtomobil var. Məsələn, 38 faizin üçdə biri belə avtomobillərdir”.
Ə.Hüseynovun sözlərinə görə, sığortası olmayan avtomobillərin bir hissəsi məsuliyyətsiz sürücülərə və müəyyən dövlət qurumlarına aiddir: “İcbari sığorta hər kəs üçün əlçatandır. Minimum 50 manat, maksimum isə 300 manatdır. O da iritutumlu avtobusu olan hüquqi şəxslər üçün 300 manat ola bilər. Bir də bonus malus sistemi var. Ancaq hələlik bu mexanizm işləmir. Bu elə sistemdir ki, icbari sığorta haqqı intizamsız sürücü üçün 3 dəfə arta bilər. Məsələn, 300 manat 900 manat, normalda olan 100 manat isə 300 manat ola bilər. Yaxud həmin məbləğ 45 faizə qədər aşağı düşə bilər. Bunun üçün isə uzunmüddət tələb olunur. Sürücü tutaq ki, 5-6 il  arxa arxaya heç bir qəza törətmədən avtomobilini idarə edibsə, onun sığortası 50 faizə qədər azala bilər. Əvvəl 50 manat idisə, 25 manat ola bilər. O sistem hələ ki tam işləmir. Sığorta avtomobilin növündən asılıdır. Minik avtomobili, yük avtomobili və avtobuslar üçün o ödəniş tarifləri fərqlidir. Həm də əsasən mühərrikin iş həcmindən asılıdır. Avtobuslarda, yük avtomobillərində sərnişin götürmə və yük götürmədən asılıdır. Minik avtomobillərində isə mühərrikin iş həcmindən asılıdır”.
Ə.Hüseynov hesab edir ki, şəxsin orta vəziyyətdə olan minik avtomobili varsa, onun icbari sığorta ödənişi təxminən 100 manat civarında olur: “İcbari sığorta qaçılmaz sığorta növüdür. Demək olar ki, dünyanın hər yerində var. Hətta beynəlxalq aləmdə yaşıl kart sistemi deyilən beynəlxalq sığorta sistemi var. 60-a yaxın dövlət də onun üzvüdür. Hətta onun elə bir növü var ki, avtomobili Azərbaycanda sığorta elətdirdikdə yaşıl kart sisteminin keçərli olduğu ölkələrdə yenə də avtomobili sığortalanmış olur”.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bir çox sahələrdə olan problemlərin kökündə duran məsələ rəqabətsiz mühitdir: “Bu da özünü biruzə verir. Məsələn, digər ölkələrin təcrübələrinə baxdıqda görürük ki, hər hansı bir şirkət daha çox müştəri cəlb etməkdən ötrü müxtəlif paketlər təklif edir. Bu paketlər müştərilərin cəlbediciliyini artırmaq üçün istifadə olunur. Təkliflər bir-birindən kəskin şəkildə fərqlənir. Ancaq Azərbaycanda standart sığorta paketləri var. Sanki bir şirkətə müraciət etdikdə bütün şirkətlərdən nə cavab alacaqdınızsa həmin cavabı bir şirkətdən alırsınız. Yəni bir neçə şirkət bu işlə məşğuldur, ancaq aşağı-yuxarı hamısı eyni xidməti təklif edir. Heç bir özəllik, heç bir üstünlük yoxdur. Bu da rəqabətsiz mühitin nəticəsidir. Ona görə də belə bir şərait yaranıb. Məsələn, Gürcüstan və ya Türkiyə təcrübəsini öyrənsək görərik ki, tamam fərqli sığorta paketləri tətbiq olunur”.
N.Cəfərli deyir ki, hətta Rusiyada belə 100-dən çox sığorta şirkətinin təklif etdiyi sığorta paketləri var. Yəni qonşu ölkələrdə belə ciddi rəqabətli mühit var: “Azərbaycanda bütün sahələrdə inhisar olduğu üçün, burda təxminən buna bənzər situasiya yaranıb. Sığorta bazarında böyük paya sahib olan şirkətlər eyni mərkəzə bağlı olan şirkətlərdir. Onların bir mərkəzə bağlı olması sığorta bazarındakı rəqabətli mühiti xeyli dərəcədə zədələyir. Ona görə də Azərbaycanda digər ölkələrə nisbətən həm sığorta paketlərinin özü kasaddır, həm də bir-birinə həddindən artıq çox bənzəyirlər. Müştəri üçün də hansı sığorta şirkətini seçməyin heç bir fərqi olmur. Müştərinin müqavilə bağlamasının səbəbi isə avtomobilini gələcəkdə hər hansı bir vəziyyətlə qarşı-qarşıya qaldıqda çəkiləcək xərclər deyil, qanunvericilikdə nəzərdə tutulmuş cərimədir. Müştəri həm də ona görə sığorta elətdirir ki, gələcəkdə yol polisi tərəfindən saxlanılarkən cərimə olunmasın. Yəni düşünülmüş şəkildə sığortaya yönəlmiş sürücülərin sayı çox azdır. Bu da sığorta şirkətlərinin özünü yaxşı tanıtmamasından irəli gəlir”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Adrenalin sevən turist Azərbaycanı niyə seçsin?

%d bloqqer bunu bəyənir: