Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
paltar

Azərbaycanda yeni bahalaşma gözlənilir

Türk lirəsinin dollar qarşısında dəyər itirməsi fonunda, Türkiyə bazarında məhsul qıtlığı yaşanır. Bu prosesin Azərbaycan bazarından da yan keçməyəcəyi proqnozlaşdırılır

“Türkiyədə lirənin dəyərdən düşməsinin həm daxili problemlərdən irəli gələn səbəbləri mövcuddur, həm də beynəlxalq birjalarda gedən proseslərlə əlaqəsi var. Dünyada son zamanlar, əsasən də ABŞ-da seçkilərdən sonra dollar indeksinin sürətlə yüksəlməsi prosesinin şahidi olduq”.
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib. O bildirib ki, cəmi 20 gün bundan öncə 1.11 dollar 1 avroya bərabər idisə, bu gün artıq 1.06 dollar 1 avroya bərabərdir: “Yəni, kifayət qədər dolların möhkəmlənməsi prosesi gedib. Bu da bütün ölkələrin milli valyutalarına, o cümlədən türk lirəsinə təsir göstərib”. 
“İkinci məqam Türkiyənin daxili problemləri ilə bağlıdır. Təəssüf ki, son zamanlar Türkiyədə məhkəmələrin tərəfsizliyi ilə bağlı problemlərin yaşandığı artıq bir reallığa çevrilib. Biznes çevrələri, sərmayəçilər, maliyyə institutları, yatırım fondlarıTürkiyədən öz vəsaitlərini çıxarmasını bunun fonunda sürətləndiriblər. Təkcə bir həftə ərzində Türkiyə qiymətli kağızlar bazarından, təqribən 150 milyon dollara yaxın vəsait çıxarılıb”, — iqtisadçı vurğulayıb. N. Cəfərli bütün bu proseslərin dollara tələbatı artırdığını qeyd edib: “Tələbat artdıqca da lirənin dollar qarşısında ucuzlaşması prosesi baş verir. Lirənin ucuzlaşması Türkiyə daxilində ixracatçılara müəyyən dəstək olursa da, daxili bazarda alıcılıq qabiliyyətini zəiflədir. İxracatda qiymətlərin artımının tempini sürətləndirir”. Ekspert Türkiyənin Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu da xatırladıb: “Türkiyədən gələn məhsulların qiymətinin artması ehtimalı var. Çünki, lirə ilə satış həyata keçirilsə də, müəyyən itkilərini qarşılamaq üçün istehsalçılar qiymətlərin artırılmasına üstünlük verirlər. Azərbaycan manatının da dollar qarşısında son vaxtlar zəifləməsini nəzərə alsaq, bu baxımdan Türkiyədən gələn məhsulların Azərbaycan manatı ekvivalentində daxili bazarda satış qiymətlərində artım müşahidə olunacaq”. “Türkiyədən gələn məhsulların yaxın gələcəkdə qiymətinin artmasını müşahidə edəcəyik. Bunun da bir həddi var. Çünki, Azərbaycanda alıcılıq qabiliyyəti də xeyli dərəcədə zəifləyib. Qiymətlərin kəskin artması iş adamlarına da ciddi şəkildə sərf etməyəcək. Çünki, gətirdikləri məhsulların satışında problemlər yaşanacaq. Ona görə də bir müddət çalxalanmalar, qiymətdə ciddi fərqlər yaransa da, bir müddətdən sonra qiymətlərdə müəyyən stabillik yaşanacaq”.
Bununla belə, o düşünür ki, gələn ildən etibarən ticarət dövriyyəmizdə zəifləmə müşahidə olunacaq: “Alıcılıq qabiliyyəti aşağı düşdükcə, Azərbaycan manatı da zəiflədikcə, Türkiyədən gətirilən məhsulların həcmi azalacaq”.
İqtisadçı ekspert Rəşad Həsənov isə Sputnik-ə açıqlamasında deyib ki, lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal olunan məhsulların maya dəyərinin azalması deməkdir: “Hazırda Azərbaycan bu məsələdə daha avantajlı mövqeyə malikdir. O baxımdan ki, Türkiyədən Azərbaycana idxal kifayət qədər çoxdur. Xüsusilə, yüngül və yeyinti sənayesi məhsulları sahəsində. Bu məhsulların maya dəyərinin aşağı düşməsi, son nəticədə daha aşağı qiymətlərlə satışın təşkili nəticəsində əhalinin onsuz da zəifləmiş istehlak qabiliyyətində müəyyən dirçəlişə səbəb ola bilər”. “Türkiyə iqtisadiyyatı bu kimi dalğalara alışıb. Türkiyədə bu, ilk dəfə deyil baş verir. Türkiyə öz məhsullarını uzun müddətli dövrdə anbarlarda saxlamayacaq. Lirənin ucuzlaşması Türkiyənin ixrac imkanlarını genişləndirir. O cümlədən Türkiyədən Azərbaycana daxil olan məhsulların maya dəyərini aşağı salır. Digər bir məsələ odur ki, bu gün Türkiyədə biznes sahəsində, əmək bazarında sıravi işçi kimi fəaliyyət göstərən azərbaycanlılar çoxdur. Lirənin ucuzlaşması son nəticədə həmin insanların gəlirlərinə mənfi təsir göstərə bilər”, — mütəxəssis bildirib. Qeyd edək ki, qlobal bazarda yüksəlişə keçən dolların Türkiyədə də rekord qırması yeni il qabağı daha çox qazanmaq istəyən topdansatış mərkəzlərini hərəkətə keçirib. Məhsulları mövsüm başında məzənnə yüksəlişindən əvvəl alan, ancaq dollar və avrodakı rekord artışlardan sonra yığmağa başlayan firmalar, ilin əvvəlinə qədər bazara mal vermir. Məhsullar anbarda tutulub, yeni ildə 10-30 faiz qiymət artımı planlaşdırılır. İdxalatçılar məhsullarını anbarlarda saxlayır. Sektorun nəbzinin atdığı Doğubank, Perpa və Mecidiyeköy kimi nöqtələrdə ən sadə elektron məhsullar belə, yoxdur. Xaricdən idxal edilən ofis vəsaitləri (kompüter məhsulları və s) bazarda tapılmır. Doğubankda satılan telefon aksesuarları da rəflər yerinə anbarlarda saxlanılır. Məzənnə yüksəlişini fürsətə çevirmək istəyən iş adamları, əlindəki məhsulu saxlamağa üstünlük verirlər. Mağaza sahibləri deyirlər ki, dollar yüksəldikcə, vitrindəki məhsulun qiyməti də yüksəlir. İş adamları xarici valyuta daha da yüksələcək deyə bütün məhsulları bazardan çəkiblər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

OPEK-in görüşü ləğv edilib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: