Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanda həbs olunan iranlı: “Gömrük əməkdaşı…”

Azərbaycanda narkotik alverində ittiham olunan İran İslam respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Akbarı Ghaleh Joughı Meısam Feızollahın (Əkbəri Meysəm Feyzullah oğlu) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Akbarı Ghaleh Joughı Meısam 10 avqust 2015-ci il tarixdə İran İslam Respublikasının Kərəc şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan 0,641 qram tiryək, 2,40 qram həşiş qətranı və 0,330 qram metafetamin psixotrop maddəsini əldə edib.
O, tiryək narkotik vasitəsini 1 bükümdə qablaşdırıb və geyindiyi köynəyin qabaq üst cibində gizlədib. Digər narkotik vasitələri isə ayağına geyindiyi idman ayaqqabılarının sol tayının yapışqanlı bağının altında yerləşdirib.
Akbarı Ghaleh Joughı Meısam həmin narkotik vasitələri avqustun 12-də, saat 11 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirib.
O, Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib.

“Azərbaycanı görmək qərarına gəldim”

Astara rayon Məhkəməsinin hökmü ilə Akbarı Ghaleh Joughı Meısam 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalaraq apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Akbarı Ghaleh Joughı Meısam elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, İran İslam Respublikasının vətəndaşı olmaqla, İranın Kərəc şəhərində yaşayıb: “Ailəliyəm, bir azyaşlı uşağım var. Həyat yoldaşım onkoloji xəstədir. Qoca atam və anam da himayəmdə yaşayırlar. Azərbaycanı görmək və ora ilə tanış olmaq üçün ailəm ilə birlikdə dörd gün Azərbaycana gəlmək qərarına gəldik. Bu səbəbdən də Bakı şəhərində yerləşən “Gəncəli” oteldə yer sifariş etdim”.

“On beş ildir narkotik vasitələrdən istifadə edirəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 11 avqust 2015-ci il tarixdə ailəsi ilə birlikdə Rəşt şəhərində qohumlarının evində qalıblar: “Avqustun 12-də İran İslam Respublikasının Rəşt şəhərindən Astara şəhərinə gəldik. Həmin gün İranın Astara gömrüyündən Azərbaycanın Astara gömrüyünə daxil olduq. On beş ildir ki, narkotik vasitələrdən istifadə edirəm. Bu səbəbdən Azərbaycanda istifadə etmək məqsədilə evdən çıxarkən “Magna” markalı siqaret qutusunda 1 bükümdə həşiş qətranı, 1 bükümdə tiryək narkotik vasitəsini, sol ayaqqabımın içərisində 1 bükümdə həşiş qətranı və 1 bükümdə metamfetamin psixotrop maddəsini gizlətdim. Məqsədim həmin narkotik vasitələri Azərbaycanda olarkən istifadə etmək olub”.
Həbs olunan iranlı bildirib ki, avqustun 12-də, saat təxminən 11 radələrində ailəsi ilə birlikdə Astara Gömrük İdarəsinin Şərnişin şöbəsində olublar: “Pasport nəzarətindən keçdikdən sonra piyada keçid xətti ilə sərnişin yoxlama otağına daxil olduq və əl yüklərini yük yoxlama qurğusuna qoydular. Özüm də sərnişin keçid xəttində olan metal dedektorun altından keçdim. Orada adını bilmədiyim gömrük əməkdaşı mənə yaxınlaşdı və şifahi sorğu-sual apardı. O, üzərimdə və ya əl yüklərində narkotik vasitə, psixotrop maddə, qadağan olunmuş əşya olub-olmadığını, Azərbaycana nə məqsədlə gəldiyimi soruşdu. Sonra məni bir otağa apardı. Həyat yoldaşımın yanında üst-başımın axtarılacağını özümə sığışdırmadığı üçün dərhal köynəyimin cibində olan siqaretin içərisindəki 1 bükümdə həşiş qətranını və bir bükümdə tiryək narkotik vasitələrini könüllü surətdə təqdim etdim”.

“Qoyduğum bükülü yerə düşdü”

Akbarı Ghaleh Joughı Meısam bildirib ki, gömrük əməkdaşı yenidən ona üzərində qadağan olunmuş əşya olub-olmamasını soruşdu: “Sol ayaqqabımın yağışqanlı yerində olan 1 bükümdə həşiş qətranını və 1 bükümdə metamfetamini də könüllü olaraq gömrük əməkdaşına təqdim etdim. Lakin hər hansı bir sənədləşmə aparılmayıb, həmçinin bəyannamə doldurulmayıb. Bundan sonra gömrük əməkdaşı könüllü təqdim etdiyim narkotik vasitələri qaytararaq əvvəlki yerlərinə qoymağımı təklif etdi. Sonra otağa iki hal şahidi dəvət etdi. Hal şahidlərinin iştirakı ilə paltarlarımı soyunmağa başladım. Əvvəl etdiyim kimi köynəyimin cibindən “Magna” markalı siqaret qutusunu çıxararaq gömrük əməkdaşına təqdim etdim. Sonra ayaqqabımın yapışqanlı hissəsini açmağa başladım. Bu zaman yenicə ora qoyduğum bükülü yerə düşdü. Həmin bükülünü yerdən götürərək gömrük əməkdaşına təqdim etdim. Sonra digər paltarlarımı çıxartdım. Alt paltarımın altından narkotik vasitənin istifadəsi üçün nəzərdə tutulmuş kolba istisna olmaqla hər hansı bir qadağan olunmuş əşya aşkar olunmadı. Şəxsi yoxlama aparılarkən otaqda İlyas adlı gömrük əməkdaşından və iki hal şahidindən başqa heç kim, o cümlədən tərcüməçi olmayıb. Tərcüməçi mənə yalnız izahatım alınarkən təqdim olunub. Şəxsi yoxlama bitəndən sonra mənə bir neçə sənədə, o cümlədən bəyannaməyə imza etdiriblər. Latın qrafikasını bilmədiyim üçün həmin sənədlərdə nə yazıldığından məlumatım olmayıb. Həmçinin həmin sənədlərin məzmunu mənə tərcümə olunmayıb”.

Bəraət hökmü

Daha sonra İran vətəndaşının vəkili Telman Qasımov apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib. O, bildirib ki, apelyasiya şikayətinin təmin olunması üçün əsaslar var. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Dövlət ittihamçısı Elnar Hüseynov apelyasiya şikayətinə etiraz edib. O, müdafiə tərəfinin verdiyi apelyasiya şikayətinin təmin olunmamasını istəyib.
Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Akbarı Ghaleh Joughı Meısamın apelyasiya şikayəti təmin edilib və Astara rayon Məhkəməsinin hökmü ləğv edilib, yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən Akbarı Ghaleh Joughı Meısamın ittiham olunduğu Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə ona bəraət verilib. Onun barəsində seçilmiş həbs qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Aydın Məmmədov

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Gəncədə avtomobil qadını vurdu

%d bloqqer bunu bəyənir: