Loading...
Loading...

«Azərbaycanda «kölgə iqtisadiyyatı» 80 faizə yaxındır»

Maliyyə naziri  Samir Şərifov 2017-ci ilin dövlət büdcəsində Neft Fondundan büdcəyə transferlərin həcminin 1,5 milyard manat azalacağını deyib və bu məbləğin yeri vergilərlə formalaşacağını bildirib. Nazir həmçinin maaş və pensiyaların artırılacağı barədə də danışıb. Bu məsələlə ətrafında Bizimyol.info saytının suallarını iqtisadçı ekspert Nazim Bəydəmirli  cavablandırır.

– Nazim müəllim, Azərbaycanda iqtisadi aktivliyin zəiflədiyi dövrdə büdcənin əsas yükünü Vergilər Nazirliyi daşıya biləcəkmi?
– Bir neçə il əvvəl, təqribən 2009-cu ildə ölkə başçısı fiskal siyasəti həyata keçirən qurumlar qarşısında tapşırıq qoymuşdu ki, büdcənin cari xərcləri vergilər və rüsumlar hesabına ödənilsin. Belə olan halda ötən ilin büdcəsini nəzərə alsaq, cari xərclərimizi qarşılamaq üçün Neft Fondundan ən azı 3 milyard manat götürülməlidir. Yəni bu o deməkdir ki, infrastrukturu inkişaf etdirməsək, investisiya layihələri həyata keçirməsək belə, vergilərin, gömrükdən daxilolmaların və özəlləşmənin hesabına hətta cari xərclərimizi ödəyə bilmirik. Buna görə də hökumətin 3 milyarddan artıq vəsaiti vergilər hesabına qarşılaması mənim üşün astronomik bir tapşırıq kimi görünür. Dediyiniz 1.5 milyardın da vergilər hesabına qarşılanması mümkün deyil.  Nəzərə alsaq ki, özəlləşmədən gəlirlər də büdcə kəsirinin ödənilməsinə yönəlir. Hökumətin əlində bu rıçaq da var. Əvvəlki illərin təcrübəsinə baxdıqda görürük ki, bu da mümkün sayılmır. Ümumilikdə, bu məsələyə çox pessimist baxıram və iqtisadi islahatlar dərinləşmiş olsa belə, yaxın illərdə cari xərclərimizi vergi və rüsumlar hesabına ödəyə bilməyəcəyik.
– Ümumiyyətlə, Azərbaycan reallığında neft gəlirləri olmadan büdcəni doldurmaq mümkündürmü? 
 
– Təbii ki, mümkünlüyü var, ancaq bunun üçün dərin islahatlar lazımdır. Bir misal çəkim ki, 7-8 il əvvəl Gürcüstan dotasiyalar hesabına dolanırdı və büdcədə çox böyük kəsirlər var idi. Ancaq son 3 ilə baxsaq , büdcə gəlirlərinin 93-94 faizi vergilərin hesabına formalaşır. Bu, nəyin hesabınadır, tarixinə bir nəzər salaq. Əsas vergidən yayınma halları fiziki şəxslərin əməkhaqqından tutulan gəlir vergiləri, həmçinin sosial müdafiə fonduna əməkhaqlarından toplanana 25 faiz sığorta haqlarıdır. Fiziki şəxslərin gəlir vergisi və əmək haqqından tutulan sosial sığorta haqqı ümumi olaraq 39 faiz  edir. Gürcüstanda bu belə idi. Bir neçə il əvvəl onlar sosial müdafiə fondunu ləğv edərək, gəlir vergisi və sosial sığorta haqqını biləşdirərək, ümumilikdə 20 faiz sosial vergi anlayışı gətirdilər. Heç bir ciddi vergidənyayınma halı yoxdur və fiziki şəxslərdən tutulan sosial vergi 100 faiz toplanır. Bizdə isə rəsmi olaraq 250 manat maaş verilir, qalanı isə “paket” şəklində ödənilir. Bu, dövlət qurumlarında da, özəl şirkətlərdə də belədir. Vegidən yayınmanın kökündə duran səbəb budur. Bu, təkcə bir sahədə aparılan vergi islahatıdır. Bizdə statistikaya uyğun olaraq ölkə üzrə 4.8 milyon iqtisadi fəal insan, yəni işçi var.  Bunlardan cəmi 1.5 milyon insanın müzdlu əmək müqavilələri mövcuddur. Eyni zamanda ümumilikdə 2.3 milyon insan sosial sığorta qeydiyyatındadır. 5 faiz işsizliyi çıxsaq, 2 milyondan artıq vətəndaşımız hardasa çalışır, ancaq vergi ödəmir. Bu o deməkdir ki, Azərbaycanda “kölgə iqtisadiyyatı” çox yüksəkdir. “Kölgə iqtisadiyyatı”nda olanlar isə adətən kiçik şirkətlər deyil, iri infrastruktur layihələrinə cəlb edilmiş böyük holdinqlərdir. Təsəvvür edin, elə layihələr var ki, 100 milyon manatlarla dəyəri var, amma cəmi 2-3 nəfərdən ibarət olan bir şirkət həyata keçirir. Bu, necə baş verir, bunlar araşdırılmalı, hamı vergi qanunvericiliyi qarşısında eyni məsuliyyəti daşımalıdır. Bizdə bunun belə olmamasının başlıca səbəbi məmur sahibkarlığıdır. Yəni bu cür şirkətlərin arxasında böyük vəzifə sahibləri, əllərində dövlət resurslar cəmləmiş şəxslər dururlar. Adətən vergidən yayınan daha çox belə şirkətlər olur. Həmin şirkətlərin leqal vergiyə cəlb olunması baş verməlidir.  Pessimist proqnozlara görə “kölgə iqtisadiyyatı” Azərbaycanda 80 faizə yaxındır.  Bunu aradan qaldırmaq lazımdır. Amma bunu təkcə dekloratif formada elan etməklə aradan qaldırmaq mümkün deyil. Nazirlər Kabineti başda olmaqla ciddi struktur islahatları aparılmalıdır.
– Maliyyə naziri maaş və pensiyaların artırılacağını anons edib, hökumətin imkanı hansı məbləğə çata bilər? 
– Samir Şərifovun verdiyi açıqlamadan belə başa düşdüm ki, əməkhaqlarının artırılması üçün Maliyyə Nazirliyinin maliyyə mənbəyi yoxdur. Yəni xərclər hissəsində nəzərə alınmayıb və bunun üçün hökunmət resurs axtarmalıdır mesajını verir. Nazirin açıqlamasındakı “maliyyə təminatının yaradılması lazımdır” ifadələri o anlama gəlir ki, hökumət pensya və əməkhaqlarını artırmaq istəyirsə, mənbə axtarışına çıxmalıdır. Mənbə isə qeyd edilən kimi, Neft Fondu deyilsə, iqtisadi fəaliyyət olmalıdır. İqtisadi fəaliyyət isə vergilər, gömrük rüsumları, dövlət qurumlarının büdcədənkənar fondlara yığıdığı vəsaitlər, özəlləşmədən gələn və s. gəlirlərdir. Ancaq büdcədənkənar fondlara yığıdığı vəsaitlər həmin qurumların təmir və digər müxtəlif işlərinə sərf edilir. Adətən çox hissəsi  mənimsənilir. Bir sözlə, əgər Maliyyə Nazirliyinin maaş və pensiyaları artırmaq üşün vəsaiti yoxdursa, əhalinin vəziyyəti əvvəlki kimi qalacaq və hətta pisləşməyə doğru gedəcək. Həmçinin pensiyaların verilməsində gecikmələr ola bilər. Bir tərəfdən də iqtisadi daralma, manatın ucuzlaşması ehtimalı, manata qarşı davamlı təzyiqlər yaxşı heç nə vəd etmir.
– İndiki reallıqda gəlirlər nə qədər artırılmalıdır ki, həm əhalinin vəziyyəti normallaşsın, həm də hiperinfiliyasiya olmasın? 
 
– İnfiliyasiyasız iqtisadiyyat yoxdur. İnfilyasiyanın özü stimullaşdırıcı, sahibkarlığa sövq edən, missya cəlb edən amildir. Yəni idarəolunan infilyasiya normalıdır və iqtisadiyyata lazımdır. Hətta bəzi ölkələrdə süni infiliyasiya yaradılır ki, iqtisadi aktivlik aşağı düşməsin. Hansı rəqəmdə artırılmaya gəlincə, 2015-ci ildəki vəziyyətə gəlmək üçün maaş və pensiyalar azı iki dəfə artırılmalıdır. Amma bu real deyil və iki dəfə artımı gözləmək sadəlövlükdür. Manatın sabit saxlanmasına gəlincə, tədiyyə balansı, idxal, ixracla bağlı açıqlanan rəqəmlərə baxsaq, gələn vəsaitlərin o qədər də ciddi fərqi yoxdur. Yəni ölkəyə gələn vəsait hələ kifayət qədərdir ki, ölkədən çıxan valyutanı əvəzləşdirə bilsin. Fikrimcə, son hadisələr, manata olan təzyiq ancaq kapital axını ilə bağlıdır. Bu da iqtisadi proseslərə etibarsızlıqdan irəli gəlir. Manatın devalvasiyasından əvvəl dedikləri və sonradan olan nəticələr, eyni zamanda “MTN hadisələri” və Beynəlxalq Bankla bağlı olaylar, bu ətrafda həbslər, məmurların biznesinin bir çoxunun xaricə köçürülməsi, “kölgə iqtisadiyyatı” manata çox təsir etdi. Yəni ölkədən kapital axını baş verdi. Normal rəqabət olmayan, inhisarlaşmış mühitdən isə kapital axını həmişə olacaq. Heç kimi məcbur etmək olmaz ki, bu şəraitdə biznesini davam etdirsin. Azərbaycanın ən böyük potensialı onun çalışqan, ailəsini saxlamaq üçün hər bir əzab-əziyyətə qatlaşan insanlarıdır. Ona görə də hökumət inhisarlaşmanı aradan qaldırmalı, ucuz maliyyə resurslarına çıxışı asanlaşdırmalıdırlar, məmur kapitalizminə son qoymalı və qanunların işləməsi təmin edilməlidir. Əgər bir sahibkarın qurduğu iş məmur tərəfindən əlindən alınırsa, yaxud da məmurun məhkəmələrə təsiri varsa, hansı biznesdən söhbət gedə bilər? Əgər ANS kimi kanalı məmur bağladırsa, deməli, iş adamı rəqabətə dözüb öz xoşu ilə bazardan çıxmırsa, məmur məhkəmə yolu ilə onun sıradan çıxara bilir. Yəni ölkədə biznes dözümsüzlüyü var və nə xarici, nə də daxili sərmayəçi də bura pul qoymaq istəməz. Bunu məmurlar qulaqlarından sırğa kimi asmalıdırlar: özəl sektora mane olmaq lazım deyil, əksinə şərait yaradılmalıdır. Cənab prezidentin hər yerdə səsləndiridiyi bu fikirlər, məmurlardan tələbi sonadək yerinə yetirilsə, Azərbaycan sahibkarları normal vergi ödəməklə dövlət büdcəsinin gəlirlərini təmin edə bilərlər və gəlirlər hesabına da xərclər qarşılanar.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Suala cavab verdi, dollar bahalaşdı

%d bloqqer bunu bəyənir: