Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanda arvadları tərəfindən döyülən kişilər də var

Kişilərin xanımlar tərəfindən döyülməsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Avropa və Qərb ölkələrində bu, adi hal hesab olunsa da, bizdə vəziyyət tam fərqlidir. Qulağa xoş səslənməsə də, Azərbaycanda arvadların kişiləri döyməsi haqda xəbərlərə ara-sıra rast gəlmək mümkündür.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi açıqlaması bu məsələni yenidən gündəmə gətirdi. Qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov mətbuata açıqlamasında bildirib ki, komitəyə və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinə 2015-ci ildə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 183 müaciət daxil olub.

Onun sözlərinə görə, müraciət edənlər arasında arvadları tərəfindən döyülən kişilər də var: “2014-cü ildə komitəyə bu səbəbdən 126 nəfər müraciət edib. Müraciətlərin 98 faizini qadınlar edir. Şikayətlərin çox az faizi, yəni 2 faizə qədəri kişilərdən daxil olub. Kişilərin müraciəti əsasən xəyanət kimi səbəblərə görədir. Uşaq və Ailələrə Dəstək mərkəzlərinə kişilər tərəfindən döyülmə faktı ilə bağlı da müraciətlər daxil olub. Kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır”.

Kişilər xanımlar tərəfindən niyə döyülürlər? Onları aciz edən səbəb nədir?

Psixoloq Elnur Rüstəmov azvision.az -a deyib ki, Azərbaycanda kişinin qadın tərəfindən döyülməsi faktı istisna haldır. Psixoloq hesab edir ki, xanımların kişiləri döyməsi bir sıra amillərlə bağlıdır.

“Şiddət, fiziki zorakılıq ümumən zorakılıq adı altında gedir. Söhbət təkcə şiddətlə bitmir, hüquqi, psixoloji, iqtisadi zorakılıqlar da mövcuddur. Azərbaycan cəmiyyətində qadın tərəfindən kişiyə göstərilən psixoloji zorakılıq konkret müşahidə olunur. Kişi işdən evə gəlir, görür ki, yemək hazır deyil və ya kişiyə qadınlar tərəfindən müəyyən təzyiqlər göstərilir, diqqət ayrılmır və yaxud biganə münasibət bəslənilir. Bu formada kişilərə qarşı zorakılıqlar Azərbaycan cəmiyyətində geniş rast gəlinir. Amma konkret fiziki zorakılıq, şiddətin göstərilməsi Azərbaycan ailəsində çox az rast gəlinən haldır və təqdir edilmir”.

E.Rüstəmov hesab edir ki, kişinin qadın tərəfindən döyülməsi faktı Azərbaycanın ailə modelinə mənfi təsir göstərir: “Düşünürəm ki, bununla bağlı ailələr maariflənməlidir. Çünki biz istədik, istəmədik ailənin yükü kişinin üstündədir. Söhbət ailəni qorumaqdan gedir. Evdə arvad kişidən daha çox pul qazana bilər, amma ailəni qorumaq vəzifəsi kişilərin üzərinə düşür”.

Psixoloq qeyd edib ki, arvadlar tərəfindən döyülən kişilərin bəziləri zərəri vərdişlərə aludə olurlar: “Digər tərəfdən psixoloji travma alan insanlar, öz güvəni az olan insanlar da qadınlar tərəfindən döyülür. Gələcəyə yönəlik danışsaq, bu, Azərbaycanın ailə institutuna böyük zərbədir. Bu hallar təqdir olunacaqsa, eyni vəziyyət davam edə və gələcəkdə bizim ailə modeli dağıla bilər. Ən azından qadın kişiyə əl qaldırmasa belə onlar arasında disbalans yarana bilər. Bununla da ailə dəyərlərimiz itəcək və nəticədə biz bunlardan əziyyət çəkəcəyik”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova vurğulayıb ki, arvadın kişini döyməsi elə də geniş yayılmış tendensiya deyil. Buna baxmayaraq belə hallara rast gəlinir: “Bu yaxınlarda Qusarda polislər arasında təlimdə iştirak edirdim. Polislər bildirirlər ki, tüfeyli, alkoqol asılılığı olan ailələrdə kişilərin işgəncəyə məruz qalması kimi faktlar müşahidə edilir. Bu, əsasən, etnik qruplarda daha çox özünü büruzə verir. Amma kişilərin döyülmələri Azərbaycan cəmiyyətində geniş yayılmayıb. Məlumdur ki, Azərbaycanda mental olaraq qız uşaqlarını kiçik yaşlardan kişilərə hörmət hissi ilə tərbiyə edirlər”.

M.Zeynalovanin sözlərinə görə, fiziki cəhətdən ən zəif kişinin belə döyülməsi Azərbaycanda nadir hadisə hesab olunur: “Rus ailələrində qadının kişini döyməsi normal hal hesab olunur. İnsanlar o qədər də sərt reaksiya vermirlər. Bizdə isə vəziyyət tam fərqlidir. Azərbaycan cəmiyyətinin kişinin arvadı döyməsi faktı daha geniş vüsət alıb.

Hesab edirəm ki, içki asılılığında olan, öz davranışı ilə problem yaradan kişilərin qadınlar tərəfindən döyülməsi mümkündür. Komitə tərəfindən açıqlanan rəqəm onu göstərir ki, bu, Azərbaycanda geniş yayılmış tendensiya deyil. Belə hadisələr həmişə olub, sadəcə olaraq bu günə qədər mətbuatda işıqlandırılmayıb”.

M.Zeynalova vurğulayıb ki, qadınlar tərəfindən kişilərə qarşı psixoloji zorakılıq halı geniş vüsət alıb: “Psixoloji zorakılığın mövcudluğundan danışa bilərik ki, qadınlar kifayət qədər deyinirlər, kişilərə iqtisadi baxımdan təzyiq edirlər, analar oğlanlarına təsir edirlər. Azərbaycanda qadınların kişilər üzərində psixoloji zorakılıqları müşahidə edilir. Amma qadınların kişiləri döyməsi faktı o qədər də çox deyil və bunun yaxın zamanda yayılması da real görünmür”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Avtomobil kondisionerini niyə dərhal qoşmazlar?

%d bloqqer bunu bəyənir: